Son illərdə sürətlə artan hava çirkliliyi artıq təkcə ekoloji problem deyil, qlobal ictimai sağlamlıq böhranına çevrilib. Mütəxəssislər bildirirlər ki, hava çirkliliyi yoluxucu olmayan xəstəliklərə bağlı ölüm səbəbləri arasında üçüncü yerdə dayanır və bu vəziyyət ürək-damar xəstəlikləri, insult və hətta piylənmə ilə sıx bağlıdır.
Qaynarifno xəbər verir ki, türkiyəli mütəxəssis, doktor Nurten Elkin bu barədə danışıb: "Hava çirkliliyi sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması üçün ən böyük maneələrdən biridir. Soluduğumuz havanın keyfiyyəti birbaşa olaraq ömrümüzü və həyat keyfiyyətimizi müəyyənləşdirir".
Dr. Elkin qeyd edib ki, urbanizasiya, sənayeləşmə və fosil yanacaqlardan istifadə hava çirkliliyini kritik həddə çatdırıb: "Bu gün şəhərlərdə nəfəs aldığımız hava çox vaxt görünməz, lakin zərərli hissəciklərlə doludur. Nəqliyyat, enerji istehsalı, sənaye və meşə yanğınları havada kükürd dioksid, azot dioksid, karbonmonoksid və PM10, PM2.5 kimi zərərli maddələrin toplanmasına səbəb olur. Bu maddələr tənəffüs yollarına, ürək və damar sisteminə birbaşa zərər verir".
Elkin əlavə edib ki, hava çirkliliyi hipertoniya və tütün istifadəsindən sonra ölüm səbəbləri arasında üçüncü yerdə dayanır. Bu fakt, əslində necə böyük bir ictimai sağlamlıq təhlükəsi ilə üz-üzə olduğumuzu göstərir".
Mütəxəssisin sözlərinə görə, hava çirkliliyi yalnız tənəffüs sisteminə deyil, bütün orqanlara təsir göstərir: "Bu, ağciyərlərdən başlayaraq ürək, damar, beyin və immun sistemi də daxil olmaqla orqanizmin hər hissəsində zəncirvari təsir yaradır. Uzun müddət çirkli havaya məruz qalmaq infarkt, insult və ürək çatışmazlığı kimi ciddi xəstəliklərin riskini artırır, eyni zamanda immun sistemini zəiflədir".
Elkin həmçinin hava çirkliliyi ilə Tip 2 diabet, piylənmə, Altseymer və depressiya arasında əlaqənin elmi şəkildə sübut olunduğunu vurğulayıb: "Ümumdünya Səhiyyə Təşkilatının hesabatları göstərir ki, uzun müddət çirkli havaya məruz qalan şəxslərdə piylənmə, diabet və sinir sistemi pozğunluqları daha çox müşahidə olunur. Hətta unutqanlıq, diqqət dağınıqlığı və zehni yorğunluq kimi ‘beyin sisi’ simptomları da hava çirkliliyi ilə bağlı ola bilər".
Dr. Elkin bildirib ki, hava çirkliliyi hər kəsi təsirləndirsə də, bəzi qruplar daha həssasdır: "Körpələr, kiçik uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar ən riskli qrupdadır. Uşaqların ağciyərləri və beyinləri inkişaf mərhələsində olduğu üçün onlar daha çox zərər görürlər. Hətta ana bətnindəki körpə belə, ananın nəfəs aldığı havanın keyfiyyətindən təsirlənə bilər".
Yaşlılarda isə immun sisteminin zəifləməsi və orqanların təmizlənmə qabiliyyətinin azalması səbəbindən hava çirkliliyi ölüm riskini artırır.
ÜST-nin Qlobal Hava Keyfiyyəti Qaydalarına istinad edən Elkin deyib: "Bu qaydalar ölkələr üçün bir istinad nöqtəsidir. Hər bir ölkə şəhərlərinin hava keyfiyyətini bu standartlarla müqayisə etməli və ictimai sağlamlıq riskini dəyərləndirməlidir".
Dr. Elkinin fikrincə, hava çirkliliyini tamamilə aradan qaldırmaq uzunmüddətli məqsəddir, lakin fərdi tədbirlər bu təsiri azalda bilər: "Çirkliliyin yüksək olduğu günlərdə açıq havada qalmaqdan çəkinmək, qoruyucu maskalardan istifadə etmək, evdə havalandırmanı təmin etmək və hava təmizləyici bitkilər yetişdirmək vacibdir. C və E vitamini ilə zəngin qidalar orqanizmi oksidləşdirici maddələrə qarşı gücləndirir".
Elkin əlavə edib: "Sənaye bölgələrində və iri şəhərlərdə hava çirkliliyi səviyyəsi kənd yerlərinə nisbətən qat-qat yüksəkdir. Buna görə də şəhərsalmada yaşıllıqların artırılması, ictimai nəqliyyata üstünlük verilməsi və təmiz enerji mənbələrinin istifadəsinin genişləndirilməsi vacibdir".
Dr. Nurten Elkin yekunda bildirib ki, hava çirkliliyinə qarşı mübarizə yalnız ekoloji deyil, həm də strateji ictimai sağlamlıq məsələsi kimi qəbul edilməlidir.
Aydın
Şərhlər