Xəbər lenti

Sakit okean ölkələri eyni anda bütün dünyaya qarşı üsyan etdi: Tayvan, Çin, ABŞ...
Dünya 13:23 15.08.2025

Sakit okean ölkələri eyni anda bütün dünyaya qarşı üsyan etdi: Tayvan, Çin, ABŞ...

Sakit okean adaları forumuna üzv ölkələr 18 dövlət və 20-dən çox dialoq tərəfdaşını birləşdirən qurumun sentyabrda keçiriləcək liderlər sammitinə heç bir xarici tərəfdaşın dəvət olunmamasına qərar verib. 

Qaynarinfo xəbər verir ki, bu addım ev sahibi Solomon adalarına Çin tərəfindən Tayvan nümayəndələrinin görüşdən kənarlaşdırılması üçün təzyiq göstərildiyi iddiaları fonunda atılıb. Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir. Nəticədə ada ölkələri təkcə Tayvanı deyil, Çin və ABŞ da daxil olmaqla bütün xarici tərəfdaşları dəvət etməmək qərarına gəlib.

Sammit 1-3 sentyabrda Solomon adalarının paytaxtı Honiarada keçiriləcək. Qərar Fici adalarında keçirilən xarici işlər nazirlərinin görüşündə elan olunub. Forumun baş katibi Baron Vaka bildirib ki, məqsəd dünya gücləri arasında artan rəqabət şəraitində regional birliyi möhkəmləndirməkdir.

İyul ayında Solomon adalarının baş naziri Ceremi Manele Tayvanın sammitə dəvət olunmayacağını açıqlamışdı. Manele Çinə yaxın siyasətçi kimi tanınır. Bu bəyanat region ölkələrində Pekinin təsiri ilə bağlı narazılıqlara səbəb olub. Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters xarici təzyiqlərin forum daxilində parçalanmanı dərinləşdirdiyini deyib.

Çin və Honiara son illərdə təhlükəsizlik və infrastruktur sahəsində fəal əməkdaşlıq edir. 2022-ci ildə təhlükəsizlik sazişi, 2023-cü ildə isə polis əməkdaşlığı barədə razılaşma imzalanıb. Bu sənədlər Avstraliya və ABŞ-da bölgədə Çin hərbi bazasının yaranacağı ilə bağlı narahatlıq doğurub. Çin həmçinin polis hazırlığı, tələbələrə təqaüd, yol tikintisi və təmiri kimi sahələrdə Solomon adalarına yardım göstərir.

2019-cu ilə qədər Solomon adaları və Kiribati Tayvanla diplomatik əlaqələri saxlayırdı, lakin sonra rəsmi Pekinlə münasibətlər quraraq Tayvanla əlaqələri kəsib. Qərb Pekini "çek diplomatiyası” vasitəsilə Tayvanın azsaylı müttəfiqlərini öz tərəfinə çəkməkdə ittiham edib.

Bu dəfə isə Çin təsiri ilə bağlı ittihamlardan yayınmaq üçün yalnız 18 üzv dövlət dəvət edilib, ABŞ, Çin və Tayvan daxil olmaqla bütün dialoq tərəfdaşları siyahıdan çıxarılıb. Lakin qərar hər kəsi qane etməyib. Uinston Piters dostların kənarda qoyulmasının düzgün olmadığını bildirib.

Çinin Yeni Zelandiyadakı səfiri Van Syaolun Pekinin özünü forumdan kənarlaşdırmaq istədiyi iddiasını əsassız adlandırıb və ölkələrin "vahid Çin” siyasətinə sadiq qalacağını ümid etdiyini deyib. Səfirlik, foruma dəvət olunmasa da, Çin-in region ölkələri ilə iqlim təşəbbüsləri, davamlı inkişaf, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi də qərardan narazılığını bildirib və bunun 1992-ci ildə qəbul edilmiş razılaşmalara zidd olduğunu vurğulayıb. ABŞ-ın Sakit okean ölkələri ilə dialoqu və açıq əməkdaşlığı davam etdirməyə sadiq olduğu qeyd olunub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->