Siyasət 11:59 07.05.2022

Putinin yanlış hesabı, Paşinyanın dirənişi, sovet təfəkkürünə malik idarəçilər... - Asim Mollazadə ilə müsahibə

Rusiyanın Ukraynaya təcavüzü davam edir. Fevralın 24-dən başlayan müharibə Kremlin gözləntilərinin əksinə olaraq uzanır. Moskva qısa müddətdə Kiyevi ələ keçirərək qarşıya qoyulan məqsədə çatmağı planlayırdı. Lakin iki aydan artıqdır ki, Rusiyanın hərbi qüvvələri Ukrayna bataqlağında ilişib qalıblar. Faktiki olaraq Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı planları iflasa uğrayıb. Lakin Rusiya müharibəni davam etdirməkdə israrlı görünür və prosesin nə qədər uzanacağı bəlli deyil. 

Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə müsahibədə ilk olaraq bu məsələyə toxunub.
 
"Rusiya yeni dövrə uyğun hərbi texnikaya və strategiyaya malik deyil. Moskva yalnız raket zərbərləri ilə uğur qazanmağa çalışır..."
 

- Rusiya Ukraynaya qarşı təcavüzə başlayanda Kiyevi 3 günə tutalacağı barədə iddialar səsləndirilirdi. Hətta Rusiyanın hərbi rəhbrəliyi də qısa müddətdə "xüsusi hərbi əməliyyat”ın bitəcəyini bəyan etmişdi. Amma müharibə artıq üçüncü aya keçib. Sizcə, Kremlin məqsədinə çata bilməməsinin səbəbləri nədir?
- Bir neçə səbəb ola bilər. Bunlardan biri əlbəttə ki, Ukrayna xalqının dövlət müstəqilliyini qorumaq üçün səfərbər olmasıdır. Ukrayna xalqının birliyi dünyanın da onlara dəstək verməsini şərtləndirdi ki, bu da ikinci səbəb hesab edilə bilər. Bundan əlavə, məlum oldu ki, Rusiya heç də müasir hərbi texnikaya malik deyil. Rusiya hərbi qüvvələrinin strategiyası daha çox İkinici Dünya Müharibəsi və ondan sonrakı dövr üçün uyğunluq təşkil edir. Yəni, Rusiya yeni dövrə uyğun hərbi texnikaya və strategiyaya malik deyil. Moskva yalnız raket zərbərləri ilə uğur qazanmağa çalışır. Quruda hərbi əməliyyatlar keçirməyə çətinlik çəkir. Bu da müharibənin uzanmasının bir səbəbidir. Bir məqamı da nəzərə almaq lazımdır ki, Ukrayna əsgərinin öz torpağını qorumaq motivasiyası var. Rus əsgərlərində isə belə bir motivasiya yoxdur.

- Hər halda Vladimir Putin bunları hesablamamış deyildi. Bu baxımdan, çoxlarını düşündürən əsas sual bundan ibarətdir ki, Rusiya Prezidenti bunları hesablamışdısa, bu bataqlığa niyə girdi?
- Bilmirəm onların hesablamaları nədən ibarətdir. Amma biz çox istərdik ki, çoxlu sayda mülki insanın ölümünə səbəb olan bu faciəvi hadisə tezliklə bitsin. Azərbaycan dövləti, Azərbaycan xalqı  bu porsesə humanitar nöqteyi-nəzərdən yanaşır. Azərbaycan Ukraynaya çoxlu humanitar yardım göndərir. Bura tibbi ləvazimatlar, qida və s.daxildr. 
 
"Söhbət ondan gedir ki, Ukraynada baş verənlər faciədir və bu, dayandırılmalıdır. Orta əsr təfəkkürü ilə XXI əsrdə yaaşamaq olmaz. Biz sülh və sabitikdə maraqlıyıq"
 

- Putinin bundan sonrakı fəaliyyəti barədə müxtəlif mülühizələrə irəli sürülür. Onun xalqın iradəsi ilə, ən pis halda hərbi çevrilişlə devriləcəyi barədə ehtimallar var. Bununla bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- Mən Rusiya xalqının qərarlarına müdaxilə etmək və buna şərh vermək istəmirəm. Hər bir ölkənin xalqının özünə rəhbər seçmək imkanı olmalıdır. Özləri bilərlər.

- Post-Putin Rusiyasını necə təsəvvür edirsiniz?
- Ən azı bizim marağımız ondan ibarətdir ki, qonşuluqda normal dövlət olsun. Biz əməkdaşlığın, humanitar sahədə əlaqələrin, ticarətin tərəfdaıyıq.Onun üçün də normal bir qonşu dövlət görmək istəyirik. 
 
"Qarabağdakı müharibədən sonra Ermənistan xalqı sülhə, Paşinyan hökumətinə səs verib. Bu adamlar görürlər ki, siyasi yollarla hakimiyyəti geri qaytara bilmirlər. Ona görə də ənənəvi üsullarından – terrordan istifadə etməyə cəhd göstərə bilərlər..."
 

- Ermənistanda siyasi gərginlik artıq qarşıdurma müstəvisinə keçib. Paşinyanın hakimiyyətinin devrilməsi təhlükəsi yaranıb. Bu baş verəcəyi təqdirdə Qarabağda yenidən savaş başlaya bilərmi?
- Hal hazırda əhalini küçəyə çıxarmaq üçün daşnaklar, hərbi cinayətkarlar olan "Qarabağ klanı” fəallıq göstərir. Onlar çox qorxurlar ki, Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər quracağı təqdirdə sonları gələcək. Lakin göründüyü kimi onlar kütləviliyə nail ola bilmirlər. Hətta Qarabağdakı müharibədən sonra Ermənistan xalqı sülhə, Paşinyan hökumətinə səs verib. Bu adamlar görürlər ki, siyasi yollarla hakimiyyəti geri qaytara bilmirlər. Ona görə də ənənəvi üsullarından – terrordan istifadə etməyə cəhd göstərə bilərlər. Artıq belə məlumatlar yayılıb ki, bir sıra beynəlxalq erməni terror təşkilatlarının nümayəndələri artıq Ermənistandadır. Hətta onlardan bir neçəsi aksiyalar zamanı həbs olunub. Onların küçələrdə mövcudluğunun başlıca səbəbi məsuliyyətə cəlb olunmamaları ilə bağlıdır. Bu adamlar hərbi cinayətkarlardı və hərbi tribunalda mühakimə olunmalıdırlar. Təəssüf ki, dünya onların törətdiyi cinayətlərə göz yumub. Bu adamlar layiqli cəzalarını almadıqlarına görə yenidən terrorla hakimiyyəti zəbt edib bölgədə müharibəni alovlandırmaq istəyirlər. 

- Buna nail ola biləcəklərmi?
- Bilirsiniz. Artıq zaman dəyişib. İndi onların qarşısında böyük hərbi gücə malik olan Azərbaycan var. Bizim "dəmir yumruğumuz” yerindədir. Ona görə də hesab edirəm ki, onlar məqsədlərinə çata bilməyəcəklər. 

- Zaman-zaman Ermənistanla Azərbaycan arasında vasitəçi olmadan danışıqların aparılması gündəmə gətirlib. Mövcud şərtlər daxilində bu mümkündürmü?
- Təbii ki, mümkün ola bilər. Burada hansısa problem görmürəm. Əslində Azərbaycan həmişə Ermənistanı normal danışıqlara çağırır. Paşinyan üçün öz dövlətini və hətta öz hakimiyyətini qorumaq üçün yeganə yol Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoyub, normal münasibətlər formalaşdırmaq və sülh sazişi imzalamaqdır.
 
"Azərbaycanla heç kəs güc və şantaj yolu ilə danışa bilməz. Hər şey beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır"
 

- Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı narahatlıq var. Sizcə, müvafiq müddət bitdikdən sonra sülhməramlılar bölgəni tərk edəcək? 
- Heç şübhəm yoxdur ki, bütün məsələlər həllini tapacaq. Azərbaycanla heç kəs güc və şantaj yolu ilə danışa bilməz. Hər şey beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Azərbaycan bölgədə sülh, sabitlik, kommunikasiyaların açılmasını istəyir. Bu bizim maraqlarımıza uyğundur. Bunun qarşısını almaq istəyən hər hansı qüvvə Azərbaycan xalqının sərt mövqeyi ilə üzləşə bilər. 

- Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşirilməsi barədə təkliflər səsləndirilir. Bunu real saymaq olarmı?
- Bu gün ən müasir hərbi qüvvələr Azrbaycandadır. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin inkişafına böyük dəstək verir. Azərbaycan Silahlı Qüvvələri bu gün bölgədə sabitliyi qorumaq kifayət qədər ciddi bir gücdür.

- Azərbaycanın daxili siyasi mühitində durğunluq hökm sürür. Necə hesab edirsiniz bu durğunluq 44 günlük müharibənin yaratdığı yeni reallıqlarla bağlıdır,  yoxsa başqa səbəblər var?
- Bizim niyyətimiz dövlətin ikişafı və bunun üçün islhatların həyata keçirilməsidir. Bu istiqamətdə müəyyən addımar atılıb və biz də müsbət addımlara dəstək verməyə hər zaman hazırıq. Hesab edirik ki, Azərbaycanda siyasi mədəniyyət artmalı, bu istiqamətdə yeni gənc nəsil yetişməli və idarəetmə sisteminə hazır olmalıdır. Sovet təfəkkürünüə malik olan idarəçilər dövlət sistemindən uzaqlaşdırılmalıdır. Siyasi partiyaların da ölkdəki müsbət proseslərə dəstək verməsini normal hesab edirəm. Hansısa mənfi hallara qarşı isə bütün ictimaiyyətin və siyasi qüvvələrin mübarizəsinə ehtiyac var.

Vidadi Məmmədov