Xəbər lenti

Partiyalar, demokratiya və bir də Dağlıq Qarabağ...
Hüseynbala Səlimov
Siyasət 13:02 18.09.2023

Partiyalar, demokratiya və bir də Dağlıq Qarabağ...

Siyasi partiyaların təkrar qeydiyyatı, demək olar, başa çatıb. Ardınca nə gələcək – bunu demək çətindir. Aydındır ki, yeni hüquqi reallıqlar yaranıbsa, hamı, o cümlədən də siyasi partiyalar buna uyğunlaşmalıdır. 

Amma bu, formal hüquqi prosedur olmamalıdır, çünki yeni hüquqi reallıqlar da özündə yeni ciddi dəyişiklikləri ehtiva etməlidir. 
Əvvəlcə onu deyək ki, təkrar qeydiyyat belə siyasi partiyalar müstəvisində ciddi inteqrativ proseslərə təkan vermədi – qeydiyyatdan keçməyən oldu, amma birləşən demək olar ki, olmadı. Üstəlik, "Qeydiyyat ona görədir ki, bir-iki para müxalifət partiyası bağlansın” deyənlərin də proqnozları doğrulmadı, əsas partiyaların, demək olar ki, hamısı qeyddiyyatdan keçdi...

İndi qalıb gələcək perspektivləri müəyyən etmək. Bu isə elə də asan deyil, hətta çətindən də çətindir. Siyasi partiyalar yaranandan ölkədə onların siyasi baxımdan yetişməsi, inkişafı üçün elə bir şərait olmadı. Odur ki, siyasi paratiaylara görəsə nəyəsə çağırmağa adamın dili belə gəlmir – onlar hamısı toplansa belə bir hökumət təşkil edə bilməzlər...

Amma qeydiyyat başlayanda proporsional seçki haqqında söhbətlər gəzirdi. Bu konteksdə nəsə olacaqmı? Demək çətindir. Biz heç vaxt proporsional və ya majoritar sistemə çağırmamışıq, çünki bunun elə də əhəmiyyəti yoxdur, əsas odur ki, düzgün və ədalətli seçki keçirilsin. 
Hazırda isə gündəmdə ciddi bir məsələ var. Biz tədricən keçmiş Dağlıq Qarabağı da nəzarətə götürürük, addımbaaddım öz məqsədlərimizə doğru addımlayırıq. Keçmiş Dağlıq Qarabağın re-inteqrasiyasından söhbət gedirsə, bunun siyasi aspektlərini də həll etməliyik. Bu elə də asan məsələ deyil. Hökumətin hazırda bununla bağlı nə düşündüyü bizə məlum deyil. Amma nə vaxtsa bu problemi də həll etmək lazım gələcək. Çox güman ki, bir sıra siyasi islahatlar aparmaq lazım gələcək. Buna görə də proporsional sistemə keçid bizim üçün hələ tez olardı, ermənilərin siyasi cəhətdən təşkilatlanmasına imkan verə bilmərik. Daha yaxşı olardı ki, majoritar seçki sistemi qalsın.

Əlbəttə ki, indi bunlar bir növ fantastika kimi görünür. Amma üç il bundan əvvəl başqa şeylər də fantastika kimi görünürdü, onlar gercək oldu. Bu məsələ də belə olacaq. Əsas odur ki, biz indidən bunlar haqqında düşünək. Güman ki, keçmiş Dağlıq Qarabağa heç bir status–filan verilməyəcək. Ona görə də onların təşkilatlanması da heç kimə lazım deyil. Odur, bir daha deyirik ki, bizə elə gəlir, majoritar seçki sistemi qalsa, daha yaxşı olar.

Düzdür, adam hələ azərbaycanlılarla ermənilərin bir parlamentdə oturmasını təsəvvür edə bilmir. Amma bir daha deyirik ki, üç il əvvəl beləcə çox şeyləri təsəvvür edə bilmirdik. Kim inanardı ki, biz Şuşanı qaytara biləcəyik? Amma qaytardıq! Odur ki, digər məsələləri də həll edəcəyik və etməliyik.

Qayıdaq bizim siyasi partiyalara. Hazırda demokratik islahatların səviyyəsinə görə regionda çox da irəli yerdə deyilik. Bunu təəssüf hissilə qeyd edirik. Bu amil gələcəkdə bizim üçün problemə çevrilə bilər. Söz yox ki, hazırda keçmiş Dağlıq Qarabağ ermənilərinin istinad yeri olan Ermənistan da elə demokratik ölkə deyil. Bəlkə də bunun nəticəsidir ki, ermənilər hər şeydən dəm vururlar, amma ki, demokratiya yadlarına düşmür. Məsələ bundadır ki, onların keçmiş Dağlıq Qarabağda qurduğu rejim əsl xuntadır – bəli, cırtdan xunta. Aydın məsələdir ki, Azərbaycan keçmiş Dağlıq Qarabağı tamam qaytarsa, oranın sakinləri daha azad və sərbəst olacaqlar. Bizim indi dünya birliyi qarşısında bir öhdəliyimiz və vəzifəmiz var: onları inandırmalıyıq ki, həqiqətən də belə olacaq.

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->