Xəbər lenti

Qadınlara pensiya güzəşti, kişilərə yox: Gender bərabərliyi harada qaldı? (ŞƏRH)
Ölkə 23:00 13.11.2025

Qadınlara pensiya güzəşti, kişilərə yox: Gender bərabərliyi harada qaldı? (ŞƏRH)

Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlər tətbiq edilə bilər. 

Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında bildirib. 

Sədr dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq, bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib. 

Üç və daha çox uşağı olan qadınlar üçün hansı güzəştlər tətbiq edilə bilər?

İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında, bu istiqamətdə ən yaxşı təklifin Milli Məclisin deputatı Vüqar Bayramovdan gəldiyini  bildirib:

"Onun bu istiqamətdə layihəsi var. Hicran Hüseynovanın təklifi isə bildiyimə görə, himayəsində 3 azyaşlı uşağı olan qadınlara aiddir. Sədr bu qadınlara sosial təminatın verilməsi və gücləndirilməsi kimi güzəştlərin olunmasını nəzərdə tutur. Amma Vüqar Bayramovun təklifi ondan ibarətdir ki, ümumiyyətlə, ölkədə 3 uşağı olan qadınlar çoxuşaqlı ailə sayılsın. Azərbaycanda çoxuşaqlı ailə ifadəsi beşuşaqlı ailələrə aiddir. Bu statusu qazanmaq üçün ailənin 5 uşağı olmalıdır. Amma indi edilən təklif ondan ibarətdir ki, 3 uşaqlı ailələr çoxuşaqlı ailələr hesab olunsun”. 
 
 

Akif Nəsirli əlavə edib ki, burada həm də həmin qadınların pensiyaya tez çıxması güzəşti də nəzərdə tutulub:

"3 uşaqlı ailələr adi qaydada 65 yaşında pensiyaya çıxırdılarsa, 62 yaşında pensiyaya çıxsın. 3 uşağa görə güzəşt qazansın. Hazırda bu qayda 5 uşaqlı analara aiddir. 5 uşaqlı analar 60 yaşında pensiyaya çıxmaq hüququ qazanır. Amma 5 uşağın anasına şamil edilən bu qanun onların atasını kənarda qoyur”.

Akif Nəsirli hesab edir ki, bu prosesdə gender bərabərliyi pozulur:

"Niyə atalara şamil olunmur? İstərdim ki, çoxuşaqlı ailə güzəştlərindən həm də kişilər faydalansın. Bu günə kimi gender bərabərliyindən danışırıq. Gender bərabərliyini əsas gətirib qadınların yaşını 65 yaşına qaldırdıq. Odur ki, həmin uşaqların ataları da ailə başçısıdır. Ailənin iki dayağı var - qadın və kişi. Hesab edirəm ki, bu güzəştlər istər 5 uşaqlı, istərsə də 3 uşaqlı ailələrdə kişilər üçün də nəzərdə tutulmalıdır. Qadınlar kimi kişilər 62 yaşında pensiyaya çıxmalıdır. Hazırda 5 uşaqlı analar 60 yaşında pensiya hüququ qazanır, amma bu güzəşt onun həyat yoldaşı, hansı ki, uşaqların yaşamasını təmin edən kişiyə aid deyil. Hesab edirəm ki, bu, sosial ədalətsizlikdir. Hesab edirəm ki, bu mərhələdə Vüqar Bayramovun təklifi daha fundamentaldır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->