Xəbər lenti

Süni intellekt və müasir təhsil: yeni dövrün çağırışı (ŞƏRH)
Ölkə 17:23 05.06.2026

Süni intellekt və müasir təhsil: yeni dövrün çağırışı (ŞƏRH)

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatın bütün sahələrinə, o cümlədən təhsil sisteminə ciddi təsir göstərir. Bu dəyişimin mərkəzində isə süni intellekt dayanır.

Artıq süni intellekt yalnız texniki sahələrlə məhdudlaşmır. O, tədrisin planlaşdırılması,  qiymətləndirmə prosesləri və şagirdlərə fərdi dəstəyin göstərilməsi kimi mühüm istiqamətlərdə  aktiv rol oynayır. Təhsil müəssisələri üçün bu texnologiya daha çevik, məqsədyönlü və effektiv yanaşmalar formalaşdırmaq imkanı yaradır.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, süni intellektin təhsil proqramlarına daxil edilməsi həm də ondan düzgün istifadə ilə bağlı biliklərin çatdırılması deməkdir:

"Son zamanlarda süni intellektin həm müsbət tərəflərini görürük, həm də etik çərçivələrə riayət edilmədikdə fəsadlarını müşahidə edirik. Bu, qaçılmazdır. Mütləq şəkildə tədris proqramlarında süni intellektin transformasiyasını görəcəyik. Yetər ki, bu prosesləri düzgün şəkildə və vaxtında həyata keçirə bilək. Bəzən sui-istifadə halları onun mənfi təsirləri ilə nəticələnir. Şagirdlər süni intellekt vasitəsilə hazır tapşırıqları yerinə yetirirlər. Halbuki bu alətlər təkcə ChatGPT deyil, bir çox fərqli platformaları əhatə edir. Ona görə də süni intellektdən qaçmaq yox, ondan düzgün istifadə  etmək və müsbət təsirlərindən faydalanmaq vacibdir”.
 


İlqar Orucov qeyd edir ki, rəqəmsallaşma və onun gətirdiyi yeniliklər bütün sahələrə, xüsusilə təhsilə ciddi şəkildə nüfuz edir:

"Gələcəkdə biz rəqəmsallaşma və süni intellekt olmadan heç bir sahəni təsəvvür edə bilməyəcəyik. Onun təhsilə nüfuz etməsi xüsusilə vacibdir. Təhsil yalnız bilik deyil, həm də texnoloji yeniliklərə açıq bir sahədir. Bu baxımdan süni intellekt təkcə orta məktəblərdə deyil, təhsilin bütün pillələrində qaçılmazdır və bu sahənin inkişafına təsir edən əsas elementlərdən biridir”

İlqar Orucov süni intellekt və rəqəmsallaşmanın müəyyən risklər daşıdığını da vurğulayır:

"Bütün yeniliklərdə olduğu kimi, burada da risklərin idarə olunması vacibdir. Əsas məsələ bu texnologiyaların düzgün tətbiqi və şagirdlərin onlardan düzgün istifadə etməsidir. Süni intellekt artıq təhsil sahəsinə ciddi şəkildə nüfuz edib. Bütün nazirliklərdə, eyni zamanda rəqəmsallaşma ilə bağlı hətta müavinlər səviyyəsində statlar ayrılıb. Süni inteklektsiz təhsili təəsəvür etmək mümkün deyil. Ölkəmizdə də bu yeniliklərə açıq yanaşma var. Siyasi səviyyədə qəbul edilən qərarlar, eləcə də müvafiq  qurumların fəaliyyəti bunu göstərir. Təhsilin bütün pillələrində süni intellektin təsirlərini görəcəyik və  bunun nəticələri ona yanaşmamızdan asılı olacaq”.

Ekspert bildirib ki, süni intellekt artıq təhsil sisteminin ayrılmaz hissəsinə çevrilir:

”Onun düzgün inteqrasiyası həm tədrisin keyfiyyətini artırır, həm də yeni nəsli rəqəmsal bacarıqlarla daha güclü şəkildə  formalaşdırır”.

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 


--> -->