İspaniya çempionatının 28-ci turu çərçivəsində baş tutan "Real" - "Vilyareal" matçından sonra qonaq komandanın futbolçusu Aleks Baena Madrid klubunun üzvü Federiko Valverdedən polisə şikayət edib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Valverdenin Baenanın yumruqla vurması olub. Hadisə oyundan sonra "Real"ın stadionu "Santyaqo Bernabeu"nun avtoparkında yaşanıb.
Görüş ərzində iki futbolçu arasında gərginliklər yaşanıb. Nəticədə oyundan sonra söhbəti "çürütmək" üçün hər iki futbolçu stadionun avtoparkında görüşüb. Dava zamanı Madrid klubunun oyunçusu Federiko Valverde "Vilyareal"dan olan həmkarını yumruqla vurub.
Baş verənlərdən sonra "Vilyareal" tərəfi Baenanın polisə şikayət etdiyini açıqlayıb. Klubun rəsmi saytında yer alan açıqlamada "Aleks Baena dünən axşam "Santyaqo Bernabeu"da avtobusa gedərkən hücuma məruz qalıb. Futbolçumuz hücumçu ilə bağlı polisə şikayət vermək qərarına gəlib. "Vilyareal"da hər cür zorakılıq hərəkətini pisləyirik" deyilir.
Əslində bu, futbolçular arasında ilk belə hal deyil. Yanvarda İspaniya Kral Kuboku çərçivəsində iki komanda arasında baş tutan görüş zamanı Baenanın Valverdeyə "Uşağın dünyaya gəlməyəcək, arvadınız onu salacaq" dediyi iddia olunub.
"Real" - "Vilyareal" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər