Orxan Saffari
Sənət 16:47 18.04.2022

"Sedmoy" uşağı niyə İstanbuldan şeir yazsın ki?

Orxan Saffari

Bitməyən və heç vaxt da bitməyəcək "nə yazmaq, yoxsa, necə yazmaq?" söhbəti, məncə, Azərbaycan, Azərbaycan yazıçıları üçün çoxdan bitməli idi. Çünki məhz Azərbaycanda necə yazmaq haqqında düşünmək, çalışmaq lazımdır. Nə yazmaq sualı olmamalıdır. Əgər bir yazıçı bu ölkədə yazmağa nəsə tapmırsa, özünü kitabın qırağı ilə vurub öldürsün. 

Görəsən, mövzu sarıdan bolluq olan ikinci belə bir ölkə varmı? Ədəbiyyatın istənilən janrı üçün ən yaxşı, ən maraqlı mövzular hər gün ətrafımızda, məhlədə, kənddə, evdə baş verir. Dedektiv əsər yazmaq istəyirsən? Kriminalistika ilə azca maraqlanmaq bəs edir ki, bir-birindən maraqlı cinayət hadisələri eşidib görəsən. Sevgi romanı istəyirsən? Nakam sevgilərdən tutmuş, qoşulub qaçan qudalara kimi hamısı bizdə. Fantastik roman yazmaq istəyirsən? Deməyə ehtiyac yoxdur, o da bizdə. 

Ümumiyyətlə, çıxıb şəhərdə, kənddə, məhlədə-zadda bir az fırlanmaq, 3-4 adamla söhbət eləmək bəs edir ki, yox yerindən bir köşə yazısı yazasan. Məsələn, mən bu köşəni əsgər yoldaşımla kitabım haqqında danışandan sonra yazmağa qərar verdim. "Hüznsov depressiya" hekayələr kitabımı əlinə alıb "Səfərov, nə yazmısan, danış da bir az" deyəndən sonra yazmışam. Bəli, bir-iki hekayə haqqında danışdım, baxdı-baxdı, dedi, mənimki balıq konservasıdı e, gecə naryadam, açıb yeyim. 

İndi Azərbaycanda mövzu tapmaqdan asan nə var? Keçənlərdə xəbərlərdə oxudum. Deməli, bir kayfulla, son dərəcə maraqlı vətəndaşımız gedib polisə şikayət edib ki, bəs, mənim evimdən narkotik oğurlanıb. Polis isə onun narkotikini oğurlayanı tapmaq istiqamətində əməliyyata başlayıb. Vallah, bundan maraqlı hadisə? 

Yaxud da, maşına oğurluğa girib, elə həmin maşında yatıb qalan vətəndaşımız. 

Əlavə nəsə deməyə də söz tapmır adam. 

Elə biri məhləmizdə olmuşdu. Marketdən qayıdan ər-arvad evi dağılmış görüb, təlaşlanırlar. Ağıla ilk gələn varsa, qızıllar və pullar olduğu üçün tez gizlətdikləri şkafa baxırlar və bu an, sən demə, oğru da qaçmağa macal tapmayaraq həmin şkafa girib. Ev yiyəsinin qeyri-ixtiyarı "sən burda neynirsən, kimsən" sualına durub deməzsənmi, avtobus gözləyirəm? 

Avtobus olmasa da, varanoka mindirdilər getdi. İndi bu dediklərim hələ sadəcə, gülməli, hər an baş verməyən xırda hadisələrdir. Görün, ətrafımızda, iş yerlərimizdə, hər gün gedib gəldiyimiz avtobusda, metroda nə qədər obraz var. Azərbaycanlı yazıçılar hər gün öz obrazları ilə yanbayan, qol-boyun olur, yeyib içir. Sadəcə, yaxşı müşahidə, bir az da istedad lazımdır ki, oturub yaza. 

Digər bir məsələdə məhz elə bunları, milli hadisələri, söhbətləri yazmaqdan qaçmaqdır. Dünya ədəbiyyatına bunları təqdim eləməkdənsə, dünyada yazılan mövzuları yazmağa çalışmaqdır problem. Sizə elə gəlmir ki, bir xarici vətəndaşa Azərbaycan mədəniyyəti, hadisələri daha çox maraqlıdır? Yoxsa, o nədi əlinə qələm alan kimi İstanbul ordan gəldi, Suriya, Noterdam belə getdi? Ay qələm qardaşım, bir dənə Binəqədiyə, Avtovağzala, "Stansiya Razin" tərəfə də bax. Bəlkə sənə lazım olan elə ordadı? Bəlkə sən məhz Bayıldan, 20-ci sahədən, üzü Bakının 32 kəndinə kimi yazmalısan? Neftçalanın "Bankə" qəsəbəsinə nə gəlib? Niyə Türkiyədə "İstanbul" şeirini çap elətdirirsən? "Abşeron" şeirini yaza bilərsən axı. Axı, sən "sedmoy"da qız sevmisən, o küçələrdə sülənmisən, aparırsan Qəssab Arifin qızını Boğaz körpüsünə ki, kuşlara simit atasan...