ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya–Ukrayna müharibəsinin mahiyyətini və detalları kifayət qədər dərk etməməsi Avropa rəsmilərini ciddi şəkildə təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”
yazır.
Nəşrin məlumatına görə, Brüsseldə rəsmilər Uitkoffun "Rusiya–Ukrayna müharibəsinin incəliklərini başa düşmədiyini” müşahidə ediblər. Avropalı yüksək vəzifəli məmurlardan biri bildirib ki, onun Moskva və Vaşinqton arasında etibarlı vasitəçi kimi çıxış etməyə nə dərəcədə qadir olduğuna əmin deyil. Bu səbəbdən Avropa liderləri Tramp ilə birbaşa təmaslara üstünlük verirlər.
Politico vurğulayır ki, Uitkoffun heç bir diplomatik təcrübəsi yoxdur.
"ABŞ-ın bir zamanlar güclü diplomatik mexanizminə arxalanmaq əvəzinə, Tramp öz dostunu – hüquqşünas və daşınmaz əmlak sahibkarını – Putinə danışıqlara göndərib və onu Yaxın Şərqdə də təmsil edir”, – deyə materialda qeyd olunur.
Bu fondda ABŞ diplomatik korpusunun sürətlə azalması diqqət çəkir:
• yalnız iyulda Dövlət Departamenti 1300-dən çox əməkdaşı işdən çıxarıb;
• 23 oktyabr tarixinə 195 səfirlik vəzifəsinin 85-i boş qalıb.
Təcrübəsinin olmamasına baxmayaraq, Uitkoff 2025-ci ildə artıq beş dəfə Rusiyaya səfər edib. Tramp özü oktyabrda etiraf etmişdi ki, nümayəndəsinin ilk Moskva səfəri zamanı o, Rusiya, Putin və siyasət barədə demək olar ki, heç nə bilmirdi.
Uitkoff ilə Putin arasındakı danışıqlar Ukraynanı da, Avropanı da, hətta Rusiyanın özünü də məyus edib. "Politico” avqustda yazırdı ki, problemlərdən biri onun iş üslubudur: o, mütəxəssislərlə məsləhətləşməkdən yayınır, bu isə bəzən onu qeyri-peşəkar vəziyyətdə qoyur.
Mənbələrin sözlərinə görə, Uitkoff Ukraynadakı müharibəyə daşınmaz əmlak prizmasından – torpaq mübahisəsi kimi baxır.
Alpər
Şərhlər