Xəbər lenti

İlham Əliyevin Qəzza mövqeyi: İnsan amili və suveren iradə ön planda (ŞƏRH)
Siyasət 15:49 06.01.2026

İlham Əliyevin Qəzza mövqeyi: İnsan amili və suveren iradə ön planda (ŞƏRH)

Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Dövlətimizin başçısı bu məsələdə kimin mandat verəcəyi və onun necə olacağının indiyədək aydın olmadığını qeyd edərək, Azərbaycanın "peace enforcement" əməliyyatlarında iştirak etməyi nəzərdə tutmadığını vurğulayıb.

"Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur", deyən dövlət başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik.

"Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir", deyə Prezident əlavə edib.
 


Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, hazırda Qəzza ilə bağlı qeyri-müəyyənlik var. Bununla bağlı hər hansı bir fəaliyyət planı, eyni zamanda müəyyən zəmanət yoxdur. Politoloq qeyd edib ki, Qəzzada sülh missiyası adı altında fəaliyyət göstərəcək qruplar həm də dolayısı ilə HƏMAS-ı tərksilah etmək öhdəliyini üzərlərinə götürməlidir: 

"Qəzzada sabitliyin təmin olunması yolunda birinci mərhələ başa çatsa da, hələ hərbi əməliyyatlar tam dayandırılmayıb. Zaman-zaman hərbi əməliyyatlar yenidən alovlanır".
 


Bu isə həmsöhbətimizə görə, sülhməramlı missiyanı həyata keçirəcək qüvvələrin çarpaz atəş altında qala biləcəyi təhlükəsini yaradır: 

"Yəni sülhməramlı qüvvələrin təhlükəsizliyinə təminat yoxdur. O baxımdan da Azərbaycan dövlət başçısı Azərbaycan əsgərini təhlükə altına atmaq istəmir. Kiminsə geosiyasi maraqları naminə Azərbaycan əsgərinin təhlükəyə atılması doğru deyil və Prezident də dolayısı ilə bunu dilə gətirib".

Natiq Miri qeyd edib ki, Azərbaycan artıq kimlərinsə geosiyasi maraqlarına xidmət edən dövlət olmaqdan çoxdan çıxıb və artıq konkret suveren iradəyə malik bir dövlətdir:

"Bu mənada Prezidentin Qəzza ilə bağlı verdiyi açıqlamasının əsas məqamı məhz insan amilidir. Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlılara dəyər verdiyindən, hər hansı bir elementar itkiyə də dövlət olaraq razı deyil. Kiminsə, hansısa dövlətin təhlükəsizliyi naminə Azərbaycan əsgərini təhlükəyə atmaq doğru deyil".

Rüfət Sultan

--> -->