Ölkə 15:32 06.06.2023

QHT Uşaq Reabilitasiya Mərkəzində valideynləri maarifləndirdi, uşaqları sevindirdi - "Ecojoy"dan dəstək

Qadın və Uşaqların Təhsilinə Dəstək İB  Beynəlxalq Valideynlər Ayı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində valideynlər üçün maarifləndirici tədbir təşkil edib. 

Tədbir zamanı Birliyin sədri Sevinc Fədai, "Uşağın fiziki və psixoloji inkişafında ailənin rolu", yazıçı, ADU-nun müəllimi Tural Cəfərov "Uşaqları kiberzorakılıqdan qorumaq", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov "Psixoloji mühitin insanın şəxsiyyət kimi formalaşmasında əhəmiyyəti" mövzusunda çıxış edib. Psixoloq, NLP master Rübabə Mərdanova isə valideyn-övlad münasibətlərinə dair vacib məqamlara toxunaraq, valideynlərlə qrup terapiya keçib. Sonda valideynləri maraqlandıran və narahat edən suallar cavablandırılıb. 

Tədbirdən sonra Mərkəzdə müalicə alan uşaqlara "Ecojoy" MMC-nin məntiqi, intellekti və emosional zəkanı inkişaf etdirən və əyləndirən oyuncaqlar hədiyyə edilib. 

Qeyd edək ki, valideynlərin bu kimi təlimlərə və mənəvi-psixoloji dəstəyə ehtiyacı nəzərə alınaraq, 1 saylı Uşaq Reabilitasiya Mərkəzində mütəmadi olaraq Birliyin təlim proqramları həyata keçiriləcək.