Xəbər lenti

Dünya 12:55 06.04.2024

Qərb Ermənistana niyə kömək edir? (ŞƏRH)

"Rusiya Ermənistandan çıxmamış Qərb İrəvana kömək etmək qərarına gəlib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransının nəticələrini şərh edərkən deyib. 

Tofiq Zülfüqarov bildirib ki, Qərb Rusiyanın hərbi müttəfiqi olan Ermənistana açıq şəkildə kömək edir: 

"Bu da onu göstərir ki, Qərbin Ermənistana aid xüsusi planı mövcuddur. Bu baxımdan, Azərbaycanın iradları da ondan ibarətdir ki, Qərb işğala məruz qalan ölkəyə deyil, işğalçıya kömək göstərir. Bu da birmənalı ikili standartdır. Ermənistana elan edilən göstəriləcək yardım rəqəmləri hesab edirəm ki, mənzərəni tam əks etdirmir". 


 
Tofiq Zülfüqarov Qərbin Ermənistana Brüssel görüşündə göstərilən rəqəmdən daha artıq maliyyə resursları verəcəyini də istisna etmir:

"Onların Ermənistana yalnız iqtisadi müstəvidə kömək edəcəkləri elan olunsa da, əslində iqtisadi məsələləri hərbi məsələlərdən ayırmaq olmaz. Qərbin iqtisadiyyatın inkişafı üçün Ermənistana yönəldəcəyi pulun əvəzində, İrəvan öz büdcəsini daha çox silah alınmasına sərf edəcək. Azərbaycan Prezidenti demişkən, məsələyə inklüziv münasibət göstərir. Bu da onu göstərir ki, hər bir məsələdə olduğu kimi, Qərb burada da ikili standartlardan çıxış edir. Belə vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan həmişəki kimi yenə də yalnız öz qüvvəsinə güvənməlidir".

Qeyd edək ki, aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Layenin və Ermənistan baş naziri Nikol Paşinyanin iştirakı ilə görüş baş tutub. Görüşdə Avropa diplomatiyasının rəhbəri Cozef Borrel də iştirak edib.

Bu görüşə əsasən Qərb İrəvana öz iqtisadiyyatını inkişaf etdirmək üçün maliyyə yardımı ayıracağını vəd edib. Belə ki, görüş sonrası dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Ceyms O’Brayn məqsədin diqqəti Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, siyasi islahatlar və humanitar problemlərə yardım etmək olduğunu bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->