Xəbər lenti

Publik hüquqi şəxslərin artması: Yeni monitorinq agentliyi nə vəd edir?
Ekonomiks 12:05 20.02.2026

Publik hüquqi şəxslərin artması: Yeni monitorinq agentliyi nə vəd edir?

"Maliyyə Nazirliyi dövlət müəssisələrini monitorinq etməlidir və indinin özündə də bunu edir. Çünki Maliyyə Nazirliyi dövlət vəsaitlərinin xərclənməsinə nəzarət edir. Bu məsələyə nazirliyin müəyyən bölmələri, departamentləri, şöbələri baxır". 

Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov Maliyyə Nazirliyi yanında "Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi" publik hüquqi şəxsin yaradılmasının məqsədi və onun hansı nəticələr verəcəyini şərh edərkən deyib. 

"Aydındır ki, monitorinq agentliyi publik hüquqi şəxs olacaq. Deməli, orada çalışanlar da dövlət qulluqçusu hesab olunmayacaq. Bu həm də o deməkdir ki, agentlikdə işləyənlər daha çox əmək haqqı alacaq", deyə ekspert qeyd edib.
 


Əkrəm Həsənov bildirib ki, son illər hər bir nazirliyin yanında çox sayda publik hüquqi şəxs yaradılıb:

"Nazirliyin işçiləri dövlət qulluqçularıdır və onların maaşı vahid dövlət tarifinə uyğun olaraq aşağıdır. Publik hüquqi şəxs yaradıldıqda isə orada çalışanlara nə qədər maaşın verilməsi və ayrılacaq xərcləri özləri müəyyən edirlər. Ona görə də publik hüquqi şəxslər də artır".

Ekspert hesab edir ki, yaradılan agentlik işin keyfiyyətinə müsbət təsir edə bilər:

"İndiyə qədər dövlət müəssisələrinə keyfiyyətli nəzarət aşağı səviyyədə idi. Onların demək olar ki, hamısı mənfəətsiz işləyir. Yaradılan agentlik işçilərinin daha çox əmək haqqı alması isə bəlkə də işin keyfiyyətinə müsbət təsir edəcək".

Rüfət Sultan
--> -->