Temperaturun yay aylarında 46 dərəcəyə çata bildiyi Qətərdə şəhər sakinlərinin dözülməz istidə açıq havada qala bilməsi üçün qeyri-adi texnologiyalardan istifadə olunur. Göydələnlər, qaçış yolları və hətta asfalt yüksək temperatura uyğunlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə hamuesgyemant.hu saytı yazıb.
Söhbət soyudulan səkilərdən, küçə kondisionerlərindən və günəş istiliyini əks etdirən xüsusi yol örtüklərindən gedir.
Məlumata görə, Hindistanın Banda şəhəri bu il yeddi dəfə sutka ərzində planetin ən isti məntəqələri siyahısına başçılıq edib. İranda yerləşən Dəşt-e-Lut səhrasında isə bəzi illərdə torpağın temperaturunun 80,8 dərəcəyə qədər yüksəldiyi bildirilir.
Qətərdə istilər o qədər şiddətlidir ki, yerli mühəndislərin sözlərinə görə, bu vəziyyət şəhərlərdə gündəlik həyatı iflic edə bilər. Buna görə ölkədə istidən qorunmaq üçün qeyri-standart üsullara əl atılır.
Nə ixtira edilib?
Ölkənin bir neçə rayonunda piyada və qaçış yollarının altına soyuq havanı insanların hərəkət etdiyi səthə birbaşa ötürən sistemlər quraşdırılıb. Mühəndislərin məqsədi ətrafdakı temperaturu 26-28 dərəcə səviyyəsində saxlamaq və qızmar havada belə gəzinti və qaçışı rahat etməkdir.
Məlumata görə, oxşar yanaşma Qətərin mədəniyyət məhəlləsi olan Katara kəndində də tətbiq edilib. Burada küçə kondisionerləri kafe və mağazaların ətrafındakı məkanı soyudur. Eyni texnologiyadan daha əvvəl ölkənin bir neçə futbol stadionunda da istifadə olunub.
Küçələr necə soyudulur?
Sistem lokal soyutma, istilik izolyasiyası, havanın qismən dövriyyəsi, soyuğun yığılması və rütubətin azaldılmasını birləşdirir. Burada əsas rolu sorbsiya tipli soyuducular oynayır. Onlar kompressorlar əvəzinə istilik enerjisi ilə işləyir.
Bundan əlavə, soyuq enerjinin yığılması texnologiyasından istifadə olunur. Enerji sərfiyyatının daha aşağı olduğu vaxtlarda enerji ehtiyatda saxlanılır və daha sonra tələbatın pik olduğu saatlarda istifadə edilir. Bu üsul soyutma üçün ümumi elektrik enerjisi xərclərini azaltmağa imkan verir.
Asfaltı da daha sərin edirlər
Yollar da istiyə qarşı mübarizənin bir hissəsinə çevrilib. Qətərdə günəş işığını yüksək səviyyədə əks etdirən, o cümlədən mavi piqmentli örtüklər sınaqdan keçirilir. Bu materialların asfalt səthinin temperaturunu 15-20 dərəcə azaltmağa imkan verdiyi bildirilir.
Mütəxəssislər bunun səbəbini sadə şəkildə izah edirlər: daha açıq rəngli və yüksək əks etdirmə qabiliyyətinə malik səthlər günəş şüalarını daha az udur və buna görə daha az qızır. Sıx tikililərlə əhatə olunmuş şəhərlərdə bu xüsusilə əhəmiyyətlidir. Çünki qızmış asfalt özü əlavə istilik mənbəyinə çevrilir.
Rekord uzunluqda soyudulan qaçış yolu
Qətərin Ümm-Əl-Sənim parkında dünyanın açıq havada yerləşən ən uzun soyudulan qaçış yolu var. Bu göstərici “Ginnesin dünya rekordları” kitabına da daxil edilib.
Uzunluğu 1,14 kilometr olan yol idmançılara səhranın qızmar istisində belə daha rahat şəraitdə məşq etmək imkanı verir.
Tərtibatçıların sözlərinə görə, soyutma sistemlərində güclü hava filtrasiya texnologiyasından da istifadə olunur. Bu sistem tozu, allergenləri və mikroorqanizmləri süzür. Mövcud məlumatlara əsasən, sistemlərin işləməsi üçün lazım olan enerjinin bir hissəsi günəş panellərindən əldə edilir və bəzi hallarda bu pay 60 faizi keçir.
Küçələrin soyudulması üzrə bütün layihənin dəqiq dəyəri açıqlanmayıb. Lakin həllərin miqyasını və mürəkkəbliyini nəzərə alaraq investisiyaların yüz milyonlarla dollara çata biləcəyi bildirilir.
Aydın
Şərhlər