Xəbər lenti

Qədr gecəsi və qismən oruc:
Ölkə 18:58 19.02.2026

Qədr gecəsi və qismən oruc: "İbadətdə niyyət və davamlılıq önəmlidir"

"Ramazan ayı İslamda orucun vacib olduğu ay olaraq xüsusi əhəmiyyət daşıyır. Bu ay boyunca insanların oruc tutması ilahi əmrdir. Allahın əmrlərini də insanlar öz arzu və istəklərinə uyğun şəkildə yoza, təhrif olunmuş qaydalarla həyatlarına tətbiq edə bilməzlər".

Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli 12 ayın sultanı - müqəddəs Ramazan ayında bəzi insanların 3 gün- əhyə gecələrində (Qədr gecəsi) oruc tutmasına aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, Allah Qurani-Kərimdə yalnız xəstələrə və səfərdə olanlara Ramazan ayında tuta bilmədikləri günlərin sayı qədər başqa günlərdə oruc tutmalı olduqlarını bəyan edir:

"Bu baxımdan, orucun Ramazan ayı boyunca deyil, bəzi günlərdə tutulması davranışı ibadətin mahiyyətini tam əks etdirmədiyi üçün dini məsuliyyətin qismən yerinə yetirilməsi kimi qiymətləndirilə bilər. Orucun əsas məqsədi aclığa dözmək deyil, həm də mənəvi intizam və insanın Allah qarşısında itaətə nə qədər sadiq qalmasının nümayişidir. Xəstəlik və səfər kimi hallar orucun icrasını müvəqqəti olaraq məhdudlaşdırır. Lakin bu o anlama gəlməməlidir ki, insanlar ilahi əmrləri öz istəklərinə uyğunlaşdırıb yaşasınlar".
 


Rəsul Mirhəşimlinin fikirincə, qısa müddət ərzində yalnız bəzi günlərdə oruc tutmaq ibadətin sosial və fərdi təsirini məhdudlaşdırır:

"Davamlı oruc ibadəti həm vicdan rahatlığı, həm də dini borcun tam ödənməsi baxımından əhəmiyyətlidir. Bu səbəbdən planlı və davamlı oruc tutmaq həm ibadətin dəyərini qoruyur, həm də fərdin mənəvi inkişafına yardımçı olur. Ramazan ayının bütün günlərində oruc tutmaq həm dini borcun yerinə yetirilməsidir, həm də insanın mənəvi intizamını gücləndirir".

Rəsul Mirhəşimli deyir ki, oruc ibadətində davamlı olmaq çox önəmlidir:

"Hər bir fərd öz məsuliyyətini bilməli və borcunu tamamlamalıdır. İbadətin mahiyyəti yalnız gün sayına görə deyil, həm də niyyət, bu niyyətin əməldə təsdiqi və davamlılığa bağlıdır".

Bahar Rüstəmli
--> -->