Xəbər lenti

Stressin səbəbi qadınlardır? - Alimlərin mübahisəli iddiası müzakirə yaratdı
Ölkə 12:25 17.06.2026

Stressin səbəbi qadınlardır? - Alimlərin mübahisəli iddiası müzakirə yaratdı

Danimarkalı tədqiqatçılar stress hallarının yaranma səbəbləri ilə bağlı araşdırma aparıblar. Araşdırmanın nəticələrinə görə, kişilərdə stressin böyük hissəsinin qadınlarla bağlı münasibətlər və sosial faktorlarla əlaqəli olduğu iddia edilir. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox  istifadəçi bu nəticə ilə razılaşmayaraq, stressin səbəblərinin daha dərin olduğunu və kişilərlə bağlı amillərin də əsas rol oynadığını qeyd ediblər.

Hüquq müdafiəçisi Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında Danimarka və Azərbaycan mühiti arasında ciddi fərqlərin olduğunu bildirib:

"Bu ölkələr arasında fərqləri nəzərə almaq vacibdir. Danimarkada hüquq bərabərliyi daha yüksək səviyyədə təmin olunub. Orada kişi öz hökmranlığını tətbiq edə bilmir və razılaşmadığı məsələləri açıq şəkildə təzyiq formasında ifadə etmək imkanı məhduddur. Bu da fərqli psixoloji nəticələr yaradır. Əgər həmin tədqiqatçılar Azərbaycanda araşdırma aparsalar, nəticələr fərqli ola bilər".
 


Mehriban Zeynalova əlavə edib ki, Azərbaycanda stressin formalaşmasında sosial mühit və davranış modelləri mühüm rol oynayır:

"Bizdə bəzən stressin boşaldılması düzgün olmayan davranışlarla ifadə olunur. Hüquqi və sosial mexanizmlər fərqli işləyir. Danimarkada qadınlar  daha sərbəst qərar verə bilirlər və bu qərarlar daha rahat icra olunur. Azərbaycanda isə sosial stereotiplər və məhdudiyyətlər daha güclüdür. Buna görə eyni nəticələri müqayisə etmək doğru olmaz. Kişilər stressini çıxartmaq istəyəndə bizim başımıza vururlar. Beləcə stessini çıxardılar. Danimarkada bunu tətbiq etmək qeyri-mümkündür. Davranış-düşüncə, qanunun tətbiqi fərqləri var. Biz hələ sterotiplərlə yaşadığımıza görə, hansısa haqlarımızı tələb etmək və bərabərhüquqlu yaşamaq kimi bir tələb qoya bilmirik, istədiyimiz vaxt harasa gedək və s. Ailədə razılaşdırılmış münasibətlər olmalıdır. Danimarkda qadın öz həyatı ilə bağlı qərar qəbul edirsə onu həyata keçirir. Bu baxımdan fərqlər var və onu tətbiq etmək absurd olar".

O, həmçinin qeyd edib ki, ailə münasibətlərində qarşılıqlı razılaşma və balansın qorunması əsas şərtdir.

Bahar Rüstəmli
--> -->