Tayvan strateji Penhu adaları yaxınlığında Çin hərbi gəmilərinin görünməsindən sonra yüksək döyüş hazırlığı vəziyyətinə keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Tayvan Müdafiə Nazirliyinin açıqlamasına görə, 27 aprel axşamı Çin Xalq Respublikasına məxsus esmines və freqat Penhu adalarının cənub-qərb sularına daxil olub. Bu ərazidə ölkənin əsas hərbi dəniz və hava bazaları yerləşir.
Çərşənbə axşamı səhər saatlarında adalar ətrafında Çin gəmilərinin sayı doqquza çatıb, eyni zamanda səmalarda 22 hərbi təyyarə aşkarlanıb.
Məlumata görə, Tayvan ordusu vəziyyəti diqqətlə izləyib və dəniz və hava qüvvələri ilə müvafiq tədbirlər görüb.
Pekin isə bu hərəkətləri "tam əsaslı və düzgün” hesab edir və gərginliyin artmasında Taypey rəhbərliyini günahlandırır.
Məqalədə qeyd olunur ki, Çin hər gün Tayvan ətrafındakı sulara və hava məkanına qüvvələr göndərərək adaya suverenlik iddiasını gücləndirməyə çalışır.
Tayvan prezidenti Lay Çin-te bu fəaliyyətləri "boz zona taktikası” adlandırıb və bunun açıq müharibəyə girmədən müdafiə qüvvələrini zəiflətməyə yönəldiyini bildirib. Onun sözlərinə görə, psixoloji təzyiq hər gün artır.
Təhlükəyə cavab olaraq Tayvan sahil mühafizəsini gücləndirməyi planlaşdırır. Ölkə rəhbərinin açıqlamasına görə, bu, dəniz və hava müşahidəsinin inteqrasiyası, həmçinin pilotsuz uçuş aparatlarının, yeni nəsil radar sistemlərinin və infraqırmızı termal görüntüləmə texnologiyalarının artırılmasını əhatə edir.
Aydın
Şərhlər