Xəbər lenti

ABŞ-la müharibə ərəfəsində olan ölkənin xəzinəsi: Neft, qızıl, almaz...
Dünya 18:35 04.11.2025

ABŞ-la müharibə ərəfəsində olan ölkənin xəzinəsi: Neft, qızıl, almaz...

Dünyanın ən zəngin yeraltı ehtiyatlarına sahib ölkələrdən biri olan Venesuela 303 milyard 200 milyon barel təsdiqlənmiş neft ehtiyatı ilə dünya üzrə birinci yerdə qərarlaşır. Son dövrlər Donald Trampın dəfələrlə hədələdiyi bu ölkə, həm enerji, həm də qiymətli mədən resursları ilə ABŞ-nın diqqətini cəlb edir.

Qaynarinfo xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatına görə, Venesuelada gündəlik neft hasilatı 2025-ci il etibarilə orta hesabla 1 milyon barel səviyyəsindədir. Ölkənin qərb və mərkəzi hissələrində, xüsusilə Orinoko Qurşağı və Marakaibo gölü ətrafında çıxarılan neft, Venesuela iqtisadiyyatının əsasını təşkil edir.

Venesuela Dövlət Neft Şirkəti (PDVSA)nın məlumatına əsasən, ölkə 2024-cü ildə neft ixracından təxminən 17,5 milyard dollar gəlir əldə edib. Bununla yanaşı, Venesuela 201 trilyon kub fut (TCF) həcmində təbii qaz ehtiyatı ilə dünya üzrə səkkizinci yerdədir.

Təbii qaz yataqları əsasən Paria yarımadası, Sucre və Delta Amacuro bölgələrində cəmlənib. Bu sahələr Karib dənizi və Atlantik okeanına açılan strateji mövqelərdə yerləşir.

Qızıl və digər mədən ehtiyatları

Venesuela Mərkəzi Bankının məlumatına görə, ölkə ərazisində hələ çıxarılmamış 7 min tonun üzərində potensial qızıl ehtiyatı mövcuddur. Əsas qızıl yataqları cənub-şərqdə, xüsusilə Bolivar ştatında yerləşir.

2008-ci ildə o zamankı prezident Uqo Çavesin qərarı ilə qızıl və digər mədən sektorları milliləşdirilib. Hazırda bu sahə 250 mindən çox insana məşğulluq imkanı yaradır. Bu addım hökumətə yeraltı sərvətlər üzərində tam nəzarəti bərpa etməyə imkan verib.

Ekoloji Mədənçilik İnkişafı Xalq Gücü Nazirliyinin məlumatına əsasən, ölkənin başlıca yeraltı resursları dəmir, mis, boksit, kömür, nikel, kalton, qızıl, almaz, sink və titan kimi minerallardır. Bu resurslar Venesuelanı həm iqtisadi, həm də strateji baxımdan regionun ən mühüm oyunçularından birinə çevirir.

Ölkə həm də coğrafi mövqeyi sayəsində yüksək bioloji müxtəlifliyə malikdir və bu xüsusiyyəti ilə dünyada "meqa-çeşidli” ölkələr arasında yer alır.

ABŞ ilə artan gərginlik

ABŞ, narkotik qaçaqmalçılığı ilə mübarizə səbəbi ilə Karib hövzəsinə və Sakit okeana göndərdiyi hərbi gəmilərlə bölgədə gərginliyi artırır. Venesuela prezidenti Nikolas Maduro və hökumət rəsmiləri bu addımı ölkənin təbii sərvətlərinə "göz dikmək” kimi qiymətləndirir.

Venesuela mətbuatının məlumatına görə, ABŞ-ın sentyabrdan bəri bölgədə keçirdiyi əməliyyatlar nəticəsində 57 nəfər həlak olub. Venesuela və Kolumbiya mənbələri bildirir ki, öldürülənlərin əksəriyyəti narkotik qaçaqçısı deyil, balıqçı və ya miqrantlardır.

Tramp: "Maduronun günləri sayılıdır"

ABŞ prezidenti Donald Tramp CBS kanalında yayımlanan "60 Minutes" proqramında bildirib: "Venesuela bizə çox pis davranır, yalnız narkotiklə deyil, yüz minlərlə istəmədiyimiz şəxsi - məhbusları və ruhi xəstələri ölkəmizə göndəriblər".

"Maduronun günləri sayılıdırmı?" sualına isə Tramp belə cavab verib: "Bəli, belə deyə bilərəm".

Eyni zamanda Tramp ABŞ-nın Venesuela ərazisinə hərbi müdaxilə planlarının olub-olmaması ilə bağlı sualı cavabsız qoyaraq deyib: "Bunları jurnalistlərə demərəm".

Karib hövzəsində hərbi aktivlik

Trampın imzaladığı fərmanla ABŞ ordusuna "Latın Amerikasında narkotik kartelləri ilə yerində mübarizə” tapşırığı verilib. Bu çərçivədə avqust ayının sonunda Venesuela sahillərinə sualtı qayıqlardan və döyüş gəmilərindən ibarət donanma göndərilib.

ABŞ müdafiə naziri Pit Heqset ordunun "rejim dəyişikliyi də daxil olmaqla” əməliyyatlara hazır olduğunu bildirib. Buna cavab olaraq Maduro 4,5 milyon milisdən ibarət müdafiə qüvvələrini səfərbər etdiyini və ölkənin hər cür təcavüzə qarşı hazır olduğunu açıqlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->