Xəbər lenti

Lənətlənmiş otel: Şimali Koreyanın dəbdəbəli simvolu 38 ildə niyə bir qonaq da qəbul etməyib?
Dünya 20:11 31.10.2025

Lənətlənmiş otel: Şimali Koreyanın dəbdəbəli simvolu 38 ildə niyə bir qonaq da qəbul etməyib?

Pxenyanın mərkəzində 300 metr hündürlüyə ucalan nəhəng piramida formalı Ryugyong Oteli bir vaxtlar "sosializmin memarlıq möcüzəsi” kimi təqdim olunurdu. Lakin tikintisinə başlanmasından 38 il keçsə də, bu bina hələ də qapılarını qonaqlara açmayıb və "Lənətlənmiş otel” ləqəbini qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wionews" yazıb.

Layihənin təməli 1987-ci ildə, Şimali Koreya Cənubi Koreyanı Seul Olimpiadası ərəfəsində geridə qoymaq istəyərkən qoyulub. Planlara görə, oteldə 3000 otaq, səkkizmərtəbəli restoran və hətta kazino fəaliyyət göstərəcəkdi. Lakin bina 1992-ci ildə planlaşdırılan hündürlüyə çatdıqdan sonra işlər dayandırılıb - ölkə sadəcə maliyyə resurslarını tükədib.

"Ryugyong-un tamamlanmamasının əsas səbəbi maliyyə çatışmazlığıdır. Pxenyan uzun illərdir iqtisadi çətinliklərlə üzləşir və əsas vəsaitlərini hərbi proqramlara yönəldir", deyə analitiklər qeyd edib.

Mütəxəssislərin hesablamalarına görə, binanın tam başa çatdırılması təxminən 2 milyard dollara, yəni Şimali Koreyanın ÜDM-nin 5 faizinə başa gələ bilər.

2012-ci ildə alman "Kempinski” otellər qrupu binanı qismən açmağı planlaşdırsa da, layihə bir neçə ay sonra uğursuzluğa düçar olub. O vaxtdan bəri bu nəhəng şüşə-beton tikili boş vəziyyətdə qalır.

"Vestibyulda çoxlu çılpaq sement səthləri var idi, yuxarı qalxmaq üçün isə yalnız bir xidmətçi lifti işləyirdi və o da əl ilə idarə olunurdu", deyə CNN-ə danışan tur operatoru Saymon Kokerell bildirib.

Hazırda bina Şimali Koreya bayrağının rəngləri ilə işıqlandırılır və kütləvi tədbirlər zamanı təbliğat fonu kimi istifadə olunur. "Azad Asiya Radiosu"nun məlumatına görə, hakimiyyət hazırda oteldə kazino açmaq hüququnu ala biləcək xarici investor axtarır. Ryugyong isə artıq Pxenyanın əlçatmaz xəyallarının simvoluna çevrilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->