Xəbər lenti

Özlərini kral ailəsinin üzvü kimi təqdim edən qardaşlar 21 milyon dollar dələduzluq etdi
Dünya 17:50 07.05.2026

Özlərini kral ailəsinin üzvü kimi təqdim edən qardaşlar 21 milyon dollar dələduzluq etdi

ABŞ-da iki qardaş özlərini Yaxın Şərqdən olan varlı iş adamları kimi təqdim edərək insanları 21 milyon dollardan çox məbləğdə aldatdıqları üçün həbs cəzası alıblar. 

Qaynarinfo xəbər berir ki, bu barədə "Metro” nəşri məlumat yayıb.

Ohayo ştatından olan Zübeyr və Müzəmmil adlı iki qardaş xüsusilə varlı şəxsləri hədəf alaraq, özlərini Yaxın Şərq kral ailələri ilə qohum kimi təqdim ediblər və bu yolla fırıldaqçılıq həyata keçiriblər.

42 yaşlı Zübeyr özünü Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi ilə evli kimi göstərib, Müzəmmil isə özünü uğurlu hedc-fond meneceri kimi təqdim edib. İstintaqın məlumatına görə, onun maliyyə sahəsində bilikləri əsasən seriallardan və "YouTube" videolarından ibarət olub.

Qardaşların lüks həyat tərzi sürdüyü, şəxsi təyyarələrlə Londona səfərlər etdiyi, "Rolls-Royce” markalı avtomobillərdən istifadə etdiyi və bahalı saatlar topladığı bildirilir. Onlar xüsusilə bir çinli investor qadını 17,8 milyon dollar məbləğində aldadaraq, guya sahibi olduqları boş sənaye kompleksində kriptobiznes quracaqlarını vəd ediblər.

Fırıldaqçılıqda Şərqi Klivlend meri aparatının rəhbəri Maykl Smedlinin də rol oynadığı müəyyən edilib. O, qardaşlardan rüşvət olaraq bahalı hədiyyələr, nağd pul, "wagyu” ətli məhsullar, siqarlar və gələcək iş vədləri alıb. Bunun qarşılığında onlara rəsmi titul, vizit kartları və blanklar təqdim edib. Zübeyr hətta şəhərin "beynəlxalq iqtisadi müşaviri” vəzifəsinə təyin olunub.

İki həftə davam edən məhkəmədən sonra qardaşlar rüşvət, dələduzluq və digər ağır ittihamlarla təqsirli biliniblər. Zübeyr 24 il, Müzəmmil isə 23 il həbs cəzasına məhkum edilib. Maykl Smedli isə 8 ildən çox azadlıqdan məhrum edilib. Üçü də hökmə qarşı apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Aydın
--> -->