20 ildən artıqdır bəşəriyyətin Yerin orbitindəki evi olan Beynəlxalq Kosmik Stansiya (BKS) bu günə qədər bir nəfərin belə həyatını itirmədiyi yeganə uzunmüddətli kosmik missiya kimi fəaliyyətini davam etdirir. Lakin bu uğurun arxasında saysız-hesabsız faciələrin cəmi bir addımlığında dayanılmış anlar dayanır.
Qaynarinfo xəbər verir ki, Beynəlxalq Kosmik Stansiya yalnız bir elmi laboratoriya deyil, həm də qlobal əməkdaşlığın və mühəndis dahiliyinin simvoludur. Milyardlarla dollara başa gələn bu nəhəng qurğu fasiləsiz insanlı missiya rekorduna malikdir. Lakin ən diqqətçəkən uğur — bu illər ərzində bir nəfər astronavtın belə həyatını itirməməsidir.
Bu qeyri-adi nəticə stansiyanın təhlükəsizlik sistemlərinin və ən çətin şəraitdə çalışan heyətin peşəkarlığının sübutudur. Kosmosda sağ qalmaq heç vaxt adi bir iş deyil. BKS illər ərzində saysız texniki nasazlıq, təhlükəli kosmik tullantıların təhdidi və qəfil baş verən fövqəladə hallarla üzləşib. Bu hadisələrin hər biri asanlıqla fəlakətə çevrilə bilərdi və hər dəfə kosmos səfərlərinin nə qədər incə bir təhlükəsizlik sərhədi üzərində dayandığını xatırlatdı.
Aşağıda bu böhranların ən dramatik olanları təqdim edilir.
Dəbilqənin içində boğulma təhlükəsi: Luka Parmitano hadisəsi
BKS tarixinin ən dəhşətli anlarından biri 16 iyul 2013-cü ildə, italiyalı astronavt Luka Parmitanonun açıq kosmosda yürüşü zamanı baş verdi. Rutin tapşırıq yerinə yetirərkən Parmitano dəbilqəsinin içinin su ilə dolduğunu hiss etdi. Əvvəlcə ensəsində hiss etdiyi yaşlıq qısa müddət sonra qulaqlarını, daha sonra gözlərini və burnunu örtməyə başladı. Kosmosun mütləq vakuumunda, öz həyat dəstək sisteminin içində boğulma təhlükəsi ilə üz-üzə qalan Parmitano ağlasığmaz bir vəziyyətlə qarşılaşmışdı.
Səbəb, soyutma sistemindəki qapanma nasazlığı idi; qapalı dövriyyədə qalmalı olan su dəbilqəyə sızmışdı. Çəkiqsiz mühitdə böyüyən su damcıları üzünə yapışır, görmə qabiliyyətini demək olar ki, tamamilə məhdudlaşdırır və əlaqəni kəsirdi.
Soyuqqanlılığını qoruyan astronavt demək olar ki, kor vəziyyətdə hava kilidinə geri dönməyə nail oldu və stansiyadakı həmkarlarının köməyi ilə içəri daxil edildi. "NASA" bu hadisəni BKS tarixinin ən kritik qəzalarından biri kimi qiymətləndirdi.
Rus modulunun nəzarətsiz fırlanması: stansiyada panika anları
BKS-nin ən bahalı və təhlükəli hadisələrindən biri 2021-ci ildə, "Nauka" elmi modulunun stansiyaya birləşdirilməsindən bir neçə saat sonra baş verdi. Uğurlu görünən birləşmədən az sonra, "Nauka"nın iticiləri proqram xətası səbəbindən nəzarətsiz şəkildə işləməyə başladı.
Bu gözlənilməz qüvvə bütün stansiyanın təxminən bir yarım dövrə — yəni 540 dərəcə dönərək istiqamətini itirməsinə səbəb oldu. Günəş panellərinin enerji istehsalı və rabitə üçün düzgün istiqamətdə olması həyati əhəmiyyət daşıyırdı, buna görə bu nəzarət itkisi stansiyanın konstruktiv bütövlüyünü ciddi şəkildə təhlükəyə atdı. Yerüstü idarəetmə qrupları digər modulların iticilərini istifadə edərək tarazlığı bərpa etməyə çalışdı. Xoşbəxtlikdən, "Nauka"nın yanacağı tükəndikdən sonra stansiya stabilləşdirildi. Hadisə, sadə bir texniki xətanın belə necə böyük bir fəlakətə çevrilə biləcəyini göstərdi.
Xilasetmə kapsulundakı sızma və buraxılışın ləğvi
14 dekabr 2022-ci ildə stansiyaya birləşmiş "Soyuz MS-22" kosmik gəmisində soyuducu maye sızması aşkarlandı. Mikrometeoridin çarpması nəticəsində yarandığı güman edilən 0,8 millimetrlik dəlik kapsulun soyutma sistemini sıradan çıxardı. Bu, təkcə kapsulun daxili temperaturunun təhlükəli səviyyəyə yüksəlməsinə səbəb olmadı, həm də amerikalı və rus üç nəfərlik heyətin təxliyə vasitəsini yararsız hala gətirdi.
Problemin həlli üçün yeni bir "Soyuz" kapsulu (MS-23) pilotsuz şəkildə buraxılmalı oldu.
Səssiz təhdid: kiçik bir dəlik və təzyiq itkisi
Avqust 2018-ci ildə daha səssiz, lakin bir o qədər təhlükəli vəziyyət ortaya çıxdı. Stansiyanın daxili təzyiqi yavaş-yavaş azalmağa başladı. Araşdırma nəticəsində, "Soyuz MS-09" kapsulunun orbit modulu hissəsində cəmi 2 millimetrlik kiçik bir dəlik tapıldı. Bu dəlik uzunmüddətli perspektivdə stansiyadakı havanın tamamilə kosmosa axmasına səbəb ola bilərdi. Heyət əvvəlcə dəliyi sadə Kapton lentlə bağladı, sonra epoksi və tənziflə möhkəmləndirərək sızmanı dayandırdı. Dəliyin istehsal xətasındanmı, toqquşmadanmı, yoxsa başqa bir səbəbdənmi yarandığı hələ də tam məlum deyil.
Bu hadisələr göstərir ki, BKS yalnız elmi tədqiqat məkanı deyil, həm də insan zəkanının, soyuqqanlılığının və mühəndis biliyinin daimi sınaq meydanıdır. İndiyədək heç bir insan itkisi yaşanmamış olması fövqəladə bir uğur hekayəsi sayıla bilər, lakin hər hadisə kosmosdakı təhlükəsizliyin nə qədər incə bir sərhəd üzərində dayandığını xatırladır.
Aydın
Şərhlər