Xəbər lenti

Qrenlandiya NATO-nun dağılmasına səbəb olacaq? (ŞƏRH)
Dünya 14:14 09.01.2026

Qrenlandiya NATO-nun dağılmasına səbəb olacaq? (ŞƏRH)

"Trampın Qrenlandiya istəyi NATO-nun parçalanması və dağılmasına səbəb olmayacaq. Amma bununla belə, nəticədə müttəfiqlər arasında etimad mühiti zərbə alacaq və Alyans zəifləyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməkdə israr göstərməsinin NATO-nun gələcək taleyinə təsirini şərh edərkən deyib. 

"Bu plan da Danimarka və NATO-ya üzv digər dövlətlər tərəfindən mənfi qarşılanıb. Nəticədə 1949-cu ildə yaradılan Şimali Atlantika Alyansının dayaqlarını bir qədər zəiflədəcək. Amma bunun Alyansın parçalanmasına gətirib çıxaracağını düşünmürəm", deyə ekspert əlavə edib.
 


Onun fikrincə, NATO baş katibi Mark Rutte bu məsələdə qorxaq, ürkək siyasət yürüdür: 

"Qrenlandiya ilə bağlı sonuncu açıqlamasında Amerikanın sadəcə Qrenlandiyada qoşun yerləşdirmək istədiyini bəyan edib. Əslində, Rutte həqiqəti demir. ABŞ orada qoşun yerləşdirməklə yanaşı, eyni zamanda ərazini özünə birləşdirmək istəyir. Avropa heç bir halda Qrenlandiyanın ABŞ-a verilməsini dəstəkləmir. Trampın bu istəyi böyük narazılıq, diskomfort yaradıb. Bu, sözsüz ki, Alyans üçün xoşagəlməz hadisədir. Lakin bu, heç bir halda Alyansın parçalanması və dağılmasına gətirib çıxarmayacaq. Amma zəifləmə baş verəcək, bir-birinə etimad mühiti zərbə alacaq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus Qrenlandiya məsələsində istədiyindən əl çəkmir. O, yenə də bu ərazini ABŞ-a birləşdirmək istədiyini bəyan edib. Ağ Ev adminstrasiyası qrenlandiyalıları şirnikləndirmək üçün ABŞ-a birləşməyi dəstəkləyən yerli sakinlərə 100 min dollar verəcəyini nəzərdən keçirir. 

Bu fonda bəzi ekspertlər hətta ABŞ-ın Venesuela kimi Qrenlandiyaya da qoşun yeridə biləcəyini istisna etmirlər. Onun baş verməsi isə aydın məsələdir ki, Vaşinqtonun nəinki təkcə Kopenhagenlə, ümumiyyətlə, NATO üzvü olan əksər Avropa ölkələrilə münasibətlərinin kəskin şəkildə pisləşməsilə nəticələnə bilər. Hansı ki, anoloji vəziyyətin yaranması NATO-nun da dayaqlarını sarsıdacaq.

Rüfət Sultan
--> -->