Xəbər lenti

Sahib Məmmədov: Okamponun addımları tamamilə siyasi korrupsiyadır, nüfuz alveridir
Siyasət 14:00 30.04.2026

Sahib Məmmədov: Okamponun addımları tamamilə siyasi korrupsiyadır, nüfuz alveridir

Erməni lobbisinin dəstəyi və istiqaməti ilə fəaliyyət göstərən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun Cənubi Qafqaz regionunda sülhə təhdid planları, Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək, Ermənistanda baş naziri devirmək və s. kimi niyyətləri tamamilə siyasi korrupsiyadır, nüfuz alveridir.

Bu fikirləri "Report"a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyasına nəzər saldıqda həmin şəxsin sənədin 2 və 18-ci maddələrinin tələblərini pozduğu aydın olur:

"Düzdür, 2-ci maddə publik vəzifədə bilavasitə olan şəxslərə şamil olunur. Amma Luis Okampo o kateqoriya şəxslərdəndir ki, vəzifədəykən topladığı nüfuzdan vəzifədən gedəndən sonra da sui-istifadə edir. Beləliklə, Luis Okampo nüfuz alveri ilə məşğuldur.

Konvensiyanın 18-ci maddəsi nöqteyi-nəzərindən yanaşdıqda isə heç bir mübahisəsiz bu, təmiz nüfuz alveridir. Okampo öz nüfuzundan istifadə edərək, lobbi fəaliyyəti ilə məşğul olur və buna görə də gəlir əldə edir".

S. Məmmədovun xatırladıb ki, Luis Okampo Beynəlxalq Cinayət Məhkəməsində prokuror olarkən də qərəzli mövqe tuturdu:

"Azərbaycana münasibətdə bu qərəzi sərgiləyə bilməzdi. Çünki Azərbaycan, nə yaxşı ki, Roma statutunun tərəfi deyil. Amma başqa Afrika ölkələrinə, onların liderlərinə qarşı çox ədalətsiz mövqeyi ilə seçilmiş, böyük güclərin tapşırıqları ilə cinayət işləri başlayan prokuror kimi yadda qalıb. Təsadüfi deyil ki, bu çirkin əməllərini indi də məhkəmədə topladığı nüfuzunu satmaqla davam etdirir. Okampo açıq-aşkar siyasi korrupsiya ilə məşğuldur".

S. Məmmədovun sözlərinə görə, sabiq prokuror erməni lobbisindən aldığı maddi nemətlər hesabına başqalarını da öz korrupsiya, nüfuz alveri əməllərinə cəlb edir. Bu da birbaşa hüquq pozuntusudur:

"Bu biabırçı vəziyyətlə əlaqədar Okamponun vətəndaşı olduğu ölkədə əslində ona qarşı icraat başlanmalıdır. Təəssüf ki, belə addımları görmürük. Eynilə, Avropa Parlamentinin bir sıra deputatlarının açıq-aşkar lobbi fəaliyyəti ilə məşğul olması, erməni lobbisinin maraqlarına xidmət etməsi bəlli olsa da, onlarla əlaqədar tədbirlər görülmür".

Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.
--> -->