ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Argentina məhkəməsindən hamilə rusiyalı qadınların kütləvi şəkildə ölkəyə gəlməsi ilə bağlı aparılan istintaqın gedişi haqda məlumat verməyi xahiş edib. ABŞ hesab edir ki, gələcəkdə Argentina vətəndaşlığı üçün müraciət edən rusiyalıların sayının artması narahatlıq doğura bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Argentinanın "La Nacion” nəşri mənbələrə istinadən məlumat
yayıb.
La Nacion-a görə, Argentina vətəndaşları ABŞ-a on illik viza ala bilərlər ki, bu da ABŞ-ın narahatlığına səbəb olur. Həmçinin, ölkənin pasportu 170 ölkəyə vizasız səfər etməyə imkan verir, rusiyalılar üçün isə 118 ölkə vizasızdır.
Nəşrin yazdığına görə, ABŞ digər məsələlərlə yanaşı, özlərini yeni doğulmuş uşaqların atası kimi təqdim edən rusiyalı kişilərin Argentina pasportlarını almasından narahatdır. Nəşrdə başqa təfərrüatlar verilmir.
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Argentinaya "doğum turizmi” üçün gələn rusiyalıların axını artıb. Qanuna görə, yeni doğulmuş körpələr Argentina vətəndaşlığını doğum hüququ ilə alır, valideynlərə yaşayış icazəsi verilir, gələcəkdə onlar da sadələşdirilmiş qaydada vətəndaşlıq ala bilərlər. Argentinanın miqrasiya xidmətinin məlumatına görə, 2022-ci ildə 10,5 min rusiyalı qadın doğuş üçün ölkəyə gəlib. Bunlardan 7 min nəfəri ya uşağa pasport alaraq, ya da onun alınması üçün ərizə təqdim edərək Argentinanı tərk edib.
La Nacion daha əvvəl yazıb ki, araşdırma Argentina vətəndaşlığı üçün doğuş xidmətlərinin kommersiyalaşdırıldığını bildirən yerli vəkilin iddiasından sonra başlayıb. İstintaq çərçivəsində hamiləliyin son aylarında olan 350 rusiyalı qadından izahatlar alınıb. Miqrasiya xidməti, uşaqları doğulduqdan sonra bu icazəni alan və ölkəni tərk edən rusiyalılar üçün Argentinada yaşamaq icazəsinin dayandırılması planlarından da danışıb.
Fevralın 10-da Buenos-Ayres hava limanında altı hamilə rusiyalı qadın saxlanıldıqdan sonra iddia qaldırılıb. Qəzet yazır ki, daha sonra məhkəmə onlara ölkəyə "müvəqqəti buraxılış”a icazə verib və onların miqrasiya işlərinə fərdi qaydada baxılmasını qərara alıb.
Nizami Bağırov
Şərhlər