Xəbər lenti

Solaxaylar haqqında bilinməyən 7 gerçək
Dünya 22:06 13.08.2025

Solaxaylar haqqında bilinməyən 7 gerçək

Amerikalı yazıçı, aktyor Uilyam Klod Dukenfild deyib: "Əgər beynin sol yarısı bədənin sağ yarısını idarə edirsə, deməli, yalnız solaxay insanlar həqiqətən ağıllıdır.”

Bu gün Beynəlxalq Solaxaylar Günüdür.

1976-cı ildə Solaxaylar Klubunun qurucusu Din R. Kempbell tərəfindən təsis olunan bu xüsusi gün, dünya əhalisinin təxminən 10 faizinin gündəlik həyatda qarşılaşdığı çətinliklərə diqqət çəkməyi hədəfləyir. 

Qaynarinfo solaxaylıq haqqında bilmədiyiniz yeddi faktı təqdim edir:

Tarix boyu damğalanma

Təəssüf ki, solaxaylar tarix boyu çox vaxt şeytani və ya pis niyyətli kimi qəbul edilib. Qara sehr tez-tez "sol əl yolu” kimi adlandırılıb, hətta orta əsrlərdə solaxaylar şeytanla əlbir olduqları bəhanəsi ilə tonqalda yandırılıb.

Bu stereotipin yaranmasında, Tanrının sağ əli üstün tutduğu barədə xristianlıq da daxil olmaqla bir çox dini mətnlərin vurğuları da rol oynamış ola bilər.
Tarix boyu mövcud olan bu yanaşma gündəlik dilə də yansıyıb; sol tərəf pislik, uğursuzluq və ya bacarıqsızlıqla əlaqələndirilib. Məsələn, "uğursuz” sözü latınca "sol” mənasını verən "sinister” sözündən yaranıb. Eyni şəkildə, "sağ” istiqamətini bildirən söz bir çox dildə "doğru” və ya "haqlı” mənası daşıyır. Fransızcada "gauche” bacarıqsız deməkdir; italyancada "sinistra” yenə mənfi çalar daşıyır; ispan və portuqal dillərində "por izquierda” ifadəsi rüşvət və ya gizli iş görmək mənasında işlənir; almancada "links” sözü "bacarıqsız” mənasını verən "linkisch” ilə bağlıdır.
 
Bu tip ifadələr saysız hesabsızdır. Məsələn, polyak dilində "mieć dwie lewe ręce”, holland dilində "twee linkerhanden hebben” və macar dilində "kétbalkezes” deyimlərinin hamısı "iki sol əli olmaq”, yəni bacarıqsız olmaq deməkdir.

Mürəkkəbli qələmlə yazmaq problemi

Dolma qələmlər icad edilməmişdən əvvəl, batırma qələmlə sol əllə yazmaq mürəkkəbin kağıza yayılması demək idi.
Məktəblərdə uşaqlar sağ əllə yazmağa məcbur edilirdi, hətta sol əllərinin arxadan bağlandığı hallar da qeydə alınıb. 2007-ci ildə aparılmış bir araşdırmaya görə, bu sərt və təzyiq dolu tətbiq ABŞ-dan tutmuş Rusiyaya, Tayvana qədər bir çox ölkədə geniş yayılmışdı. Araşdırmaya görə, doğuşdan solaxay olan uşaqların təxminən 59,3 faizi sağ əlini işlətməyə məcbur edilib.

Mədəni göstərişlər

Sol əllə bağlı mənfi fikirlər təkcə sehrbazlıq və bacarıqsızlıqla bitmir.

Sol əl hələ də dünyanın bir çox yerində çirkli sayılır. Məsələn, Hindistan, Pakistan, Nepal və Orta Şərqdə sol əllə bir şey qəbul etmək və ya yemək kobud davranış sayılır. İslamda şəxsi gigiyena qaydalarına görə, müsəlmanlar arasında təmizlik üçün sol əldən istifadə etmək ənənəvidir.

Kişilərdə daha çox rast gəlinir

Solaxay olmaq ehtimalı kişilərdə daha yüksəkdir. 2008-ci ildə dərc olunan "Solaxaylıqda Cinsiyyət Fərqləri: 144 Tədqiqatın Meta-Analizi” adlı araşdırmaya görə, kişilərin 23 faizi solaxaydır.

Miqren və allergiyalar

Norman Geşvind və Peter Behanın 1982-ci ildə apardığı bir araşdırma, solaxay insanlarda immun pozuntularının — allergiyalar və otoimmün xəstəliklər daxil, sağ əllilərə nisbətən statistik olaraq daha çox olduğunu göstərdi.
Həmin araşdırmada həmçinin, solaxayların miqren yaşama ehtimalının sağ əllilərdən təxminən iki dəfə çox olduğu müəyyən edilib.

Yaradıcılıq üstünlüyü varmı?

Solaxayların daha yaradıcı olduğu düşünülürsə, xəbər o qədər də pis deyil.

2021-ci ildə solaxayların beyinləri ilə bağlı araşdırma göstərib ki, solaxayların təxminən 20 faizində hərəkətlə bağlı sahələrdə beynin sağ hissəsində daha çox aktivlik müşahidə olunub. Bu göstərici sağ əllilərdə cəmi 5 faizdir.

Tədqiqatlar həmçinin, solaxay insanların müəyyən tapşırıqlarda beynin sağ yarımkürəsindən istifadə etmə ehtimalının daha yüksək olduğunun sübutudur. Bu yarımkürə yalnız məkan fərqindəliyi ilə deyil, həm də yaradıcılıqla əlaqələndirilir. Leonardo da Vinçi, Çarli Çaplin, Cimi Hendriks, Devid Boui və Kurt Kobeynin solaxay olması buna görə təəccüblü deyil.

Digər məşhur solaxaylar arasında Oprah Winfrey, Hyu Cekman, Leydi Qaqa, Prens Uilyam, Cennifer Lourens və” Simpsonlar”ın yaradıcısı Matt Groening də var. Bu da Bart Simpsonun niyə sol əli ilə yazdığını izah edir.

Heyvanlar aləmində solaxaylıq

Heyvanların çoxu əl və ayaqlarının sol və sağ olmasından asılı olmayaraq bərabər işlətsələr də,  araşdırmalar göstərir ki, kenquruların çoxu gündəlik davranışlar üçün sol pəncələrini, daha çox güc tələb edən hərəkətlər üçün isə sağ pəncələrini istifadə edirlər.

Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->