Xırdalan şəhərində fəaliyyət göstərən "Ocaqbaşı" restoranında oğurluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, restoranın kassasından 1332 manat pul oğurlanıb.
Restoranın sahibi hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Əməliyyat axtarış tədbirləri nəticəsində hadisə törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və saxlanılıb. Məlum olub ki, hadisəni törədən Samir və Vidadi adlı şəxslərdir.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (Oğruluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ittiham elan edilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Samir və Vidadi məhkəmədə verilmiş ittiham üzrə özlərini təqsirli bilib. Samirin verdiyi ifadədən məlum olub ki, oğruluq etməyi Vidadiyə o, təklif edib. Onlar restoranın arxasına keçərək plastik pəncərəni "otverka” ilə açıblar. Samir gedib-gələnlərə nəzarət etmək üçün çöldə dayanıb. Vidadi isə restorana daxil olub. Onlar kassadan cəmi 635 manat oğurladıqlarını deyiblər.
Məhkəmənin hökmü ilə Samirə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmlə Samirin üzərində olan 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılıb və ona qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Digər təqsirləndirilən şəxsə isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Ocaqbaşı restoranı Xırdalan şəhərində inşa edilən "AAAF Park” yaşayış kompleksində yerləşir.
Seyid
Şərhlər