Ölkə 16:35 07.06.2022

QHT təhsil üçün ucqar kəndlərə səfərlərə başladı - YENİ LAYİHƏ (FOTO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi yeni layihəyə başlayıb. Birlik "Təhsilin gələcəyi, gələcəyin təhsili" layihəsi çərçivəsində paytaxtda və bölgələrdə, xüsusilə ucqar kəndlərdə təhsilyönümlü tədbirlər planını həyata keçirəcək. 

Qaynarinfo xəbər verir ki, layihənin məqsədi məktəblilərdə, eləcə də müəllim və valideynlərdə təhsilə dair həssas və önəmli mövzularda fərqindəlik yaratmaq, təhsilin cəmiyyətin inkişafındakı rolunu daha qabarıq göstərməkdir. Layihə boyunca keçirilən görüşlərdə şagird-valideyn, şagird-müəllim münasibətlərinə toxunulacaq və bu sahədəki problemlərin  həllinə birgə çalışılacaq. 

Layihəyə Beyləqanın Seymur Abbasov adına  Çəmənli kənd tam orta məktəbində keçirilən görüşlə start verilib. Görüşdə Birliyin rəhbəri Sevinc Fədai, ADU-nun müəllimi, yazıçı Qan Turalı, məktəbin direktoru Həsən Həşimov və müəllim heyəti, Birliyin Beyləqan rayonu üzrə koordinatoru Pərvanə Şıxalıyeva, məktəblilər və valideynləri iştirak ediblər. Tədbir zamanı bir sıra əhəmiyyət kəsb edən məsələlərə toxunulub. Həmçinin, müasir dövrün tələblərinə uyğun peşə və ixtisaslar, təhsildə motivasiya və pozitiv təhsil, şagirdlərin psixoloji sağlamlığı və digər mövzular barədə çıxışlar edilib. 

Tədbirdə müəllim, şagird və valideynlərin fikirləri dinlənilib, sualları da cavablandırılıb. Çıxış edənlər təhsilin inkişafı naminə ucqar kəndə səfər edən Birliyə və qonaqlara təşəkkürlərini bildirib, bu müzakirənin onlar üçün böyük stimul olduğunu vurğulayıblar. 

Sonda uşaqlara "Altun Kitab" Nəşrlər Evinin kitabları hədiyyə edilib. 

Qeyd edək ki, layihə Birliyin daxili maliyyə resursları ilə həyata keçirilir.