Xəbər lenti

Özünü sosial şəbəkədə gördükləri həyatla müqayisə edənlər - Ailə dəyərləri necə məhv olur?
Ölkə 15:29 13.03.2026

Özünü sosial şəbəkədə gördükləri həyatla müqayisə edənlər - Ailə dəyərləri necə məhv olur?

(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;” mövzusu üzrə hazırlanıb.)

Son illərdə sosial şəbəkələrdə sevgililər və həyat yoldaşları tərəfindən alınan bahalı hədiyyələrin paylaşılması trendə çevrilib. Bu paylaşımlar isə bəzi insanların psixologiyasına təsir edir.

Bəzi gənc qızlar bu cür paylaşımları gördükdən sonra öz münasibətlərini başqalarının münasibətləri ilə müqayisə etməyə başlayır. Ailələrdə söz-söhbətə səbəb olur, bəzən bu kimi halların boşanmaya qədər getdiyi deyilir.
 
Bu paylaşımlar insan psixologiyasına necə təsir edir? Bu vəziyyəti necə izah etmək olar? Bu cür müqayisələr insanın özünə inamına və münasibətlərinə uzunmüddətli dövrdə necə təsir edə bilər?

Qaynarinfo-nun suallarını cavablandıran psixoloq Gülnar Orucova deyir ki, alınan hədiyyələri sosial şəbəkədə paylaşmaq artıq bir trendə çevrilib:

"Sosial şəbəkələrdə edilən bu paylaşımları isə bəzi insanlar görəndə xoş gəlir, bəzi insanlar isə məyus olur. Başqalarına alınan bahalı hədiyyələri görən bəzi insanlar özlərini sorğulamağa, müqayisə etməyə başlayır. Öz-özlərinə sual verirlər ki, biz yetəri qədər niyə dəyər görmürük? Mənə niyə bu hədiyyələr alınmır, mən bu hədiyyələrə layiq deyiləmmi?" 

Psixoloq deyir ki, bir xanımın özünə belə hədiyyələrin alınmasını istəməsi normaldır. Amma bu hala görə əhvalının pozulması, depresiyaya düşməsi isə normal deyil:

"Biz bu paylaşımları daha çox blogerlərdə görürük. Diqqət etsək görərik ki, heç kim sosial şəbəkədə pis günlərini paylaşmır. Sosial mediada nadirən bir insan çətin gününü, pis anını, yaşadığı stresi paylaşır. Tək-tük blogerlər belə paylaşımlar edir. Uzun müddət bu paylaşımları izləyən qadınlarda özgüvən əskikliyi, özünü dəyərləndirmədə problem yaranır. Onlar dəyərsizlik sindiromundan əziyyət çəkir. Yaşadığı münasibətində bu məsələlərə görə bir-birilərinə sevgi, hörmət, sayğı qalmır. Bir birindən uzaqlaşır, münasibət soyuyur”. 

Gülnar Orucova deyir ki, bu cür müqayisələr, bir münasibəti pul ilə ölçmək, maddi durumu aşağı olan insandan belə hədiyyələr gözləmək, onu buna məcbur etmək doğru deyil:

"Gənclərə məsləhət görərdim ki, hər şeyi sosial şəbəkə ilə müqayisə etməsinlər. Sosial şəbəkədə yalnız bir münasibətin yaxşı görünən tərəfi əks olunur. Həmin münasibətin görünməyən tərəfləri də var. Bir münasibət qurursunuzsa, həmin münasibətin əsasını sevgi, hörmət və qarşılıqlı anlaşma təşkil etməlidir. Əgər siz bir insanla anlaşa bilmirsinizsə, hər gün əsəb, stres, gərginlik yaşayırsınızsa, o sizə bahalı maşını da hədiyyə etsə, siz xoşbəxt olmayacaqsınız. Bütün hər şeyi real gözləntilər üzərindən danışmaq lazımdır. Özünüzə Allahdan hüzur və sağlamlıq arzulayın. İnsanın psixoloji cəhətdən özünü sağlam hiss etməsi maddiyatla bağlı deyil. Maddiyyata bağlı olsa, niyə kifayət qədər imkanlı insanların intihar etdiyini görürük. Amma onun imkanı var və "pul hər şeydir” deyilirsə, o niyə intihar edir? Unutmayın, həyatda hər şeyi pula bağlamaq olmaz. Qarşılıqlı səmiyyət içində olan bir münasibət dünyada hər şeydən önəmlidir". 
 
 

"Bir dəfə bir nəfər dedi ki, mən əsl ailə nümunəsini Amerika ailələrində görmüşəm. Mən isə ona cavab olaraq bildirdim ki, bəli, sən onu Azərbaycan ailəsidə görə bilməzsən, çünki bizdə qadın bir dəfə ailə qurur, əgər o ikinci dəfə ailə qurmaq istəsə, onu hər kəs qınayır, ailəsi imtina edir. Qadın papaq deyil ki, başdan başa qoyulsun məsəli gətirilir və s. Azərbaycan xalqı bu cür təftəlşüurla böyüyüb. Azərbaycan qadını bilsə ki, onu boşanmaya görə qınamayacaq, tənqid, təhqir etməyəcəklər, o axırda özünə xoşbəxt ola biləcəyi həyat yoldaşı tapacaq. Lakin bizdə belə qadınlar çox qınanılır. İnsanlar kimdənsə ayrılmaqdan qorxmasa, axırda özünə uyğun olanı tapacaq. Onlar bunu niyə etmir və ya etməkdə qorxur? Çünki cəmiyyət onları qınayır. Bu gün cəmiyyətdə başqa elə hadisələr var ki, onlar aşkarlansa, biz hamımız qınayarıq, amma gizlədilir deyə onları görmürük”, deyə psixoloq əlavə edib. 

Bu cür problemlərin göstərildiyi, aşkarlandığı televiziya ekranlarında gedən sosial verilişlərə də toxunan Gülnar Orucova qeyd edib ki, bu gün ekranlarda da məsləhət verənlər fərqli insanlardır:

"Məsələn, özləri ailə qurmayan, boşanan insanlar bu mövzuda gəlib məsləhət verir, yol göstərir. Lakin özü öz həyatını qura bilməyən insanların məsləhət verməsi, yol göstərməsi doğru deyil. Bu mövzuda danışdırılmalı olan insanlar cəmiyyətin sayılıb-seçilən insanları olmalıdır”.  
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
 


--> -->