Xəbər lenti

İdman 20:52 16.06.2026

"Qalatasaray"dan Avropa transfer bazasını silkələyəcək addım

Yeni mövsüm öncəsi heyətini dünya səviyyəli ulduzlarla gücləndirməyi hədəfləyən "Qalatasaray” transfer bazarında böyük rezonans doğura biləcək bir addım üzərində işləyir.

Qaynarinfo xəbər verir ki, Avropada uğur hədəfini böyüdən İstanbul təmsilçisinin, transfer bazarında ciddi səs-küy yarada biləcək bu əməliyyat üçün fəaliyyətlərini davam etdirdiyi bildirilir.

"Barselona”dakı icarə müddətindən sonra Kataloniya klubunun satınalma şərtindən istifadə etməməsi ilə yenidən transfer bazarının diqqət mərkəzinə düşən Markus Raşford üçün "Qalatasaray”ın bütün imkanlarını səfərbər etdiyi qeyd olunur. Rəhbərliyin futbolçunu razı salmaq üçün xüsusilə Çempionlar Liqası faktorunu ön plana çıxardığı bildirilir.

Baş məşqçi Okan Burukun da hücum xəttində çox yönlü və yüksək səviyyəli futbolçu istədiyi, Raşfordun profilinin texniki heyətin tələblərinə uyğun gəldiyi vurğulanır. Həm cinahlarda, həm də hücumun mərkəzində oynaya bilən ingilis futbolçunun sürəti, birə-bir mübarizələrdə effektivliyi və qol töhfəsi ilə komandanın hücum gücünü əhəmiyyətli dərəcədə artıracağı düşünülür.

Transferin maliyyə tərəfi üzrə də ciddi iş aparıldığı, futbolçunun yüksək maaş tələbinin qarşılanması üçün müxtəlif variantların nəzərdən keçirildiyi bildirilir.

Klub rəhbərliyinin Raşfordun transferi üçün təxminən 30 milyon avro büdcə ayırdığı, şərtlərdən asılı olaraq bu məbləğin daha da yüksələ biləcəyi qeyd olunur.

Futbolçunun xidmətində "Bavariya” və "Çelsi” kimi Avropa klublarının da maraqlı olduğu, transfer yarışının yaxın günlərdə daha da qızışacağı bildirilir.

Son illərdə Mauro İkardi, Dris Mertens və Viktor Osimhen kimi ulduzları heyətinə qataraq diqqət çəkən "Qalatasaray” bu cazibə gücündən istifadə edərək Markus Raşfordu İstanbula gətirməyi hədəfləyir. Transferlə bağlı inkişafların yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.

28 yaşlı ingilis sol cinah futbolçusu 2025/26 mövsümündə "Barselona” forması ilə bütün turnirlərdə 49 oyuna çıxaraq 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Aydın

--> -->