Xəbər lenti

Si Szinpin generalların qlobal təmizlənməsinə başladı: Səfir gizli məqsədi açıqladı
Dünya 13:10 27.01.2026

Si Szinpin generalların qlobal təmizlənməsinə başladı: Səfir gizli məqsədi açıqladı

Çin sədri Si Szinpin ali hərbi rəhbərlikdəki təmizləmələrdən yalnız korrupsiya ilə mübarizə üçün deyil, həm də silahlı qüvvələr üzərində tam nəzarəti bərpa etmək üçün istifadə edir. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Çindəki səfiri Devid Perdyu "Bloomberg”ə verdiyi müsahibədə  bildirib.

Amerikalı diplomat Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurası sədrinin müavini Can Yusya qarşı aparılan araşdırmanı "mühüm hadisə" adlandırıb. Çin hakimiyyəti daha əvvəl məlumat vermişdi ki, yüksək rütbəli məmur "intizam və qanunun ciddi şəkildə pozulması" şübhəsi ilə yoxlanılır, lakin təfərrüatlar açıqlanmayıb.
Perdyunun sözlərinə görə, hərbi rəhbərlikdəki təmizləmələr ikili xarakter daşıyır. "Mən onun sözünə inanıram ki, hazırda korrupsiya ilə mübarizə aparılır, o, orduda onilliklər boyu davam edən korrupsiyanı düzəltməyə çalışır", – deyə səfir Si Szinpini nəzərdə tutaraq bildirib.

Eyni zamanda o əlavə edib:

"Digər tərəfdən, düşünürəm ki, o, hərbçiləri üzərində tam nəzarətə malik olduğuna əmin olur".

Perdyu "The Wall Street Journal”ın Can Yusyanın guya ABŞ-a Çinin nüvə proqramı barədə məxfi məlumatlar ötürməsi ilə bağlı xəbərini birbaşa şərh etməkdən yayınıb. Çin XİN nümayəndəsi bu iddialardan xəbərsiz olduğunu bildirib.

Diplomatların məlumatına görə, Birləşmiş Qərargah rəisi Lyu Cjenlinin də adının keçdiyi bir sıra araşdırmalardan sonra, Çinin yeddi nəfərlik Mərkəzi Hərbi Şurasının tərkibində cəmi iki üzv qalıb.

Qeyd edək ki, Çin lideri Si Szinpin ölkənin silahlı qüvvələrində son onilliklərin ən böyük yenidənqurması hesab edilən addımı ataraq, özünün ən nüfuzlu hərbi müttəfiqinə qarşı araşdırmaya başlayıb. Bu addım hərbi korrupsiya və siyasi loyallıqdan uzaqlaşma halları ilə mübarizəni gücləndirməyə yönəlib.
Çin Kommunist Partiyası Mərkəzi Hərbi Şurası sədrinin iki müavinindən böyüyü və ölkənin faktiki 1 nömrəli generalı olan Can Yusya "partiya intizamının və dövlət qanunlarının ciddi şəkildə pozulmasına" görə istintaq altındadır.

Alpər

--> -->