Xəbər lenti

İcra hakimiyyətlərinin ləğvi yenidən gündəmdə: Konistitusion dəyişikliklər ola bilər?
Siyasət 13:27 06.01.2026

İcra hakimiyyətlərinin ləğvi yenidən gündəmdə: Konistitusion dəyişikliklər ola bilər?

"Prezidentin çıxışı belə bir ehtimalı gündəmə gətirir ki, bu il müəyyən konstitusiya dəyişikliyi, struktur islahatları ilə bağlı qərarların verilməsi ili ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına verdiyi müsahibədəki fikirlərinə münasibət bildirərkən deyib. 

Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda struktur islahatları ilə bağlı çoxdandır müzakirələr gedir:

"Prezidentin 5 yanvar çıxışında bununla bağlı müəyyən ipucları var. Dövlət başçısının söylədiklərini nəzərə alsaq, ola bilər ki, yaxın gələcəkdə struktur islahatları ilə bağlı müəyyən qərarlar qəbul olunsun. Bununla da yerli icra hakimiyyətləri institutları ləğv oluna, əvəzində Prezidentin şəxsi nümayəndəlik institutunun səlahiyyətləri daha da genişləndirilə bilər". 
 


Natiq Cəfərli bunun üçün konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu qeyd edib:

"Ola bilər ki, bu il konistitusiya dəyişikliyi ilə bağlı hansısa qərarlar, müzakirələr açılsın. Fikrimcə, bu, çox vacibdir. Çünki bu tək icra strukturları, icra hakimiyyətləri institutunun ləğvı ilə bağlı deyil, başqa sahələrdə də konistitusion islahatlara ehtiyac var ki, Azərbaycanın qarşısında duran məsələlərin həlli sürətlənsin".

Natiq Cəfərli vurğulayb ki, iqtisadi-sosial məsələlərin bir qismi idarəetmə ilə bağlı olan problemlərlə bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Bahar Rüstəmli

--> -->