Xəbər lenti

Oğurluğa görə cəza sərtləşdirilir
Ölkə 12:27 13.06.2025

Oğurluğa görə cəza sərtləşdirilir

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəzanın müddəti artırılır.

Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu dəyişiklik sözügedən cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olacaq.

Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, oğurluq böyük ictimai təhlükə törətməyən cinayətlər sırasından çıxarıldığı üçün oğurluğa görə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılmayacaq.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->