Dünya 12:32 20.02.2023

Putinin yeni qazancları: Rusiya sərvətinin yenidən bölüşdürülməsi - Aslun

Müharibələr və sanksiyalar adətən milliləşdirmə, müsadirə və çox vaxt kriminallaşdırma yolu ilə mülkiyyətin kütləvi şəkildə yenidən bölüşdürülməsinə gətirib çıxarır. Rusiya da istisna deyil.

İsveç əsilli amerikalı iqtisadçı və diplomat, Ukrayna, Rusiya və keçmiş SSRİ ölkələrinin milli iqtisadiyyatları üzrə aparıcı beynəlxalq ekspert, Corctaun Universitetinin professoru, çoxsaylı hökumət və iqtisadi təşkilatların müşaviri, "Atlantic Council” beyin mərkəzinin baş elmi işçisi Anders Aslundun məqaləsini təqdim edir.

Ölkədə az adamın bəhs etdiyi mülkiyyətin radikal şəkildə yenidən bölüşdürülməsi gedir. Kremlin Ukraynadakı işğalçılıq müharibəsi prezident Vladimir Putinin cəmiyyət üzərində nəzarətini gücləndirsə də, beynəlxalq sanksiyaların enerji, bank, silah və digər əsas sənaye sahələrinə daha çox zərbə vurması iqtisadi səmərəliliyə zərbə vurur.

Keçən fevralda Rusiya Ukraynanı işğal etməzdən əvvəl ümumi 500 milyard dollara yaxın birbaşa xarici sərmayə ilə öyünürdü. Lakin bu sərmayənin böyük hissəsi Qərb şirkətlərindən gəlib və o vaxtdan bəri onlar ölkəni tərk etmək niyyətində olduqlarını bəyan ediblər. Yel Universitetindən Cefri A. Zonnenfeldin sözlərinə görə, sanksiyaların tələblərindən kənar 1000-dən çox xarici şirkət Rusiyadakı fəaliyyətlərini azalddıqlarını bəyan edib. Yüz milyardlarla dollar dəyərində aktivlər satışa çıxarılıb və mülkiyyət dəyişikliyi tədricən və qeyri-şəffaf şəkildə baş versə də, transformasiyanın mahiyyəti göz qabağındadır.

Xarici mülkiyyətin ən böyük payı karbohidrogen sektorunun payına düşür.

Sənayenin əsas transmilli oyunçularının əksəriyyəti Rusiyada "Rosneft” və "Qazprom” kimi dövlət şirkətləri ilə tərəfdaşlıq vasitəsilə mövcud idi. Məsələn, BP Rosneft-də 14 milyard dollar dəyərində olan 19,75% paya sahibdir və onun bu paydan necə qurtulacağı hələ bəlli deyil. Ehtimal olunur ki, Rosneft sonda səhmləri qəpik-quruşa (rubla) alacaq. 

Eynilə, Exxon-un Saxalində Rosneft ilə birgə böyük müəssisəsi var, lakin görünür ki, mülkiyyət Rusiya hökumətinin əlinə keçib. Əvvəllər şirkət payını 4 milyard dollardan çox qiymətləndirirdi və "Rosneft”in hər hansı təzminat təklif edib-etməməsi hələlik dəqiqləşdirilmir. Biz bilirik ki, Shell-in Qazprom ilə Saxalin layihəsindəki payı faktiki olaraq kompensasiya ödənilmədən müsadirə olunub.

Fransanın TotalEnergies transmilli korporasiyası da var. Putinin iki yaxın adamı Gennadi Timçenko və Leonid Mixelsonun nəzarətində olan Novatek-ə və Arktika dənizindəki nəhəng Yamal LNG zavoduna sərmayə qoyan TotalEnergies bazardan çıxdığını elan edən ən son Qərb enerji şirkəti oldu. İndiyə qədər o, ölkəni tərk etməsə də, Novatek-ə 3,7 milyard dollar dəyərində olan sərmayəsini silib və çox güman ki, Timçenko və Mixelson üçün əlverişli şərtlərlə razılaşacaq.

Bu arada iki böyük enerji xidmətləri göstərən Halliburton və Baker Hughes şirkətləri Rusiyadan çəkildiklərini bildiriblər.

Görünür, onlar yerli törəmə şirkətlərini bu şirkətlərin rusiyalı top-menecerlərinə satıblar ki, bu da adi təcrübədir. Qərbin sanksiyaları ləğv edilərsə, bu sövdələşmələrdən hansının ləğv oluna biləcəyini söyləmək çətindir. Amma Schlumberger Rusiyada qalmasına və yalnız yeni investisiyalar və yeni texnologiyaların tətbiqinin dayandırılmasıma qərar verib.  

İri Rusiya banklarına sanksiya tətbiq edilsə də, kiçik bankların əksəriyyəti sanksiyaya məruz qalmayıb, bu da arbitraj imkanları yaradır. Bununla belə, bank sahibliyində hər hansı dəyişiklik daha ehtiyatlı olacaq, çünki Putinə böyük təsiri olan Rusiyanın Mərkəzi bankı bank sektorunda sabitliyin pozulmasından ehtiyatlanır.

Maraqlı bir hadisə, 1990-cı illərin oliqarxlarından biri, Rosbank-ı illər əvvəl Société Générale-ə satan Vladimir Potaninlə bağlıdır. Putinin Ukraynanı işğal etməsindən sonra Société Générale oyundan çıxmaq istədi. Beləliklə, Potanin (hələ sanksiyaya məruz qalmayan) işə girdi və Rosbank-ı böyük endirimlə  - cəmi 500 milyon avro (545 milyon dollar) ödəməklə bankı aldı. Société Générale isə satışdan 3,1 milyard avronu sildi. Sonra Potanin (sonunda ona sanksiya qoyuldu) müharibəni açıq şəkildə tənqid etdikdən sonra Putinlə fikir ayrılığına düşən Oleq Tinkovdan təsisçi olduğu Tinkoff Bank-ın 35% səhmini aldı. Tinkovun sözlərinə görə, onun satdığı səhmlər Potaninin ona ödədiyindən on dəfə baha idi.

Rusiya dövlətindən başqa, bu bölgüdən ən mühüm faydalananlar, çox güman ki, Putinin Sankt-Peterburqdan olan yaxın dostları - Yuri və Mixail Kovalçuk qardaşları, Arkadi və Boris Rotenberq qardaşları və Gennadi Timçenko olacaqlar. Bankir və Putinin ən yaxın müşaviri kimi tanınan Yuri Kovalçuk Rusiya telekanallarının əksəriyyətinə sahibdir və Rusiya internetinin böyük hissəsini Putinə yaxın olan digər oliqarx Əlişir Usmanovdan mail.ru-nu almaqla əldə edib.

Eynilə, əsasən Rusiyanı tərk edən və ya Putindən uzaqlaşan oliqarxlara məxsus olan bir sıra digər sənayelər ona sadiq qalanlar arasında bölüşdürülür. Təsadüfi deyil ki, Rusiyada qalanlar və Putinin indi özünü əhatəyə aldığı şəxslər – xaricə getsələr, yəqin ki, həbs olunacaq şəxslər olurlar.

Rusiyanı tərk edənlər arasında silah sənayesinin çox ehtiyacı olan on minlərlə əla kompüterçi alimlər var. Əslində, o qədər rusiyalı qonşu ölkələrə mühacirət edib ki, Ermənistan 2022-ci ildə ÜDM-in 13%-ə qədər artacağını gözləyir. Neft yataqlarından fərqli olaraq bu, Putinin nə milliləşdirə, nə də ələ keçirə bilməyəcəyi bir kapitaldır.

Təbii ki, Putin bu vəziyyətdən özünü daha da zənginləşdirmək üçün istifadə etdi. "Financial Times” bu yaxınlarda yazıb ki, "Rusiya məhkəməsi müharibəni tənqid edən azsaylı oliqarxlardan biri olan milyarder Oleq Deripaskaya məxsus dəbdəbəli otel kompleksinin müsadirə edilməsinə qərar verib”. Bu aktivlər 1 milyard dollar dəyərində qiymətləndirilirdi və indi mahiyyətcə qərarlarına nəzarət etdiyi məhkəmə tərəfindən Putinə təhvil verilir.

Nəhayət, Rusiya sərvətləri Qərbdə də yenidən bölüşdürülür. Rusiya şirkətləri Almaniyadakı Qazpromun qaz anbarları, Almaniyada Rosneft-in neft emalı zavodu və Siciliyadakı Lukoil neft emalı zavodunda olduğu kimi törəmə şirkətlərini satmağa və ya milliləşdirməyə məcbur edilir.

Rusiyada bu yenidən sərvət bölüşdürmə necə baş verirsə versin, indidən bəllidir ki, böyük sərvətlər dövlətin, Putinin əlaltılarının və ona yaxın cinayətkarların əlində cəmləşəcək, əcnəbilərin və mühacirlərin əmlakı müsadirə olunacaq. Amma görünür, Kreml tələsmir. İndiyə qədər o, sədaqətsizliyə görə yenidən bölgüdən istifadə edib. Lakin bu, Putinə açıq şəkildə sərvətləri öz əlinə keçirməyə mane olmur.

Nizami Bağırov