Rusiya öz hərbi aerodromlarına edilən genişmiqyaslı dron hücumlarından sonra Ukraynaya qarşı ciddi cavab zərbəsi hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” ABŞ rəsmilərinə istinadən
yazır.
ABŞ kəşfiyyat orqanları hələlik Rusiyanın konkret hansı zərbələri endirəcəyini müəyyənləşdirməyib. Lakin rəsmilər ehtimal edirlər ki, Moskva yenidən mülki obyektlərə qarşı pilotsuz aparatlarla hücumlara başlaya, enerji sistemlərini hədəfə ala və ya orta mənzilli ballistik raketlərlə yeni hücum dalğası həyata keçirə bilər.
Amerika və Avropa təhlükəsizlik xidmətlərinin ilkin hesablamalarına görə, təxminən 20 Rusiya strateji təyyarəsi ya məhv edilib, ya da ciddi şəkildə zədələnib. Bu isə Rusiyanın uzaq məsafəli zərbə imkanlarına ağır zərbə vurub.
Xüsusilə qeyd olunur ki, Rusiya altı ədəd Tu-95 və dörd ədəd Tu-22M strateji bombardmançısını, həmçinin hava hücumundan müdafiə və idarəolunan raketlərin aşkarlanmasında istifadə edilən A-50 tipli təyyarələri itirib.
Bu hücum Moskvanın strateji hərbi imkanlarına ziyan vurmaqla yanaşı, daha mühüm bir faktı – Ukraynanın Rusiyanın istənilən nöqtəsinə zərbə endirmək və 100 milyon dollar dəyərində döyüş təyyarələrini cəmi 600 dollarlıq dronlarla məhv etmək bacarığını nümayiş etdirdi. Bunu ABŞ Müdafiə Nazirliyi vurğulayıb.
Bununla belə, amerikalı rəsmilərdən biri qeyd edib ki, Rusiyanın strateji bombardmançılarına qarşı əməliyyatın tam təsirini qiymətləndirmək hələ tezdir. Bu, bir tərəfdən də Rusiya tərəfindən bəzilərinin bərpa edilə bilməsi ehtimalı ilə bağlıdır.
NYT yazır ki, həmin vəzifəli şəxs dronların "əhəmiyyətli” ziyan vurduğunu bildirib, lakin hücumun təkbaşına Rusiyanın Ukrayna ərazisindəki hücum əməliyyatlarını dayandırmasına səbəb olmayacağını da qeyd edib.
Alpər
Şərhlər