"Real Madrid”in futbolçuları Federiko Valverde və Orelyen Tçuameni məşq zamanı ciddi mübahisə yaşayıblar. Bildirilir ki, futbolçular arasındakı gərginlik daha sonra paltardəyişmə otağında da davam edib.
Qaynarinfo "Marca”ya istinadən xəbər verir ki, insident məşq zamanı baş verən epizoddan sonra yaranıb. İddialara görə, tərəflər bir-birini itələyib və vəziyyət az qala əlbəyaxa davaya çevrilib.
Məlumatda qeyd olunur ki, "Real Madrid”də mövsümün son hissəsində gərginlik kritik həddə çatıb. Komandadakı mənfi atmosferin son nümunəsi kimi məhz Valverde ilə Tçuameni arasında yaşanan qarşıdurma göstərilir.
Hadisənin Valdebebas bazasında indiyədək görülən ən emosional mübahisələrdən birinə çevrildiyi bildirilir. Futbolçular arasında başlayan qarşıdurmanın paltardəyişmə otağında da davam etdiyi və klub daxilində narahatlıq yaratdığı vurğulanır.
Məqalədə qeyd edilir ki, komandada parçalanma getdikcə dərinləşir. "Real Madrid”in artıq çempionluq uğrunda real şansının qalmadığı və futbolçular arasında münasibətlərin ciddi şəkildə pisləşdiyi bildirilir. Bəzi oyunçuların bir-biri ilə demək olar ki, ünsiyyət qurmadığı iddia olunur.
Həmçinin xəbərdə baş məşqçi Alvaro Arbeloa ilə münasibətlərin də gərgin olduğu qeyd edilir. İddialara görə, altı futbolçu onunla ümumiyyətlə danışmır.
Bundan əvvəl Antonio Rüdiger ilə Alvaro Karreras arasında da insident yaşandığı və bunu ispan futbolçunun özü təsdiqlədiyi xatırladılır. Klub daxilində vəziyyətin sakit göstərilməsinə baxmayaraq, komandada emosional yorğunluğun və daxili gərginliyin açıq hiss olunduğu vurğulanır.
"Real Madrid” üçün vəziyyəti daha da çətinləşdirən məqam isə bu hadisənin "El Klasiko” öncəsi baş verməsidir. Madrid təmsilçisi bazar günü "Barselona” ilə qarşılaşacaq. Kataloniya klubuna çempionluğu rəsmiləşdirmək üçün cəmi bir xal kifayət edir. Bu baş verərsə, mövsüm "Real Madrid” üçün uğursuz və gərgin sonluqla yadda qala bilər.
Aydın
Şərhlər