Xəbər lenti

Siyasət 16:02 06.03.2026

"Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir" - Ekspert

"Prezident İlham Əliyevin dünən İranla bağlı sərt və açıq çıxışı, regionda diplomatik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində birbaşa təsir göstərib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu ölkə başçısının tapşırığı ilə Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq heyətinin profilaktik təxliyə üçün hazır vəziyyətə gətirilməsi xəbərini şərh edərkən deyib.

Azər Rəşidoğlu vurğulayıb ki, Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir:

"İlham Əliyevin dünənki çıxışı həm diplomatik, həm strateji siqnaldır. Azərbaycan öz maraqlarını qorumaqda qətiyyətlidir və regionda yaranan riskləri qabaqcadan idarə etmək imkanına malikdir. Tehrandakı və Təbrizdəki diplomatların təhlükəsizliyinin təmin olunması üçün təxliyə addımları atılması, yalnız profilaktik tədbir deyil, həm də strateji hazırlığın göstəricisidir".

Ekspert əlavə edib ki, bu tədbirlər həmçinin Azərbaycan dövlətinin strateji idarəetmə və proaktiv yanaşma qabiliyyətini nümayiş etdirir:

"Regionda gərginliyin artdığı şəraitdə diplomatlarımız üçün risklər realdır. Prezidentin çıxışı, təhlükəsizlik tədbirləri və təxliyə qərarı bir araya gələrək həm cəmiyyəti, həm də beynəlxalq tərəfdaşları aydın mesajla təmin edir. Azərbaycan həm təhlükəsizliyi qoruyur, həm də hər hansı insidentə qarşı hazırlıqlı və planlıdır. Növbəti mərhələdə İranın Bakıdan üzr istəməsi gözləniləcək və bundan sonra münasibətlərin hansı məcrada olacağına qərar veriləcək".
 


Azər Rəşidoğlu həmçinin qeyd edib ki, bu addımlar cəmiyyət üçün də mühüm siqnaldır:

"Azərbaycan diplomatlarının təhlükəsizliyini təmin etməklə, dövlət həm də cəmiyyətə göstərir ki, hər hansı potensial təhlükəyə qarşı hazırdır. Bu, həm  təhlükəsizlik, həm diplomatiya, həm də strateji mövqe baxımından Azərbaycanın qətiyyətini nümayiş etdirir".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq heyəti İrandan təxliyə olunacaq. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

"Ötən gün dron hücumu ilə bağlı Prezident İlham Əliyev tərəfindən bütün aidiyyəti tapşırıqlar verilib, diplomatik addımlar atılıb. Eyni zamanda Azərbaycanın təhlükəsizlik tədbirləri hər zaman ən yüksək səviyyədədir.

Bilavasitə yaxın ərazidə hərbi əməliyyatlar gedən zaman risk artdıqda silahlı qüvvələrin hazırlıq səviyyəsi artırılır, bununla bağlı da müvafiq tapşırıqlar verilib", - deyə nazir bildirib.

Ceyhun Bayramov həmçinin əlavə edib ki, bundan sonra hadisələr diqqətli şəkildə izləniləcək:

"İranın vədinə uyğun olaraq araşdırmanın nəticəsini gözləyəcəyik və buna uyğun qərar veriləcək, addımlar atılacaq".

Siyasət şöbəsi

--> -->