Xəbər lenti

Dünya 15:16 08.01.2026

"Qara qızıl"ın taleyi: ABŞ neftin qiymətini 50 dollara endirə biləcək?

"İlin əvvəlindən qlobal neft bazarına Venesueladakı hadisələrin faktiki olaraq heç bir təsiri olmayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Venesuela neftini nəzarətə götürmək planını həyata keçirməklə ABŞ-ın "qara qızıl"ın qiymətini 50 dollara endirmək niyyətinin reallaşma ehtimalını şərh edərkən deyib. 

Həmsöhbətimizə görə, burada iki məqamı bir-birindən ayırmalıyıq: 

"Venesuelanın neft sənayesi üzərində ABŞ nəzarətinin qurulmasına hesablanmış planın detalları hələlik açıqlanmayıb. İkinci bir tərəfdən, Venesuelada keçid hökumətindən sonra gələcək yeni hökumətin bu planı təsdiq edib-etməyəcəyi məsələsi də hələlik bəlli deyil".
 

 
Ekspert qeyd edir ki, neftin qiymətinin Trampın istədiyi kimi bir barrelə görə 50 dollar səviyyəsinə endirilməsinin Brent markalı neftə aidiyyatı yoxdur:

"Bu Qərbi Texas markalı WTI, yəni Amerikadakı xam neftin qiymətinə aiddir. Ağır nefti emal edən əsas zavod da Texasda yerləşən neftayırma zavodlarıdır. Venesuela nefti ağır neftdir və onun da 85 faiz alıcısı Çin, 10 faiz alıcısı isə Kuba idi. Digər tərəfdən, Venesuela neftinin son 15 ildə dünya neft qiymətinə təsiri olmayıb. Çünki onun bazarı spesifikdir. Yanvarın 3-də ABŞ-ın Venesuelada keçirdiyi operativ əməliyyat fonunda son 5 gündə cəmi bir dəfə neftin qiyməti 60 dollardan aşağı düşüb. Amma az keçmədi ki, qiymət yenidən 60-dan yuxarı oldu".

Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, prezidenti Donald Tramp və müşavirləri uzun illər ərzində Venesuelanın neft sənayesi üzərində ABŞ-ın dominant nəzarətini qurmağa hesablanmış genişmiqyaslı bir təşəbbüs planlaşdırıblar.  ABŞ-ın enerji naziri Kris Rayt da ölkəsinin Venesuela neft ixracatını tam nəzarətdə saxlamaq niyyətində olduğunu bildirib. 

"The Wall Street Journal"ın məlumatına görə, Tramp bu səylərin neft qiymətlərini onun istədiyi 50 dollar/barrel səviyyəsinə endirməyə kömək edəcəyinə əmindir. 

Rüfət Sultan

--> -->