Restoranlarda müştəridən niyə xidmət haqqı alınır?
Bir zamanlar restoranlarda ofisiantlara könüllü olaraq verilən bəxşişlər (çaypulu) artıq məcburi hala gəlir. Ölkə restoranlarında masa haqqı, xidmət haqqı və buna bənzər digər adlar altında müştərilərdən əlavə ödənişlər tələb olunur.
Qonşu Türkiyədə isə müştəridən xidmətə görə əlavə pul tələb edilməsi qadağan olunur. Bəs Azərbaycanda vəziyyət nə yerdədir və bu nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vəziyyəti şərh edib:
"Azərbaycanda geniş yayılmış bu 'servis haqqı' çoxlu istehlakçıların, o cümlədən turistlərin böyük narazılığına səbəb olub. Məsələn, şəhərin mərkəzində oğluna ad günü etdirən bir şəxsdən sonda 15% servis haqqı tələb olunub. Ödəməyə məcbur olub, nəticədə mübahisə yaranıb".
Eyyub Hüseynov vurğulayıb ki, çaypulu anlayışı bütün dünyada mövcuddur və adətən istehlakçı xidmət göstərənə əlavə pul verir. Əksər hallarda bu, heç bir yerdə qeyd olunmur.
"Servis haqqının məcburi şəkildə istehlakçıdan alınması düşünürəm ki, doğru deyil", - deyə AİB sədri fikrini yekunlaşdırıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər