Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də
yerli televiziya kanallarına müsahibə verib.
"Report" müsahibəni təqdim edir.
REAL
Televiziyasından Mirşahin Ağayev: Hər vaxtınız xeyir, cənab Prezident. Sizə
bugünkü görüşə görə təkcə müsahibədə iştirak edən həmkarlarımız adından deyil,
bütün Azərbaycan mediası adından təşəkkürümüzü bildiririk.
Prezident
İlham Əliyev: Sağ olun!
Mirşahin
Ağayev: İnanırıq ki, həmişə olduğu kimi, bugünkü görüşdə də səsləndirdiyiniz
fikirlər strateji gündəm yaradacaq və Azərbaycan mətbuatına, ictimai mühitə
kifayət qədər mövzu verəcək.
2025-ci
il masadakı nailiyyətlərinə görə, məncə, illərin 8 Noyabrı adlandırıla bilər və
zirvə də yəqin ki, avqust ayında Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Trampın dəvəti ilə Vaşinqtona tarixi səfərinizdir və heç şübhəsiz ki,
BMT Baş Assambleyasındakı müraciətinizdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan
arasında imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar nəinki Azərbaycan,
bütöv region üçün əhəmiyyətlidir. Mən bu baxımdan istərdim ki, həm BMT-nin ali
tribunasından dünyaya səslənişiniz barədə danışaq, həm də Amerika Birləşmiş
Ştatları ilə imzalanmış sənədlər haqqında. Beləliklə, 8 avqustun Ağ Ev və 21
sentyabrın BMT günləri barədə, buyurun.
Prezident
İlham Əliyev: Sağ olun. Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində
görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı
həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan
yaranır. Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər.
Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi
nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində
yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik
əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə
şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı
xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci
Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə
keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi
parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli
ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan
hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən
keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm
ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş
ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm
iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə
olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə
addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Azərbaycan-Amerika
münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr
deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan
əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər,
fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi
dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi
- Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti
nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən
mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər,
xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz
sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər
qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi
var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması,
ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu
administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə
olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə.
Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə
ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona
görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident
Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu,
bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır.
Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki,
rəmzi məna daşıyır.
Bundan
başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi
imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq
xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii
ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar
Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün
reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən
də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə
yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət
dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım
olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla
Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə
Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə
öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə
də daha geniş prizmadan aydınlıq gətirir.
Dediyim,
sadaladığım bu məsələlər işlərin xronologiyasıdır. Bu, ictimaiyyətə açıq olan tərəfdir.
Amma, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla
Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan
edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl
sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam
edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın
hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin
iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi
məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər
təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və
tarixi il saymaq olar.
Azərbaycan
Televiziyasından Mümtaz Xəlilzadə: Cənab Prezident, Siz 1992-ci ildə qəbul edilən
həmin o ədalətsiz 907-ci düzəliş haqqında danışdınız. Əlbəttə ki, tarixi
Amerika səfərinizdən sonra onun növbəti dəfə dondurulması haqqında da qərar qəbul
edildi. Mən istərdim, onun birdəfəlik ləğvi perspektivləri haqqında Sizin
fikirlərinizi öyrənək. Eyni zamanda, həmin 907-ci düzəlişin yalnız iqtisadi tərəflərini
yox, siyasi və strateji tərəflərini də səciyyələndirəsiniz, əhəmiyyəti
nöqteyi-nəzərdən.
Prezident
İlham Əliyev: Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik,
eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O
vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin
ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc
idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan
diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta
Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan,
yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu
mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə,
peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt
etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi
bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur
oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o
vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə
aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu
məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda
Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox
hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə,
o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə
bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz
düzəliş tətbiq ediləcək.
Məsələnin
ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci
düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq
işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən
Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın
torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq
imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?!
Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta
Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir
blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində
olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.
Onu
da deməliyəm ki, onların bir çoxu artıq həyatda deyil, amma həyatda olanlar
arasında çox maraqlı adlar da var. Onları siz tapa bilərsiniz, amma bir ad çəkməklə
kifayətlənəcəyəm, o da ovaxtkı keçmiş senator, ondan sonra vitse-prezident,
ondan sonra Prezident Co Bayden. Co Bayden 907-ci düzəlişin qəbul edilməsində
çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə
üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz
istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət
qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi
faktiki olaraq böhrana salmışdı.
O
vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb
ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum
etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə,
on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz
idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq
ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə
olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi
öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki
Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat,
logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki,
Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, - hamımız onu
xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti
sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini
orada faktiki olaraq, taleyin ümidinə buraxması, - Bayden administrasiyası bu
düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım
deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən
tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri
yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər
naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli
şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha
lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və
onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də
yerinə yetirməyəcəkdik.
Tramp
administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd
etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və
əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün
tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var
idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana
müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları
Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin
formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik
ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini,
xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş
tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz
var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı
tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv
etməlidir.
İctimai
Televiziyadan Murad Hüseynov: Cənab Prezident, Birləşmiş Ştatlarla münasibətlərdən,
- artıq toxundunuz, - burada əldə olunan uğurlardan danışdınız. Azərbaycanın
xarici siyasəti üçün 2025-ci ildə uğur gətirən digər hadisə və prosesləri
xarakterizə etməyinizi xahiş edərdim.
Prezident
İlham Əliyev: Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də
bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim
zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və
bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən
biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu
diplomatiyamızın təzahürü sayıla bilər.
Digər
tərəfdən, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi
qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və
yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da
D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda
müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi
seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə
onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir
milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə
iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən
iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız
müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə
Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim,
ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv
kimi iştirak edəcəyik.
Xarici
siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına
tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər.
Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi
Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də
çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox
layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv
seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən
Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət
olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu
üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi
Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır.
Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor
üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən
birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi
nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud
geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün
alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı
körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə
kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. Ərazimizdən
keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən
keçib. Bu ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz
nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik. Halbuki hesab
edirdik ki, yaratdığımız infrastruktur uzun illər ərzində bizə kifayət edəcək,
ancaq görürük ki, yox. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə
yüklərdən söhbət getmir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Azərbaycan,
Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə
bağlı müqavilə bağlamışlar. Yəni bu bağlantılar da olacaq - fiber-optik kabelin
Xəzərin dibi ilə çəkilməsi və bir çox digər layihələr. Ona görə Azərbaycanı bu
qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə
böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş
etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir.
Bir
çox xarici səfərlərim olub, səhv etmirəmsə, 20-yə yaxın, bəlkə də çox. Bir çox
xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər
keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə
Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma
işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə
üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz
istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük
hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını
biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan
infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı
bizə yaratmışdır.
Qəbələdə
Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir
daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi,
bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır.
Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni
indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü
Macarıstanda keçirilmişdir. Yəqin ki, bu il də keçiriləcək. Yəni xarici siyasət
istiqamətində yekunlarla bağlı çox danışmaq olar. Bu yaxınlarda xarici işlər
naziri mətbuat konfransı keçirmişdir, daha geniş məlumat vermişdir. Mən isə sadəcə
olaraq, əsasən vacib hesab etdiyim məqamları işıqlandırmaq istədim.
Murad
Hüseynov: Daha bir sual verim, Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində
Sizin çıxışınızda türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi xüsusilə
hiss olundu. Bu, Sizin təklif idi?
Prezident
İlham Əliyev: Bəli.
Murad
Hüseynov: Yaşadığımız müasir dünyada bu əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
Prezident
İlham Əliyev: Bəli, tamamilə haqlısınız. Mən bunu qeyd etdim. Birinci dəfə
deyil ki, mən bu Zirvə görüşlərində bu məsələyə toxunuram. Çünki bilirəm və
görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə
öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta
Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü
dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki,
həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə
Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda
üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da
ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii
ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin
keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən
buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə
gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq
hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq
var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin
olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir,
heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir.
Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir.
Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr
zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik.
Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz
viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini
Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki,
heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq
iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi
qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü
tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident
Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə
Prezident Tramp da məndən də soruşdu "Niyə siz dayandınız? Siz
güclüydünüz". Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna
baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə
ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun
cavabını ödəməyəcək.
Ona
görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü. Biz Türkiyə ilə rəsmi
müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən
bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk
dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən
heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə
yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində,
nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq
edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün
ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi
mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq
olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi,
deməli, gərək sual verəsiniz "Kim bunu dəstəkləmədi?". Amma mən ümid
edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək.
CBC
Televiziyasından Elmira Musazadə: Cənab Prezident, CBC rus dilində yayımlanan
beynəlxalq kanaldır. İcazənizlə sualımı rus dilində verəcəyəm.
Prezident
İlham Əliyev: Buyurun.
Elmira
Musazadə: Cənab Prezident, xarici siyasətdə prioritetlərdən danışarkən, Siz Çin
Xalq Respublikasının əhəmiyyətini qeyd etdiniz və həqiqətən də son illərdə
bizim ikitərəfli münasibətlərimiz xeyli güclənib. Bu, həm ən yüksək səviyyədə səfərlər,
həm də müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, nəqliyyat, logistika və
texnologiyalar üzrə razılaşmalarda özünü göstərir. Siz bu razılaşmaların əhəmiyyətini
necə qiymətləndirirsiniz və onların Azərbaycanın regional və qlobal proseslərdə
roluna təsiri nədən ibarətdir?
Prezident
İlham Əliyev: Zənnimcə, bizim aramızda imzalanan həmin siyasi sənədlər, -
onların sayı isə ikidir və biri haqqında artıq danışmışam, - bu, hərtərəfli
strateji tərəfdaşlıqdır, bundan bir il əvvəl isə biz strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə qəbul etmişik. Yəni bir il ərzində strateji, sonra isə
hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənəd imzalanıb, bu, ikitərəfli
iqtisadi əlaqələrin inkişafına böyük təkan verib. İstər bizim tərəfimizdən, istərsə
də Çin Xalq Respublikası tərəfindən biznes strukturlarına, dövlət
strukturlarına əlaqələrimizi maksimum fəallaşdırmaq üzrə ciddi impuls verilib və
biz bunu hətta qarşılıqlı səfərlərin, nümayəndələrin, artıq imzalanmış müqavilələrin
sayında, o cümlədən investisiyaların nümunəsində də görürük.
Biz
əmtəə dövriyyəsinin artdığını görürük. O, rekord həddə - 4 milyard dollara
çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib. Bu, yəqin ki, bizim hər
hansı bir ölkə ilə əmtəə dövriyyəmizdə ən böyük artımdır. Biz imzalanmış
investisiya xarakterli müqavilələri görürük, Çin şirkətləri Azərbaycana fəal şəkildə
investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri
var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində
biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti
genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib.
Artıq
indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur.
Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu
stansiyaların sayının artırılması üzrə müraciətlər var.
Günəş
panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik
avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan
tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də
yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş
seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik.
Bu
seçim, həmçinin artıq qeyd etdiyim razılaşmaların nəticəsi idi və təbii ki,
layihənin icrasının peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqlədi.
Buna görə də Bakıda gördüyümüz yaşıl avtobusların bəziləri satın alındı və
onların yığılmasına bu il başlanacaq, gələcəkdə isə lokallaşdırma artacaq.
Nəqliyyat
sektorunda artıq bəhs etdiyim fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım
mənbəyi təbii ki, Çin olacaq. Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir
yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun
tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur. Orada relyef
çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir
ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir
yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi
artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki,
Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək.
Sözsüz
ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət
edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar
Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq.
Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki
olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və
qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə. Həmişə həcm üçün, rəqabətqabiliyyətlilik
üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki,
daha rəqabətli tariflər təmin etmək üçün alternativə sahib olmaq daha yaxşıdır.
Bu,
bizim qarşılıqlı fəaliyyətimizin çox böyük sektorudur və təbii ki, belə olan
halda düşünürəm, həm əmtəə dövriyyəsinin həcmi nöqteyi-nəzərindən, potensial
baxımdan və belə demək mümkünsə, həm də Cənubi Qafqazdan axını sonrakı istiqamətlər
üzrə bölüşdürəcək ölkə kimi, Çin Xalq Respublikası üçün burada, bu regionda Azərbaycan
prioritet tərəfdaşdır.
Bu
axınlar isə hamımızın bildiyi kimi, bir çox istiqamətdə hərəkət edə bilər.
Buradan iki istiqamətdə qərbə, bir istiqamətdə və daha sonra iki istiqamətdə -
yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, Yaxın Şərqə, Fars körfəzinə və əlbəttə
ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə
veriləcək.
Buna
görə də Azərbaycan, belə demək mümkünsə, kommersiya səmərəliliyinə və bir çox
digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və
qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi
olacaq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı
olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq.
Əlbəttə
ki, burada daha bir yeni əməkdaşlıq istiqamətini qeyd etməyə bilmərəm. Bu, hərbi-texniki
əməkdaşlıqdır. Ona da, həmçinin əldə olunmuş siyasi razılaşmalar çərçivəsində
başlanılıb. Bu, Çin və Azərbaycan arasında yeni bir qarşılıqlı fəaliyyət sahəsidir.
Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız
başlanğıcdır.
Biz
bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə
olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində
işləyirik və bu sahədə işlər artıq başlayıb. Bu, ümumiyyətlə, ictimaiyyətin
diqqətindən gizli saxlanılır, necə ki, belə də olmalıdır, amma həm də hər iki
ölkə tərəfindən verilən strateji xarakterli ciddi siyasi qərardır və böyük
potensiala malikdir. Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də
artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Bu, təbii
ki, Azərbaycana böyük fayda gətirəcək.
AnewZ
Televiziyasından Nadia Cani: Cənab Prezident. Mən beynəlxalq ingilisdilli AnewZ
kanalını təmsil edirəm. Ona görə bu sualı Sizə ingilis dilində ünvanlayacağam.
Azərbaycanın
iqtisadi və regional inkişafından, xüsusilə Ermənistanla yeni sülh müqaviləsi
kontekstində danışa bilərsinizmi? Bu, gələcək illərdə ölkə üçün nə məna kəsb
edir? Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi lider kimi mövqe tutmasına kömək
etmiş bəzi nailiyyətlərini sadalaya bilərsinizmi?
Prezident
İlham Əliyev: Bəli, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə
ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn
investisiyalardan danışdıqda, böyük imkanlar açır. Biz bunun üzərində fəal işləyirik.
Eyni zamanda, Azərbaycanın Birləşmiş Ştatlara yatırdığı investisiyaların artıq
müəyyən tarixi var. Biz əsasən qiymətli kağızlara investisiya yatırmışdıq.
Lakin indi, iki ölkə arasında olan münasibətlərin bu yeni mərhələsindən sonra
biz real iqtisadiyyatın layihələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri
nəzərdən keçiririk. Eyni zamanda, Azərbaycanın hədəflərindən biri də regional
süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna
nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin
yaradılması üzərində çalışırıq. Bildiyiniz kimi, məlumat mərkəzlərinin çoxlu
elektrik enerjisinə ehtiyacı var. Bu gün daha geniş regionda elektrik enerjisi
üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə bu gün daxili məqsədlər
üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000
meqavat və ya 2 giqavat həcm varımızdır.
Kibertəhlükəsizlik
mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və
artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə
göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz,
bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir. Potensial
mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas
tərəfdaşlarımız hesab edirik. Qeyd etmək istəyirəm ki, Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması üzrə
Prezident Trampla Anlaşma Memorandumunu imzaladıqdan sonra Avropanın bir neçə
aparıcı ölkəsi bizimlə strateji tərəfdaşlıq münasibətləri qurmaq üçün müraciət
etmişdir. Beləliklə, müəyyən mənada bu, Vaşinqtondan daxil olan siqnal idi.
Buna baxmayaraq, bu vaxtadək biz demək olar ki, 30 ölkə ilə strateji tərəfdaşlıq
üzrə bəyanat və müqavilə imzalayıb və bağlamışıq, – bu ölkələrdən 10-u Avropa
İttifaqının üzvüdür, – lakin Vaşinqtondan daxil olmuş bu güclü mesaj ABŞ-ın
müttəfiqi olduğu ölkələrdə yaxşı qarşılanmışdır.
İqtisadi
fəaliyyətimizlə bağlı, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və
hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə
bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl mən xarici borcumuzu
azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. Biz borc
götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün
münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik. İndi bizim xarici borcumuz
ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir. Biz yenə də məhdud
məbləğlərdə borc götürməyə başladıq. Lakin biz maliyyələşdirməyə ehtiyacı olan
layihələri dəstəkləmək üçün yenə də 2-3, bəlkə də 4 milyard ABŞ dolları məbləğində
borc götürməyə qərar vermişdik. Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik.
Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik.
Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən
bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik.
Lakin bu gün bizim xarici borcumuz tarixdə ən aşağı səviyyədədir,
hesablamalardan asılı olaraq ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Bizim
ehtiyatlarımız xarici borcu 16 və ya 17 dəfə üstələdiyinə görə xarici borcumuzu
geri ödəyə bilərik. Nəyə görə bir rəqəmi qeyd etmirəm, çünki ötən il biz həm də
qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi
müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim
ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Beləliklə, bu qərar
bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu
yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın
qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə,
bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83
milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən
ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən
biridir, 83-84 milyard ABŞ dolları.
Nəhəng
investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən
iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. İki aparıcı reytinq
şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar "Moody"s" və
"Fitch" şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək,
proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir. Mən tamamilə əminəm ki, bizim
kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki
bizim böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən
iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək
reytinqə malik olmağa imkan verir. Bizim müvafiq dövlət təsisatları fəaliyyətimiz
haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki,
Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. Çünki bu, təkcə
prestij məsələsi deyil, baxmayaraq ki, belədir. Bu, həm də bizə, xüsusilə indi
borc götürməyə qərar verdiyimiz bir dönəmdə daha yaxşı şərtlərlə borc götürməyə
imkan verir. Odur ki, mən hökumətə borc götürməyi dayandırmağı tapşıranda hədəfim
xarici borcu ÜDM-in 10 faizindən daha aşağı səviyyəyə gətirmək idi və indi o,
ÜDM-in 6,3-6,4 faizini təşkil edir.
Əlbəttə
ki, bu baxımdan daha çox vəsait regional inkişafa ayrılacaq. Bu gün bizim iki
investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi
Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata
keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik. Artıq
qeyd etdiyim kimi, mən düşünürdüm ki, dəniz limanları və dəmir yolları ilə
bağlı gördüyümüz işlər bir çox illər üçün kifayət edəcək. İndi isə görürəm ki,
artan yükdaşımaların həcminə görə bunlar kifayət etməyəcək.
Biz
tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının
su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna
tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də
güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin
idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq
duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını
daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə
ki, Bakının nəqliyyat problemləri həll olunacaq.
Hamımız
yaxşı bilirik ki, - bəlkə siz bunu məndən də yaxşı bilirsiniz, - yol hərəkəti
bu gün həqiqətən də ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50
tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda
2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr
yol. Hamımız, - bəlkə hamımız yox, - amma Mirşahin və mən buradan Bakı şəhərinə
gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi.
Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro
stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət
müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də
daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün
bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək
və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik.
Mən,
ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da
neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir
göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik
ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu
artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda, biz neft
hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu, mümkündür, - və təbii
qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da
iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq. Lakin
artım təbii olmalıdır.
Bilirsiniz,
mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün
geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər
vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə
deyirəm: "ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın".
Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət
dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12
milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir.
Bu,
sanksiyalardan yayınma mexanizmidir - onların dediyi kimi, paralel idxal və ya
"boz zona" idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa
Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir
söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar
mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir.
Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə
deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri
hesabına artır.
Rəqəmlərlə
bağlı daha bir məqamı da qeyd etmək istərdim. Rəqəmlər, əlbəttə ki, vacibdir,
lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır.
Həmçinin aydındır ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının
dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70–80
milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard
dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ
deyil. Bununla belə, mən hesab edirəm ki, göstəricilər daha yaxşı ola bilər.
Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi
düşünürəm. Amma yenə də mənim üçün bu, nə rəqabətdir, nə də yarış. Əsas odur
ki, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti
yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə
investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızı daha da gücləndirməyə
imkan versin.
Mümtaz
Xəlilzadə: Təşəkkür edirik, cənab Prezident. Siz Azərbaycan dövlətinin xarici
siyasəti, regional inkişafı, iqtisadi göstəriciləri haqqında fikirlərinizi
bölüşdünüz. Mənim növbəti sualım dövlətin sosial siyasətinin nəticələri ilə
bağlı olacaq. Xahişim odur ki, həm 2025-ci ildə dövlətin sosial siyasətinin nəticələri,
eyni zamanda, bu ildən tətbiqi nəzərdə tutulan, xüsusən də cəmiyyətin sosial
rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək layihələr
barədə məlumat verəsiniz.
Prezident
İlham Əliyev: Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir.
Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim
bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər
ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir
ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də
çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan
inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər
son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı
Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu
artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi
islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən
gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas
xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan
sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal
dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən
çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu
gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq
aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər
aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz
bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində
5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon
insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4
milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar,
müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Əlbəttə,
istərdik ki, daha da çox olsun. Amma bir atalar sözü var: "Gərək ayağını
yorğanına görə uzadasan". Yenə də deyirəm, biz heç vaxt populizmlə məşğul
olmamışıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişik, heç vaxt gələcək nəsilləri
borca salmaq üçün haradansa böyük məbləğdə pul alıb onu paylamamışıq. Biz
strateji inkişafla bağlı tam, necə deyərlər, aydın mənzərəyə sahibik. Ona görə
ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə
ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq.
Biz
bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək
mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub. Yəni cəmiyyətdə ələbaxımlılıq
olmamalıdır. Bunu tam aradan qaldırmışıq? Yox, yenə də var. İş yerləri
yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır.
Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd
təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər
var və bu, hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə
ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə,
geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə
olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə
iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini
faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə
büdcələrini təmin edə bilərlər.
Son
illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən
mənzillər verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən
ikinci ölkə yoxdur. Müharibələr olub, İkinci Dünya müharibəsi, ondan sonrakı
müharibələr. Mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər
verilir, bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri
verilir. Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir
protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və
normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara
xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən
dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq
borcumuzdur. Bir sözlə, bu istiqamətdə mən hələ sosial infrastruktur layihələrini
qeyd etmirəm. Son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana
tikilib və əsaslı təmir edilib. Yəni bu, bizim siyasətimizin, o cümlədən
iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə
qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və
maliyyə ayrılacaq.
Murad
Hüseynov: Cənab Prezident, Siz Qarabağın və Şərqi Zəngəzurun bərpasını Azərbaycan
dövlətinin ən prioritet istiqamətlərindən biri elan etmisiniz. Böyük Qayıdışa
dair Birinci Dövlət Proqramının icrasını necə qiymətləndirirsiniz? İşğaldan
azad edilən ərazilərin Azərbaycanın iqtisadi zəncirinə cəlb olunması üçün yeni
institusional addımların atılması planlaşdırılırmı?
Prezident
İlham Əliyev: Bəli, təbii. Çünki, ilk növbədə, biz gərək bu bölgələr arasında
bağlantılar yaradaydıq. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi.
Siz hamınız - Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan
azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı
idi. Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər
milyonlar, yüz milyonlarla telemarafonlar, - ermənilər hər il yüz milyonlarla
pul yığırdılar, - bu pul hara gedirdi? Mən onu orada görmədim. Ancaq bəlkə də
orada separatçıların villalarını saymaq olar, amma nə ictimai binalar, nə də
hansısa yaşayış binaları var idi. Faktiki olaraq, orada həyat sanki XX əsrin
70-ci illərində dayanıb. Məndə belə təəssürat var idi. Mən 1970-ci illərdə dəfələrlə
Azərbaycanın bölgələrində olmuşam və sanki o xatirələr qayıtmış oldu.
Ona
görə biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı
yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi
infrastrukturla faktiki olaraq birləşdirdik. Enerji sistemi - dairəvi enerji
sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil
olur. Çünki biz beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyaları
yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır.
Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə
lazımi səviyyədə bölə bilərik.
Su
təchizatı olmadan heç kim oraya köçməz, orada yaşamaz. Bu məsələ də öz həllini
tapır və su anbarları - bir neçə su anbarını yenidən qurmuşuq, sıfırdan
qurulan, məsələn, Zabuxçay su anbarı, əsaslı təmir olunan Sərsəng, Suqovuşan,
Köndələnçayda üç, Xaçınçay. Bütün bunlar həm böyük vəsait, həm də işçi qüvvəsi
tələb edir və onu da deməliyəm, bu işlər, əlbəttə ki, vəsait hesabına görülür.
Əgər vəsait olsa, amma işçi qüvvəsi, yaxud da ki, hazırlıqlı kadrlar olmasa,
biz bu işi görə bilməzdik. Bax, indi Kəlbəcər dağlarından elektrik xətləri çəkmək
özlüyündə bir qəhrəmanlıqdır, özü də ağır hava şəraitində yollar, körpülər,
misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti
başa çatıb. İlk növbədə, bu bölgə dəmir yolları - Bərdə-Ağdam, indi Ağdam-Xankəndi,
avtomobil yolları, magistral, - yəni Zəngəzur dəhlizi öz yerində, - amma, eyni
zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi. Mən
birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim.
Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də
olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli
yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə
qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər. Yəni indi bu
dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək
ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin. Misalçün, Xankəndi-Şuşa
məsafəsi o qədər də böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaltmaq
üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın, o məsafəni də indi 40 dəqiqəyə
getmək olar. Amma bu, yeni tunellərlə, yolların genişləndirilməsi ilə 20-25 dəqiqəyə
düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın, o cümlədən Ağdamda yaşayan
Şuşada gedib işləyəcək və əksinə.
Bütün
o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın
digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı
istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə
bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız
yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o
bağlantılar - dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava
yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt
deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə
Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş
bölgələrin əsas şəhərləri olacaq.
Bu
mobillik cəmiyyətə yeni bir mədəniyyət gətirəcək. Yəni xüsusilə bugünkü
internet dövründə harada iş var gedirəm, orada işləyirəm, orada yaşayıram,
orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, heç olmasa, Bakıya yaxın olan
şərait olmalıdır. Yəni məqsəd budur. Bu, deyə bilərəm ki, bir yan məqsəddir. Təbii
ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan
orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət
köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir
neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki
ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50
kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140
min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.
İnfrastruktur
layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək.
Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də
tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur.
Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən
bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də
deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix
qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək
keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır.
Mirşahin
Ağayev: Cənab Prezident, mən elə buradan Zəngəzur dəhlizi mövzusuna keçmək istəyirəm.
İndi onun bir adı da belədir: Amerika Birləşmiş Ştatları və Ermənistan arasında
imzalanmış beynəlxalq sülh və rifah naminə Tramp marşrutu üzrə razılaşma.
Naxçıvan istiqamətində görülən işləri artıq biz efirdə də təqdim etməyə
başlamışıq. Bu istiqamətdə görülən işlərlə bağlı mövqeyiniz, münasibətiniz necədir
və bizim bilmədiyimiz hansı məlumatlar var?
Prezident
İlham Əliyev: Biz əslində bu dəhlizi müharibədən - İkinci Qarabağ müharibəsindən
bir neçə ay sonra icra etməyə başlamışıq. Səhv etmirəmsə, 2021-ci ilin əvvəlində
artıq o dəmir yolunun təməli də qoyuldu. Yəni sözün düzü, məndə şübhə yox idi
ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait
qoymazdıq. Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla
açılacaq. Bəzən belə ritorikaya da ehtiyac var, çünki bu, qarşı tərəfi, necə
deyərlər, yumşaq mənada həvəsləndirir. Amma əlbəttə ki, bu məsələnin Amerikada
Trampın iştirakı ilə həll olunması bu məsələni artıq tamamilə həll edilmiş məsələ
kimi ortaya qoydu.
Bizim
Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək
olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95
faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik.
Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük
ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir.
Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən
190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı
deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir.
Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz
orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə
o da başa çatacaq.
O
ki qaldı yolun qalan hissəsinə, burada biz xarici investorları da dəvət edirik,
kim istəyir sərmayə qoysun. Bu sahəni də xarici investisiyalar üçün açıq
etmişik. Beləliklə, bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti
15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi, həm Şərq-Qərb, həm də
ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün
Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara
yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan
sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək.
Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu,
Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də
ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan
iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə
İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər,
istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan
müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması
artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan
bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə
nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu,
onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun
fiziki tikintisi nəzərdə tutulur.
Bildiyiniz
kimi, keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar
qəbul etmişdir. Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin
dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə
sayılmalıdır. Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq
olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır.
Azərbaycan ərazisində bütün bu yollar daha tez həll oluna bilər. Amma
koordinasiya olanda xərclənən vəsaitə qənaət də olacaq. Çünki biz də bilməliyik,
nə vaxt, hansı yolun seqmenti hazır olacaq ki, o vaxta qədər öz
infrastrukturumuzu buna hazırlayaq. Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur
dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb.
Onu
da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən
körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə
əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri
isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü
biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən
Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən
Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi
ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə
İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir
bölgə kimi birləşdirəcəyik.
Naxçıvanın
Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi
Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar
Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər
suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm,
bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu
onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii
olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən
çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə
ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın
dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək.
Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər
halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər
kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir.
Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü
üçün xeyirli bir iş görə bilər.
Elmira
Musazadə: Cənab Prezident, biz, o cümlədən Ermənistanın da iştirak edəcəyi ilk
belə regional layihələrdən danışırıq. Vaşinqton sazişindən sonra sülhə doğru
kövrək də olsa, ilk addımları görürük. Lakin çıxışlarınızda dəfələrlə
vurğuladığınız kimi, heç vaxt sayıqlığımızı itirməməliyik. Keçən il Vətən
müharibəsinin, Azərbaycanın 44 günlük müharibədə Qələbəsinin beş ili tamam
oldu. Noyabrın 8-də keçirilən parad təkcə Qələbənin rəmzi deyil, həm də yeni
bir reallığın nümayişi oldu. Siz bu dövrü, bu beş ili Azərbaycanın, qalib ölkənin
yeni Silahlı Qüvvələrinin formalaşdırılması və yeni təhlükəsizlik
arxitekturasının yaradılması baxımından necə qiymətləndirirsiniz?
Prezident
İlham Əliyev: Bəli, bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul
olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq. Mən şanlı
Zəfərimizdən dərhal sonra demişəm ki, biz arxayınlaşmamalıyıq, həyatımızı bu Qələbəni
bayram etməyə həsr etməməliyik. Bu, bizi heç yerə aparmayacaq. Ermənistanın
nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif
onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına
qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi
gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm
güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla,
idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq
şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər
olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas
götürdüm.
Güclü
tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul
olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi
yoxdur. Ona görə də bu beş il ərzində Silahlı Qüvvələrimiz təkmilləşirdi. Həmçinin
bu beş ildə 2023-cü il hadisələrini və 2022-ci il hadisələrini, məhz Ermənistanın
Qarabağı Azərbaycanın ərazisi kimi tanımasını mahiyyətcə müəyyənləşdirən bir
neçə mühüm hərbi əməliyyat oldu. Axı, bu, könüllü surətdə baş vermədi. Bu, ona
görə baş verdi ki, biz 2020-ci ildən buna siyasi yolla nail olmağa çalışmışıq.
Başqa
vasitələrə əl atmaq lazım gələndə biz bunu etdik, amma ölçülü və nəzarətli şəkildə.
2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər atdığımız heç bir addım
kortəbii, emosional və ya reallıqdan kənar deyildi. Hər şey tək bir məqsədə
tabe idi: Ermənistanı "Miatsum siyasəti"ni davam etdirməyin fəlakətli
olduğuna inandırmaq. Müəyyən dərəcədə bu, uğurlu oldu və 2022-ci ilin
oktyabrında Ermənistan Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi
tanıdı.
Bu,
vacib idi, amma hələ hər şey deyildi, çünki hamısı, sadəcə, sözdə idi, lakin əməldə
hər şey davam edirdi. Mina tədarükü, hərbi qulluqçuların rotasiyası, ordunun
maliyyələşdirilməsi, silah tədarükü - bütün bunlar Qarabağın rəsmi olaraq Azərbaycanın
bir hissəsi kimi tanınmasına baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti
sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər
görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik,
çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust
olmazdı. İndiyədək heç bir sülh də olmazdı və separatçılar bu günədək özlərini
qorunmuş hiss edərək və Azərbaycan dövlətinə meydan oxuyaraq sərbəst hərəkət edərdilər.
Təbii
ki, biz buna dözmək fikrində deyildik. Brüsseldəki görüşlərdə erməni həmkarıma
dəfələrlə demişdim ki, səbrimizi sınamaq lazım deyil, orada kimin olmasından və
ya başqalarının nə deməsindən asılı olmayaraq, istənilən an "Laçın dəhlizi"
adlanan əraziyə nəzarəti tamamilə ələ keçirə bilərik. Təəssüf ki, arqumentlərim
istənilən effekti vermədi, biz bunu 2023-cü ilin sentyabrında nümayiş etdirməli
olduq. Lakin 2023-cü ilin sentyabr ayına hazırlıq görülməli idi və hələ nəzarətimiz
altında olmayan ərazi də daxil olmaqla, yerində buna hazırlıq görülməli idi.
Ona
görə də Qarabağda strateji yüksəkliklərin ələ keçirilməsi üzrə aparılan həmin əməliyyat
tədbirləri mahiyyətcə ona gətirib çıxardı ki, sentyabrın 19-20-də separatçıları
kapitulyasiyaya məcbur etmək üçün bizə cəmi bir neçə saat lazım oldu. Yəni demək
istəyirəm ki, bu 5 il ərzində biz, sadəcə, hazırlıq görmürdük, həm də hərəkət
edirdik. Ermənistanda bu gün deyilənləri anladıqları zaman, - düzgün də deyirlər,
hesab edirəm ki, bu, çox məntiqlidir, - belə ki, öz sərhədləri ilə real Ermənistan
var və biz bu sərhədləri tanımadığımız müddətdə onlar mövcud deyil. Əgər
xatırlayırsınızsa, onları nizamlamaq lazım gəldiyi zaman mən deyirdim ki, sərhəd
bizim lazım bildiyimiz yerdə olacaq.
Bununla
paralel olaraq yenidən silahlanma, yeni silahlı dəstələrin yaradılması prosesi
gedirdi, mən bu barədə paradda çıxışımda qısaca danışmışam. Onların bir hissəsi
nümayiş etdirilib, bir hissəsi nümayiş etdirilməməlidir, amma zamanı gələcək.
İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan
Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları
və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə,
bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm,
amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir.
Axı,
bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı
proseslər də baş verib, diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla
bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk
növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa
sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və
diktə cəhdlərinə dözməyəcəyik. Bunun üçün döyüş qabiliyyəti olan orduya malik
olmaq lazımdır. Mən Yeni il müraciətimdə bildirdim ki, biz müharibəyə
hazırlaşmırıq və bu, həqiqətən də belədir. Hesab edirəm və ümidvaram ki,
müharibələr arxada qalıb, amma heç kim zəmanət verə bilməz. Axı, biz dünyada
hadisələrin necə dəyişdiyini görürük.
Bir
daha dediklərimə qayıdaraq qeyd edirəm ki, beynəlxalq hüquq, Birləşmiş Millətlər
Təşkilatı - onların hamısı artıq rudimentə çevrilib. Hər şey o qədər köhnəlib
ki, onlara istinad etmək, sadəcə, qeyri-ciddidir, bundan yapışıb qalanlar isə,
sadəcə, köhnə reallıqda yaşayırlar. İndi yeni reallıq mövcuddur, əlbəttə ki,
onu böyük ölkələr yaradır, amma əgər ölkə çox böyük deyilsə, o cümlədən siyasi,
hərbi və iqtisadi potensiala malikdirsə, onda o da yeni reallığın yaradılmasına
öz töhfəsini verə bilər. Zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz,
- mən bunu bir dəfə demişəm, - həm siyasi, həm də xarakterli çox böyük layları
yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi,
amma bu, heç kimə müyəssər olmayıb. Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər
anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis
şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə,
sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi
davam etdirəcəyik.
Mirşahin
Ağayev: Cənab Prezident, əslində, mən moderator olaraq səlahiyyətlərimdən
sui-istifadə etməli olacağam. Ona görə ki, indi bu sualı verməsəm, sonradan bu
mövzuya qayıtmaq çətin olacaq. Elə bu kontekstdə soruşmaq istəyirəm, Azərbaycanda
müdafiə sənayesinin inkişafı - həm daxili tələbatın ödənilməsi, həm də ixrac
baxımından hərbi təyinatlı məhsulların istehsalı sahəsində vəziyyətimiz necədir?
Prezident
İlham Əliyev: Biz son vaxtlar bu istiqamətə yeni prizmadan yanaşmağa başlamışıq
və mənim göstərişimlə özəl şirkətlər bu sahəyə cəlb olunublar. Bildiyiniz kimi,
mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi
yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik.
Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir
çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu
işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış
ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə
də imkanlar verildi. Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu
sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun
istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki,
yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün
2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı
özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər
qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət
alıb.
Biz
keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik.
Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə
ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar
ixrac edir.
Yeniliklərdən
biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda
birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya
qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. Biz bu sahəyə
bir neçə prizmadan baxırıq. Birincisi, daxili istehlakı daxili istehsalla
maksimum təmin etmək. İkincisi, böyük sənaye sahəsi yaratmaq. Üçüncüsü, müasir
kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirməkdir ki, bu sahəyə,
eyni zamanda, gəlir gətirən sahə kimi baxmağa başlamışıq.
Yenə
də deyirəm, ilkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi. Bu
gün isə biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada, əfsuslar
olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır.
Onların qiyməti kəskin artıb. İlk növbədə, sursatların qiyməti kəskin artıb.
Ona görə bu, bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum
qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır. Hesab edirəm ki,
biz bu rəqəmə üç-dörd ilə çata bilərik. Bu, tam realdır. Xarici şirkətlərdən də
çox böyük maraq var, yerli şirkətlər də fəal işləyirlər. Yəni əminəm ki, yaxın
gələcəkdə Azərbaycan ictimaiyyəti bu sahədə gedən işlərlə tanış olacaq.
Nadia
Cani: Cənab Prezident, mən əslində ordu ilə bağlı cavabınıza qayıtmaq istəyirəm.
Çünki Siz Yeni il müraciətinizdə Azərbaycanın müasir silahlar hesabına hərbi
imkanlarını gücləndirdiyini qeyd etdiniz, eyni zamanda, müharibənin artıq
keçmişdə qaldığını dediniz. Dünyada bir çox ölkənin "güc haqlıdır"
şüarını əsas götürərək silahlanmanı artırdığı bir şəraitdə bu mesajlar arasında
tarazlığı necə qoruyursunuz?
Prezident
İlham Əliyev: Bildirdiyim kimi, təəssüf ki, beynəlxalq hüququn norma və
prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin
ilk qurbanlarından biri olmuşdur. Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən
çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində
kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik,
onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və
biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir
ölkəyə hücum etməmişik. Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə,
xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik.
İkinci
Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki,
bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq
təşkilatlar yeni reallıqları qəbul edib. Beləliklə, biz yerindəcə reallıq
yaratdıq. Mən bunu artıq bir neçə dəfə xatırlatmışam - ovaxtkı ATƏT-in Minsk
qrupu ilə çoxsaylı görüşlərim zamanı onlar Azərbaycana reallıqları qəbul etməyi
tövsiyə edirdilər. Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq və
beynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentlərim isə yenə də qəti səssizlik
ilə qarşılanırdı.
Beləliklə,
"yerdəki reallıqlar" məsələsi ortaya qoyulmuşdu. Mən də dedim: yaxşı,
onda biz bu reallıqları dəyişəcəyik. Biz bunu etdik və bu gün bütün dünya bunu
tanıyır. Qondarma "Dağlıq Qarabağ Respublikası" heç kim tərəfindən
tanınmamışdı, bu, qeyri-qanuni bir qurum idi. Lakin bizim Qələbəmiz və azad
edilmiş ərazilər üzərində suverenliyimiz bütün dünya, eləcə də Ermənistan tərəfindən
tanınır.
Eyni
zamanda, beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir.
Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas
oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş
etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə
manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından
istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli
olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi.
Amma
hər hansı ərazi iddiası üçün "öz müqəddəratını təyinetmə" bəhanəsi Azərbaycan
üçün çox yaxşı tanışdır. Biz haqlı olduğumuzu dünyaya izah etməyə çalışarkən,
"öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə qarşı
qoyula bilməz və təcavüzkar separatizm qınanmalıdır" deyərkən, yenə qəti səssizlik,
laqeydlik və bəlkə də bir qədər də təkəbbürlə üzləşirdik, ta ki biz torpaqlarda
vuruşub düşməni məğlub edənə qədər. Ondan sonra vəziyyət dəyişdi.
Amma
bir daha deyirəm, bir neçə il əvvəl bəzi düşməncəsinə hərəkətləri yarım-beynəlxalq
hüquq düsturları ilə ört-basdır etməyə cəhdlər olurdusa, indi belə deyil. İndi
isə heç kəs kim nə deyir, hansı təşkilat hansı qətnaməni qəbul edir kimi məsələlərə
əhəmiyyət vermir. Dünyada baş verən hadisələr - müharibələr, münaqişələr göz
önündədir. Bəs, guya demokratik Avropada nə deyirlər? "Biz narahatıq, vəziyyəti
izləyirik, mövqeyimizi nəzərdən keçiririk". Beynəlxalq hüquq pozulanda
güclü olan haqlıdır. Bu, bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq
olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun
olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə
əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan
dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz
də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm.
Elmira
Musazadə: Cənab Prezident, icazənizlə, regional münaqişələrə aid daha bir sual
verim. Yəqin son zamanların ən kəskin münaqişəsi Yaxın Şərqdəki vəziyyətdir və
sözsüz ki, Qəzza sektorundakı şəraitdir. Azərbaycan çox az ölkələrdən biridir,
ola bilər hətta yeganə dövlətdir ki, həm İsraildə, həm də ərəb, İslam
dünyasında bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir. Azərbaycanın vəziyyətin
sabitləşməsi üzrə hər hansı əməliyyatlarda potensial iştirakı nəzərdən
keçirilir? Ola bilər ki, beynəlxalq mandat və hər iki tərəfin razılığı olacağı
təqdirdə Azərbaycan sülhməramlı qüvvələrinin iştirakı mümkündür?
Prezident
İlham Əliyev: Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul
etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə
olacaq və hansı növ əməliyyatlar ola bilər. Bizim İraqda, buna qədər isə həm
Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək
təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik.
Qəzza
sektorunda vəziyyətə gəldikdə, zənnimizcə, kimin mandat verəcəyi və onun necə
olacağı indiyədək aydın deyil. Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar
olması - ingiliscə deyildiyi kimi, "peacekeeping" və ya "peace
enforcement" olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz
ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq.
Əfqanıstanda bizim sülhməramlı missiyamıza gəldikdə, xoşbəxtlikdən və o cümlədən
mövqeyimiz sayəsində bizim heç bir zərərçəkənimiz olmadı. Yəni bütün bu illər ərzində
qurban vermədik, məhz ona görə ki, öz funksiyamızı strateji obyektlərin
qorunmasında görürdük. Biz heç vaxt döyüş əməliyyatlarında iştirak etmədik və
Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən,
ümumiyyətlə, nəzərdə tutulmur.
Amerikalı
tərəfdaşlarımızın diqqətinə çatdırdığımız ikinci amil ondan ibarət idi ki, mənim
ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar
verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də
qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz
kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində
deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç
kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik
olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq
Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə
minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də
İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin
yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir,
həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə
ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll
etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr
parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası
var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun
hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən
bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq
göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət
deyil.
Yaxın
Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin
Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz
razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına
çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə
yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün
Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa,
bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz. Biz 20 sualdan ibarət müraciət
tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə,
Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur. Beləliklə,
sağ olun ki, siz bu sualı verdiniz, çünki xarici mətbuatda bu mövzuda çoxlu
sayda şayiələr dolaşır. Xüsusilə Amerika diplomatiyasının yüksəkrütbəli məmurunun
bu cür məsuliyyətsiz və yalan bəyanatlar verdiyi vaxt. Bu, həm də mənə imkan
verdi ki, istər bizim, istərsə də beynəlxalq auditoriyanın diqqətinə bu məsələ
ilə bağlı bizim mövqeyimizi çatdırım.
Murad
Hüseynov: Cənab Prezident artıq bir neçə ildir ki, Azərbaycan bərpaolunan
enerji mənbələrinə xüsusi önəm verir, bu istiqamətdə işləyir. Sizin fikrinizcə,
Azərbaycanın gələcək inkişaf modelində bərpaolunan enerji mənbələri hansı rolu
oynayacaq? Bir az əvvəl həmkarımın sualına cavab verəndə Siz informasiya
texnologiyalarına, süni intellekt texnologiyalarına toxundunuz. Bərpaolunan
enerjinin bu sahəyə töhfəsi varmı?
Prezident
İlham Əliyev: Bəli, mütləq var. Biz bu prosesə başlayanda, əlbəttə ki, əsas
güddüyümüz məqsəd təbii imkanlarımızdan maksimum istifadə etmək idi. Çünki beynəlxalq
təşkilatlar artıq bizim potensialımızı dərindən təhlil edərək təsbit ediblər.
Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Günəşli günlər
də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin
külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək
günah olardı.
Biz
bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq
gördük. Bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin
"Masdar" şirkətidir, hansı ki, birinci Günəş elektrik stansiyasını
inşa edib, 230 meqavat gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək.
Burada da investor Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətidir. O
da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl
rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq,
başlanğıcdır. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də maraq göstərirlər. Biz
Azərbaycan şirkətlərinə də müraciət etdik və bu sahə gəlirli olduğu üçün və ölkəyə
lazım olduğu üçün onlara da müraciət etdik və artıq yerli şirkətlər də bu işlərə
qoşulublar. Hətta keçən ilin sonunda mən Cəbrayılda iki stansiyanın təməlini də
qoydum.
Günəş
və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə,
o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini
qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə,
2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək
və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm
etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy
Grid" deyirlər.
Bununla
paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır. Biz ilkin mərhələdə
xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma
gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat
gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki
bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir.
Əminəm
ki, biz bunu edəcəyik. Çünki artıq kontraktlar imzalanıb, anlaşma
memorandumları yox, kontraktlar, bu, artıq hüquqi öhdəlikdir. Bu, bizə nə verəcək?
Təbii ki, enerji üçün istehlak olunan qaza qənaət və mövcud olan qazı da ixrac
etmək üçün imkanlar olacaq. Biz bunun üçün də mövcud qaz infrastrukturumuzu
genişləndiririk, Azərbaycanda yox, başqa yerlərdə. Bu, imkan verəcək ki, biz təmiz
enerjini ixrac edə biləcəyik və bildiyiniz kimi, Qara dəniz kabel layihəsi var.
Onun texniki-iqtisadi əsaslandırması hazır olsa da, maliyyə mənbələri hələlik
aydın deyil. Bizim mövqeyimiz belədir ki, biz enerjini burada istehsal edirik,
yeni ötürücü xətləri Gürcüstan sərhədinə qədər çatdırırıq. Çünki yeni xətlər
lazımdır. Qalanı isə artıq o biri ölkələrin maliyyə öhdəliyi olmalıdır. Bunu nəzərə
alaraq, qeyd etdiyim kimi, Qazaxıstan və Özbəkistan ilə Xəzər dənizinin altı ilə
kabelin tikintisini də razılaşdırdıq. Burada da indi texniki-iqtisadi əsaslandırma
gedir.
Üçüncü
mümkün olan variant, ya da hər bir variant birlikdə də mümkündür, bu, enerjini
burada istehlak etməkdir. Burada da yenə də deyirəm, süni intellekt və data mərkəzləri
ən çox enerji tələb edən layihələrdir. Yenə də nə Cənubi Qafqazda, nə Orta
Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci
ölkə yoxdur. Çünki bəzi ölkələr elektrikə çevirmək üçün xaricdən təbii qaz
alır, bəzi ölkələr xaricdən elektrik enerjisi alır, çünki özləri üçün çatmır.
Biz isə həm enerji satırıq, həm ixrac edirik - həm qaz, həm neft, həm neft məhsulları,
həm neft-kimya məhsulları, həm də əsas xammal olan təbii qaz gübrələri. Yəni
bizdə bütün sikl tam formalaşıb: həm daxili istehlak, həm ixrac.
Ona
görə biz, əlbəttə ki, bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Bu
gün bu sahəyə sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədərdir ki, yenə də
deyirəm, bax, bizim bu enerji mərkəzlərimiz bunu həzm edə bilmir. Ona görə biz
"Energy Grid", yəni enerji mərkəzlərini o qədər gücləndirməliyik ki,
nəinki 8, gələcəkdə hətta 20, 30, 40 giqavat qəbul edə bilək və ötürə bilək.
Mümtaz
Xəlilzadə: Cənab Prezident, Azərbaycanın müasir nəqliyyat infrastrukturu. Siz həmkarımın
suallarını cavablandırarkən bu məsələyə qısaca da olsa toxundunuz. Mən istərdim,
daha geniş şərh verəsiniz. Çünki həm Azərbaycanın müasir nəqliyyat
infrastrukturu, xüsusən də Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
istiqamətində hansı işlər görüləcək, hansı tədbirlər nəzərdə tutulub? Zəhmət
olmasa, bu barədə də məlumat verərsiniz.
Prezident
İlham Əliyev: Bəli, biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra
etdik, mən onların bəzilərini sadaladım. Bu, bizə imkan verdi ki, müəyyən mərhələdə
özümüzü tıxaclardan sığortalayaq. Ancaq inkişaf göz qabağındadır, əhali artır,
maşınların sayı artır. Hər il ölkəmizə on minlərlə yeni avtomobil gətirilir.
Onların istismar müddəti ilə bağlı indi müəyyən məhdudiyyətlər də qoyulur.
Yerli avtomobil istehsalı artır. Ona görə mövcud yol infrastrukturu artıq bizə
kifayət etmir.
Onu
da bilməliyik ki, biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik.
Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata
üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.
Artıq Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqləndi. Qeyd etdiyim
kimi, 10 yeni metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq
onların sərəncamına verildi. Bundan başqa, əlavə iki depo da tikiləcək. Mövcud
olan metro stansiyalarında optimallaşma layihələri icra edilir. Mən qeyd etdim,
son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi,
görün, indi vəziyyət necə olacaqdı?
Mikromobillik,
piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar
üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni
zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb. Yeni
parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat
infrastrukturu da paralel olaraq öz həllini tapır. Misal üçün, biz bunu Mərkəzi
Parkın timsalında görə bilərik. Vaxtilə çox ensiz, dar küçələr idi. İndi çox
geniş küçələr və faktiki olaraq bu istiqamətdə, yəni Heydər Əliyev Sarayından
da yuxarı istiqamətə getmək üçün çox geniş imkanlar yaradılıb.
"Sovetski"
adlandırılan ərazinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai
yerlər, parklar salınmalıdır. Süni göllər yaradılacaq və nəqliyyat sistemi
qurulacaq, o cümlədən metro stansiyaları, Ağ Şəhərdə metro stansiya. İndi
velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bilirəm, bəziləri bundan
narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da
bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli
bir vasitə olacaq. Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan
zaman, əlbəttə, ictimai nəqliyyatdan istifadə etmək ən yaxşı variant ola bilər.
Biz bunu etməyə çalışırıq. Yenə də deyirəm, hər il Bakıya yüzlərlə yeni avtobus
gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Həm
dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək.
Biz Bakının tıxac problemini belə həll edə bilərik.
Təbii
ki, dəmir yolları da öz rolunu oynamalıdır. Bu gün Bakı-Sumqayıt dəmir yolu fəal
işləyir. Əgər o yol olmasa, indi təsəvvür edin, nə ola bilərdi? Yaxud da ki,
Bakıda 50 tunel, ya 50-yə yaxın körpü tikilməsəydi. Vaxtilə o dairələr var idi,
yadınızdadır, neçə dairə idi?! Elə buradan şəhərə gedəndə bəlkə üç-dörd dairə
var idi. İndi onların hamısı yox olub, əvəzinə yol ötürücüləri yaradılıb.
Yəni
bu, ciddi məsələdir və biz ciddi məşğuluq, proqram qəbul edilib, vəsait səfərbər
olunub. Hesab edirəm ki, növbəti beş il ərzində bu əsas problemlər öz həllini
tapmalıdır.
Nadia
Cani: Cənab Prezident, mən enerji mövzusuna qayıtmaq istərdim. Çünki ötən ilin
dekabrında biz ölkə üçün bir ilkin şahidi olduq – yanacaq daşıyan yük qatarı Azərbaycandan
Gürcüstan vasitəsilə Ermənistana keçdi. Həmçinin Azərbaycan infrastrukturunun
yenidən qurulmasına yardım etmək üçün Türkiyə vasitəsilə Suriyaya enerji ixrac
etdi. Ona görə də mən bilmək istəyirəm, Azərbaycanın enerji daşıyıcılarının
paylanması və təbii qaz istehsalı ilə bağlı strategiyası nədən ibarətdir? Bu
qaz dəhlizləri regional inkişaf və iqtisadi artım üçün nə dərəcədə vacibdir?
Prezident
İlham Əliyev: Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək
11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Elə ölkələr var
ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar
dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata
başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru
kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu
il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu,
boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan
kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim
ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub. Bu
artımın iki mənbəyi var. Birincisi, mən söylədiyim kimi, bərpaolunan enerji. Bərpaolunan
enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik.
İkincisi, mövcud və yeni yataqlardan yeni hasilat. Bunların arasında biz
"Azəri-Çıraq-Günəşli" dərin qaz yatağından yeni hasilat gözləyirik.
Bildiyiniz kimi, bu yataqdan çoxlu neft hasil edilir, həmçinin dərində böyük
qaz yataqları var. Məhz buna görə onu "dərin qaz yatağı"
adlandırırlar. Hasilatın bu il başlanmasını gözləyirik. Biz, həmçinin qarşıdakı
illərdə "Şahdəniz"də əlavə həcmdə qaz təmin edəcək yeni mərhələnin
başlanmasını gözləyirik, bu, "Şahdəniz Kompressiya" adlanır. Həmçinin
"Babək" yatağı var, çox böyük və ümidvericidir, bir sıra şirkətlər
investor olmaq istəyir. Sözsüz ki, ölçüsünə görə "Şahdəniz"lə müqayisə
oluna biləcək yataq "Abşeron"dur. Hazırda orada birinci mərhələ üzrə
hasilat həyata keçirilir ki, biz bunu yerli istehlak üçün əldə edirik.
"Abşeron"un ikinci mərhələsi bizə ola bilsin bugünkündən 3 dəfə daha
çox qaz təmin edəcək ki, bazarlar üçün daha çox olsun. Bizim qazımız onu artıq əldə
edən və həcmi artırmaq istəyən ölkələrə, həmçinin onu hələ əldə etməmiş ölkələrə
lazımdır.
Suriya
ötən il bizim yeni tərəfdaşımız oldu. Biz şadıq ki, Suriya hökumətinə elektrik
enerjisi çatışmazlığını azaltmağa kömək edirik. Çünki müxtəlif hesablamalara
görə, bizim qazımız onlara elektrik enerjisi çatışmazlığını gündə təxminən 4
saatadək azaltmaq imkanı verir. Biz təchizatı artırmaq variantını nəzərdən
keçiririk. Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi
yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr
üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti
Avropa İttifaqının üzvləridir. Bütün bunlar çox müsbət amillərdir.
Həmçinin
faydalı qazıntı allergiyasına gəldikdə, siz yəqin ki, dəyişikliyi görürsünüz.
Biz bunu bir neçə il öncə müşahidə etdik, o vaxt hamı faydalı qazıntıya zidd
mövqedən çıxış edirdi, hər kəs bərpaolunan enerji haqqında danışırdı. Prezident
Tramp və onun administrasiyası bu yanaşmanı dəyişdi. Bildiyiniz kimi, o, bərpaolunan
enerjiyə qəti şəkildə qarşıdır və faydalı qazıntının tərəfdarıdır. Birləşmiş
Ştatlar isə birmənalı olaraq dünyanın aparıcı ölkəsidir və orada baş verən
hadisələr müxtəlif istiqamətlərə təkan verir.
Bilirəm
ki, Avropanın bəzi maliyyə təsisatları əvvəlcə tam qadağan edilən faydalı
qazıntılara aid siyasətinə yenidən baxmağa başlayıblar. İndi isə onlar faydalı
qazıntı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıblar.
Aparıcı enerji şirkətləri, sadəcə, əsas tendensiyaya uyğun gedirdi və bəziləri
hətta adlarından "neft" sözünü çıxarırdı. İndi isə onlar yenidən
faydalı qazıntıya qayıdırlar. Bu, bəlli məsələdir və açığını desək, gülünc idi.
2024-cü
ilin noyabrında burada, Bakıda COP29-a ev sahibliyi edən ölkənin rəhbəri kimi
çıxışımda bildirdim ki, - təkrar olmasın - bu reallıq kənara qoyula bilməz.
Bütöv yaşıl hərəkat qrupları mənə hücum çəkdi və dedi ki, COP29-a ev sahibi
olan ölkə faydalı qazıntını necə təşviq edə bilər?! Mən bunlara, sadəcə,
reallığa əsaslanaraq söyləyirdim. Heç kəs hazırda faydalı qazıntını inkar edə
bilməz. Onlar nə dərəcədə xoşunuza gəlməsə belə, siz onlarsız yaşaya bilməzsiniz.
Əgər yaşaya bilərsinizsə, onda irəli! Lakin biz məsələyə realist yanaşmalıyıq.
Neft
və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr
kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə
yatırırlar. Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar ki,
faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist
yanaşma əsas götürülməlidir.
Azərbaycan
bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji
təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq,
azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də
yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq.
Mirşahin
Ağayev: Cənab Prezident, ingilis dilində, rus dilində mükəmməl danışırsınız,
amma Azərbaycan dili Sizdən ötrü həyati əhəmiyyətə malik bir anlayışdır. Noyabr
ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə
keçirilən iclasda Siz yenidən bu mövzunu qaldırdınız və Azərbaycan dilinin, ədəbi
dilinin saflığının qorunması istiqamətində mediaya, ziyalılarımıza çox ciddi
tapşırıqlar verdiniz. Ümumiyyətlə bu, yəqin ki, yalnız "Ayrılarmı könül
candan? Azərbaycan, Azərbaycan!" deyəndə qəhərlənən Heydər Əliyevin Sizin
təhtəlşüurunuzda buraxdığı iz deyil, bu, yalnız qrammatika deyil, yalnız
leksika, nə bilim, morfologiya deyil. Burada ola bilər ki, orta statistik azərbaycanlının
başa düşmədiyi bir dərin mətləb var. Niyə bu qədər Siz Azərbaycan dilini
qorumağı tapşırırsınız, hər dəfə təkidlə, təkidlə, təkidlə? Nə təhlükə var?
Prezident
İlham Əliyev: Bilirsiniz, ilk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir.
Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii
ki, bayraqla, gerblə, himnlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı
bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər
boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər,
amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər
Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə
bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin
olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa
imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın
psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də
var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin
dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət
edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan
dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu,
böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa
dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr
daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram.
Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə
bildik.
İkincisi,
biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma
dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın
dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində
ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən
şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir, təkcə ona görə yox
ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan
eşitmişəm ki, doğrudan da çox zəngin və gözəl dildir. Mən düşünürəm və əminəm
ki, Azərbaycan xalqı bu fikirləri tamamilə bölüşür. Əgər biz müstəmləkəçilik
illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət
veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən,
bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir
və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən
də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz
dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli
kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna
fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki,
pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli
kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin,
ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan
dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və
hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən
qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən -
istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və
sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və
ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm.
Mən
heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox
dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq
və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı
yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki,
xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət
səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların
yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir
və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə
çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə
artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi
çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan
dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər.
Çünki üçüncü-dördüncü nəsil azərbaycanlıların uşaqlarının artıq bəziləri ana
dilini bilmirlər. Burada bir çox amillər birləşir. Əsas amillər əvvəl dediyim məsələdir
və böyük xalq olduğumuz üçün mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan
dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur. Bu, əlbəttə ki, çətindir,
çünki xaricdə yaşayan azərbaycanlıların, təbii ki, hər birinin imkanı yoxdur.
Amma arzum budur və burada jurnalistlərdən çox şey asılıdır. Çünki, necə deyərlər,
efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm,
xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya
verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz,
yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar
bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri
daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da
çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki,
diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox
dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər
saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli
kimliyimiz həmişə bərqərar olacaq.
Murad
Hüseynov: Cənab Prezident, bu mövzunun davamı olaraq, dövləti, milləti güclü edən
həm də elm və təhsildir. Bir neçə il bundan əvvəl Sizin savadlı millət,
"qara qızıl"ı insan kapitalına çevirmək ilə bağlı konsepsiyanız var
idi. Azərbaycanda elm və təhsil sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
Hansı addımlar atılmalıdır? Sizin gənclərə bu baxımdan tövsiyəniz nədən ibarət
olardı?
Prezident
İlham Əliyev: Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və
Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət
strukturlarından kənarda qalmışdı. Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir
fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni
zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil
bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada
elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf
edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox
elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə
paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir.
Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində
var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap
olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər
biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin
etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu,
qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri
olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə,
inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır,
neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş
ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu
ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar
özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir.
O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə
fəal işləməliyik.
Son
20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, - onların bir neçəsi
xarici tərəfdaşlarla birlikdə, - yaradılıb. Məsələn, ikisi Rusiya, biri Fransa,
biri Türkiyə, biri də İtaliya ilə – beş. Qalanını da özümüz, o cümlədən Xankəndi
Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin,
müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və
sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun.
Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa,
neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma
indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan
sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid
edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq.
Bizim
çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil
almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur.
Onlardan biri də bu "Yüksəliş" proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək,
təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək
üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq
çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər
vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən
22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və
həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və
bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin
ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa
istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi,
bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı
şəxsiyyətlər yaranır. Əlbəttə, hər birimiz ölkəmiz üçün ancaq yaxşı günlər
arzulayırıq və verdiyiniz bu sual da çox vaxtında verilən sualdır. Bu da ayrıca
bir danışığın, yəni söhbətin mövzusudur. Ancaq hesab edirəm ki, biz düzgün
yoldayıq və islahatlar davam etdiriləcək.
Nadia
Cani: Cənab Prezident, ötən il mənim "Kəskin Səyahət" Beynəlxalq
Qrupunun göndərdiyi bir səyyahdan müsahibə götürmək fürsətim oldu. O və bir
sıra digər şəxslər bölgəni təşviq etmək, yenidənqurma layihələrini müşahidə etmək
məqsədilə Laçın, Xankəndi və Ağdamda əsas məkanlara səfər etdilər, yenidənqurma
layihələrinə xüsusi maraq göstərdilər. Azərbaycan turizm imkanlarını əlavə
olaraq necə daha səmərəli təşviq edə, zəngin mədəniyyətini necə nümayiş etdirə,
turistləri nəinki paytaxta, eləcə də azad edilmiş ərazilərə necə cəlb edə bilər?
Prezident
İlham Əliyev: Bəli, COVID-dən əvvəl bizdə turizm sahəsində kifayət qədər böyük
artım var idi. Gələnlərin sayı hər il artırdı, sonra birdən-birə kəsildi. İndi
biz həmin rəqəmləri bərpa edirik. Düşünürəm ki, bir neçə meyar Azərbaycanı cəlbedici
edə bilər. Birincisi, təbii ki, təhlükəsizlik və sabitlikdir. Bu gün dünyada
insanlar səyahət etmək qərarına gəldikdə onlar hər zaman ölkənin təhlükəsizliyini
və sabitliyini nəzərə alırlar. Bir sözlə, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz
məkanlardan biri hesab edilə bilər.
İkincisi,
onun yerləşməsidir. Ölkəmiz həm Asiyaya, həm də Avropaya yaxındır, bir növ
onların qovuşduğu yerdədir. Əlbəttə ki, meyarlar sırasında zəngin mədəniyyət,
tarixi abidələr, təbiətin müxtəlifliyi, doqquz iqlim tipi və inkişaf etmiş
paytaxt var. Özü də təkcə paytaxt deyil, eləcə də bir çox turizm məkanları,
doqquz beynəlxalq hava limanı, dəmir yolları və təbii ki, iqlim var. Bakıda və
həmçinin bölgələrdəki iqlimi çox bəyənirəm. Xizəksürmə turizmi, çimərlik
turizmi, piyada gəzinti, meşələr və xüsusən də nadir və bənzərsiz mətbəxi də əlavə
etmək olar. Ölkəmizin çox qonaqpərvər, əcnəbiləri sevən insanları var. Bilirəm
ki, Azərbaycanda yaşayan bir çox əcnəbilər özlərini evlərindəki kimi hiss edir.
Bir
sözlə, ölkədə çox müsbət mühit, çox pozitiv insanlar var. Azərbaycan xalqı çox
mehriban xalqdır. Ölkəmizə ilk dəfə səfər edən qonaqların, demək olar ki,
hamısı Bakının gözəlliyi haqqında danışır. Görürük, onların çoxu deyir ki,
insanlar gülərüzdür. Bir çox insanın üzündə təbəssüm var. Cəmiyyətdə yaxşı əhvali-ruhiyyə
mövcuddur. Biz daha çox turist cəlb etmək üçün daha fəal olmalıyıq. Biz müxtəlif
tədbirləri təşkil etməklə, bunları yerli səviyyədə və beynəlxalq arenada həyata
keçirməyə çalışırıq. Misalçün, yarım milyard auditoriyası olan bir nömrəli
idman tədbiri - Formula 1 yarışları təşkil olunur. Artıq on ildir ki, bu
yarışlar keçirilir. Turistlərin də sayı ilbəil artır.
Bu
il, iki aydan sonra Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə dünya çempionatı
keçiriləcək. Həmin istirahət guşəsini ən yüksək beynəlxalq səviyyədə inkişaf
etdirmək həm də bizim hədəfimizdir. Hazırda enişlərin təxminən 50 kilometri
artıq hazırdır. Məsafə, ola bilsin, 55 və ya 60 kilometr olacaq. Dünya
çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək
Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər
buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan
"Sea Breeze" böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç
bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə,
həm yaşayış yerləri və digər imkanlar mövcuddur.
Qarabağ
və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən təbii cənnətdir. Bir sözlə,
orada turizmin inkişafı prioritetlərdən biridir. Şuşada və Laçında bir sıra
mehmanxanalar artıq var. Biri Zəngilanda tikilir. Bu yaxınlarda, Kəlbəcərdə,
İstisuda mehmanxana açılacaq. Ola bilsin, gələn il və hətta bu il Xankəndidə
yeni mehmanxana açıla bilər. Bu, turizm üçün mühüm məkan olacaq. Bununla
yanaşı, Qəbələ, Lənkəran, Gəncə və bir çox digər məkanlar kimi ənənəvi turizm
yerləri də mövcuddur.
Çox
məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata
keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava
şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir.
Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı
qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist
sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür.
Planlaşdırdığımız
işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi
də var. Ötən il üçün rəqəmləri hələ almamışam, amma düşünürəm ki, sərnişinlərin
sayı 7 milyonu ötəcək. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin
tutumlu terminal lazım olacaq. Bir sözlə, biz burada yeni terminalın yeni
konsepsiyası üzərində artıq işləyirik.
Bütün
bunlar və öncədən qeyd etdiyim kimi, müharibənin bitməsi meyarı tamamilə yeni vəziyyət
yaradır. Bu yük çiyinlərimizdən götürülüb. Bu yükü biz 30 ildən artıq
daşımışıq. Beynəlxalq münasibətlər, biznes, səyahət və turizm baxımından bu,
tamamilə yeni vəziyyətdir. Beləliklə, mən böyük perspektivlər görürəm. Biz
biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik.
Hazırda onun üzərində çalışırıq. Bəlkə də bir şey söyləmək vaxtından əvvəl
olardı. Lakin istirahət məqsədilə turizm artıq mövcuddur: Naftalan, Qalaaltı və
ya Duzdağ və bir çox digər yerlər var. Lakin səhiyyə turizminə də nail olmaq
mümkündür. Planlar çoxdur. Ümid edirik ki, onların hamısı həyata keçiriləcək.
Murad
Hüseynov: Cənab Prezident, Siz söylədiniz, çoxlu planlar var və bildirdiniz ki,
onlar həyata keçiriləcək. Biz bu qədər vaxtınızı aldığımıza görə Sizdən üzr istəyirik
və həmkarların icazəsi ilə son sualımı verim. Dinc, gözəl Azərbaycan qurmaqda
olduğunuzu Siz təsvir etdiniz və bu işin görülməsi üçün yerlərdə yaxşı
icraçılar lazımdır. Sizin dövlət məmurları, icra başçıları ilə bağlı ötən il
verdiyiniz tapşırıqların hamısı cəmiyyətdə geniş müzakirə olundu. Sizin
fikrinizcə, müasir dövrün dövlət məmuru, icra başçısı necə olmalıdır? Eləcə də
biz işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri
institutunun fəaliyyətini görürük. Bu fəaliyyət gələcəkdə bütün respublika ərazisinə
sirayət edə bilərmi? Bununla bağlı hansısa planlar varmı?
Prezident
İlham Əliyev: Bəli, ola bilər, çünki Qarabağ və Şərqi Zəngəzurda artıq yeni
üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu, özlüyündə
daha çevik idarəetmə üçün daha əlverişlidir. Amma yenə də əsas məsələ, kadr məsələsidir.
Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar
olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən
çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin
edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra
başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa,
korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar,
sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan
sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz,
mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə
təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə
mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya,
mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir.
Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol
verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların
keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən
söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən
həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər,
əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər
çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam
edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki,
vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və
mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri.
Halbuki
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin
müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da
operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər.
Hər
halda ümumi inkişafımız üçün bilirsiniz, hər bir insan, xüsusilə vəzifə sahibi
ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə
indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər,
qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan
problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz
olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq.
Bizim
cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz
dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim
xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi
inkişafla bağlı heç bir narahatlıq yoxdur. Ancaq etibar etdiyim kadrlar və
bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar.
Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz
ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən
gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı
siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm?
Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir
neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda
artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin
etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam
da özünü çox gözlətməyəcək.
Mirşahin
Ağayev: Cənab Prezident, mənim Sizə verəcəyim sualın 28 yaşı var. Mən bu sualı
1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevə vermişəm. O sual onda yarımçıq idi.
Heydər Əliyev nə qədər ətraflı cavab versə də, hesab etdik ki, o, yarımçıqdır,
bu gün də. İndi mənim Sizə verəcəyim sualla və Sizin verəcəyiniz cavabla o sual
da, cavab da mükəmməl olacaq, bütöv olacaq. Mənə elə gəlir ki, burada Ulu Öndər
Heydər Əliyev bizə qulaq asır.
Sual
onda belə idi, "Bəlkə də ərazisinin 20 faizini itirmiş, əldən getmiş bir
dövlətin vətəndaşının sualı bir az gülməli çıxır, amma istənilən halda torpağa
münasibətiniz necədir? Sizdən ötrü torpaq nədir?". Ulu Öndər onda suala
cavabı belə başlamışdı: "Torpaq çox geniş anlayışdır". Sonra izah
etmişdi, torpaq onun həyatında hansı rol oynayır? Hətta işğal altında olan
torpaqlarımızın nə qədər əziz olduğundan da danışmışdı. Amma razılaşaq ki,
torpaqlar işğal altında idi və bu sual tam Azərbaycanı əhatə etmirdi. İndi mən
bu sualı artıq ərazi bütövlüyünü bərpa, dövlət suverenliyini təmin etmiş Müzəffər
Ali Baş Komandan İlham Əliyevə verirəm və əminəm ki, cavabdan Ulu Öndərin ruhu
da şad olacaq.
Prezident
İlham Əliyev: Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə,
itirilmiş torpaqlarla bağlı idi. Çünki bu haqda sual işğal dövründə veriləndə hər
birimiz itirilmiş torpaqlar haqqında düşünürdük və əminəm ki, cəmiyyətimizin əksəriyyəti
inanırdı ki, biz bu torpaqlara qayıdacağıq. Düzdür, illər keçdikcə bu inam da
tükənirdi və mən bunu hiss edirdim. 2020-ci ilə qədər keçmiş köçkünlərlə
keçirdiyim çoxsaylı görüşlər əsnasında mən hər zaman deyirdim ki, biz o
torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma bəziləri
görürdüm ki, gözlərindən hiss olunurdu, buna inanmırlar və onları da qınamaq
olmaz. Çünki 30 il ərzində torpaqları itirilmiş insanlar hansı hisslər keçirə
bilər? Bu, başadüşüləndir. Ancaq mən daxilən hər zaman inanırdım ki, biz buna
nail olacağıq. Birinci mərhələdə inanırdım ki, - bəlkə də bir az sadəlövh idim,
- bunu sülh yolu ilə həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa
çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər
ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm
ki, yox, hər şeyi yaxşı bilirlər. Sadəcə olaraq, onların böyük əksəriyyəti
hesab edirdilər ki, belə də olmalıdır: bu torpaqlar ermənilərə çatmalıdır. Yəni
bu, onların dünyagörüşü idi. Bunlar bilmirəm haradan gələn, hansı qaynaqlardan
gələn bir fikir idi və xüsusilə bu, Qərb həmkarlarıma aid olan məsələdir. Onlar
hesab edirdilər ki, belə də olmalıdır. Qeyd etdiyim kimi, bəziləri deyirdilər
ki, siz gərək reallıqlarla barışasınız. İllər keçdikcə hərbi variantın labüd
olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı. Sadəcə olaraq, hazırlıq işləri
lazımi səviyyədə görülməli idi.
Vətən
müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə
deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim
üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu
sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın
istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi
ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla
bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə
bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq
idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan
idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri
deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin
adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis
niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim
ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik,
orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın
sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan
o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər,
torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada
daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə
baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır.
Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da
yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü
yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik:
Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram
danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz
torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki,
bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək.
Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan
dövləti var.
Mirşahin
Ağayev: Mən təşəkkür edirəm, bütün həmkarlarım adından minnətdaram. Dövlət
böyük ailədir. Biz Sizə ailə səadəti arzulayırıq.
Prezident
İlham Əliyev: Sağ olun.
Mirşahin Ağayev: Sağ olun.
Şərhlər