İspaniyanın şimalında arxeoloqlar əsrlər boyu yerin altında yaşayaraq xarici dünya ilə demək olar ki, əlaqə saxlamayan orta əsr cəmiyyətinin qalıqlarını aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" nəşri məlumat yayıb.
Tədqiqatçıların sözlərinə görə, VII–XI əsrlər arasında bu cəmiyyət üçün sığınacaq rolunu İspaniyanın şimalındakı Las-Gobas adlı təbii qaya mağaraları oynayıb.
"Science Advances" jurnalında dərc olunan araşdırmaya əsasən, Las-Gobas ərazisində aparılan qazıntılar zamanı 33 nəfərə aid insan qalıqları tapılıb. Genetik nümunələrin təxminən 63 faizində inbriding — yəni yaxın qohumlar arasında evlilik — əlamətləri aşkar edilib. Bu isə bir neçə nəsil ərzində qohum evliliklərinin geniş yayılmış olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, bu icma çox təcrid olunmuş vəziyyətdə yaşayıb və xarici dünya ilə az əlaqə saxlayıb. Nəticədə genetik müxtəliflik azalıb və zamanla sağlamlıq problemləri artıb.
Paleogenetika və molekulyar arxeologiya üzrə tədqiqatçı Rikardo Rodrigez Varela bildirib: "Əldə etdiyimiz məlumatlar göstərir ki, bu icma ən azı beş əsr ərzində nisbətən təcrid olunmuş vəziyyətdə qalıb".
Araşdırma zamanı bəzi skeletlərdə sınıqlar və ehtimal ki, qılınc zərbələrindən yaranmış deşici yaralar da aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, bu fakt yeraltı icmada daxili münaqişələrin tez-tez baş verdiyini göstərir.
Las-Gobas qalıqlarında həmçinin çiçək xəstəliyinin izlərinə də rast gəlinib. Alimlərin fikrincə, icma bu xəstəliyə yoluxmuş donuz əti vasitəsilə yoluxmuş ola bilər. Çünki donuz əti mağara sakinlərinin əsas qida mənbələrindən biri olub.
Böyük şəhərlərdən uzaqda yaşayan Las-Gobas sakinləri çiçək kimi xəstəliklərə qarşı xüsusilə həssas olub. Xarici yardım və dərmanlara çıxış olmadığı üçün xəstəliklər əhalinin böyük hissəsini məhv edə bilib.
Yüzillərlə mövcud olduqdan sonra Las-Gobasdakı mağara icması XI əsrin sonlarına doğru tərk edilib. Bunun dəqiq səbəbi tam məlum deyil. Lakin tədqiqatçılar hesab edirlər ki, resurs çatışmazlığı, xəstəliklərin yayılması və o dövrdə İspaniyada baş verən siyasi dəyişikliklər və ya hücumlar kimi xarici təzyiqlər bu cəmiyyətin tənəzzülünə səbəb ola bilər.
Aydın
Şərhlər