Tovuz rayonu, Əlibəyli kəndində Koroğlu dağı adlanan dağın yamacında 15 min manatlıq heyvan oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü V.M. barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə açılan cinayət işinə məhkəmədə baxılıb.
V.M. dağın yamacında iki saat idman etdikdən sonra zərərçəkmiş S.D.-ya məxsus, ümumi dəyəri 15428 manat olan 12 baş dişi cinsli, bir illik iribuynuzlu heyvanı oğurlamaq niyyətinə gəlib. O, heyvanları qabağına qataraq əvvəldən tanıdığı yolla Qazax rayonu istiqamətinə aparıb. Səhərə yaxın Qazax rayonu ərazisində yerləşən çöllük sahəyə çatıb və heyvanları həmin ərazidə saxlayıb.
Daha sonra Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən özünə məxsus evinə gedib. Hər gün ora gedərək heyvanlara nəzarət edib və onları təxminən bir həftə orada saxlayıb. Sonra isə heyvanları Qazax rayonu ərazisində yerləşən Uşaq Poliklinikasının həyətinə aparıb. Zərərçəkmişin şikayəti əsasında heyvanlar poliklinkanın həyətində tapılaraq sahibinə təhvil verilib.
Məlum olub ki, təqsirləndirilən şəxs oğurluğa görə 2018-ci ildə də 5 il 6 ay müddətinə məhkum edilib. O, zərərçəkmiş şəxsə məxsus heyvanların qiymətinin təxminən 15000 manat olduğunu bildiyini, onları satmaq və ya kəsmək fürsətinin olduğunu, lakin saxlamaq məqsədilə apardığını bildirib.
Məhkəmənin hökmü ilə V.M. 2 il 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Şərhlər