Yuxunun keyfiyyəti ilə psixi sağlamlıq arasındakı mürəkkəb əlaqə elm dünyasında uzun müddətdir araşdırılan mövzudur. Lakin indiyədək aparılan tədqiqatlar yuxunu əsasən "yaxşı” və ya "pis” kimi iki kateqoriyada qiymətləndirirdi.
Qaynarinfo-nun məlumatına görə, yeni aparılmış genişmiqyaslı bir tədqiqat isə sübut edib ki, yuxu sadəcə müddət və ya nizamsızlıqla izah edilə bilməz – genetik, emosional və həyat tərzi amillərinin birləşməsindən formalaşan daha dərin bir prosesdir. Alimlər bu çərçivədə beş fərqli yuxu profilini müəyyən ediblər.
Araşdırma "PLOS Biology" jurnalında dərc olunub. Tədqiqatçılar qeyd ediblər ki, yuxusuzluğun depressiya, narahatlıq və ürək-damar xəstəlikləri riskini artırdığı bilinsə də, bu əlaqənin istiqaməti və səbəb-nəticə mexanizmi hələ tam aydın deyil. Məsələnin izahı üçün alimlər beynin sinir liflərini xəritələşdirən "Human Connectome Project” məlumat bazasından istifadə edərək süni intellekt vasitəsilə geniş analiz aparıblar.
Sidney şəhərindəki Vulkok Tibb Araşdırmaları İnstitutundan baş müəllif Aurore Perro bildirib ki, məqsəd həkimlərin xəstələrinə yalnız "Gecə neçə saat yatırsınız?” sualını verməklə kifayətlənməməsi, həm həyat tərzi, həm emosional vəziyyət, həm də yuxu xüsusiyyətlərini birlikdə dəyərləndirərək fərdi rifahın necə formalaşdığını anlamaqdır.
Alimlər 22–36 yaş aralığındakı 770 nəfər üzərində nəzarətsiz maşın öyrənməsi üsullarını tətbiq ediblər. Süni intellekt, əvvəlcədən müəyyən kateqoriyalar olmadan, həyat tərzi, beyin fəaliyyətləri və yuxu xüsusiyyətləri arasında statistik əlaqələri müəyyən edib.
Tədqiqat iştirakçılarından bir aylıq yuxu keyfiyyətlərini qiymətləndirmələri istənilib. Pittsburq Yuxu Keyfiyyəti İndeksində 5 və daha yüksək bal toplayan şəxslər üzərində aparılan analiz nəticəsində beş fərqli yuxu profili müəyyən edilib:
* Pis yatanlar: Yuxuya getməkdə və yuxunu davam etdirməkdə çətinlik çəkən, tez-tez narahatlıq, gərginlik və qəzəb kimi emosional pozuntular yaşayan, gündəlik fəaliyyətlərdə fokus və enerji itkisi müşahidə olunan şəxslər.
* Yuxuya davamlı olanlar: Yuxu problemi yaşamadığını bildirsələr də, diqqət dağınıqlığı və bilişsel (idrak) çətinliklər yaşayan, ümumi psixi gərginlik göstəriciləri olan şəxslər.
* Az yatanlar: Qısa müddət yatan, yaddaş və düşünmə qabiliyyətində zəifləmə müşahidə edilən, daha çox aqressivlik və daha az uyğunlaşma xüsusiyyətləri göstərən şəxslər.
* Yuxu dərmanı istifadəçiləri: Yuxusu əsasən reseptlə və ya reseptsiz satılan yuxu vasitələrinin (THC/CBD kimi maddələrin) təsiri altında formalaşan şəxslər.
* Rahat yatmayanlar: Alkoqol, siqaret və susuzluq kimi amillərdən təsirlənən, bu səbəbdən yuxusu tez-tez bölünən və bunun gündəlik sağlamlığına mənfi təsir etdiyini bildirən şəxslər.
Hər bir profil, bədən temperaturu, kabus sıxlığı və hormonal dəyişikliklər kimi fizioloji parametrlərlə əlaqəli spesifik "sinir imzası”na malikdir. Yale Yuxu Tibb Mərkəzi"nin direktoru Henri Yaqqi tədqiqatı yüksək qiymətləndirərək bildirib: "Bu, hamıya eyni şəkildə tətbiq edilə biləcək bir yanaşma deyil".
O, fərqli yuxu profillərinin psixi sağlamlıqla sıx əlaqəli olduğunu vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, bu beş profil gələcəkdə narahatlıq və depressiya kimi xəstəliklərin erkən xəbərdarlıq göstəriciləri kimi istifadə edilə bilər. Belə bir təsnifat, həkimlərə daha fərdiləşdirilmiş müalicə strategiyaları qurmaq imkanı verəcək – məsələn, bilişsel-davranış terapiyası ("CBT-I”) "az yatanlar” üçün "yuxu dərmanı istifadəçiləri”nə nisbətən daha effektiv ola bilər.
Aydın
Şərhlər