Xəbər lenti

Dünya 14:47 14.04.2024

Tenerifedə fəallar aclıq aksiyası keçirir: "Hər şey britaniyalı və alman turistlər üçün yaradılıb"

İspaniyanın Tenerife adasında 20-yə yaxın vətəndaş təşəbbüsü "Canarias seagota" təşkilatında birləşərək Kanar adalarına turist axınına qarşı çıxıb. 

Qaynarinfo xəbər verir ki, onlar əvvəlcə Madriddə parlament binası qarşısında etiraz aksiyası keçiriblər, indi isə 10 nəfərə yaxın fəal Tenerifenin şimalındakı La Concepcion kilsəsi qarşısında açıq aclıq aksiyasına başlayıblar.

"Burada özümü əcnəbi kimi hiss edirəm, artıq özümü rahat hiss etmirəm. Sanki hər şey ucuz pivə içmək, günəşin altında uzanıb burger və kartof qızartması yemək istəyən britaniyalı və alman turistlər üçün yaradılıb", deyə Tenerifedən olan yerli rəssam "Heute"yə bildirib.

Yerli fəallar turistləri ətraf mühitin pisləşməsi, nəqliyyat sıxlığı, mənzil çatışmazlığı, izdiham, qiymət artımı və su qıtlığı, eləcə də səhiyyə sektorunu gərginləşdirməkdə günahlandırır.

Aprelin 20-də "Canarias seagota" təşkilatı mehmanxanaların və qolf meydançalarının tikintisinin dayandırılmasını, həmçinin Kanar adalarında yaşayış üçün xüsusi turist vergisinin tətbiq edilməsini tələb edən kütləvi nümayişlər keçirməyi planlaşdırır. 

Bundan əlavə, etirazçılar yerli iqtisadiyyatın şaxələndirilməsində israrlıdırlar: onlar hesab edirlər ki, Kanar adalarının təkcə turizmdən asılı olmaması üçün hakimiyyət sənaye və kənd təsərrüfatına daha çox dəstək verməlidir.

Ötən il Kanar adalarına 14 milyona yaxın əcnəbi gəlib ki, bu da 2022-ci illə müqayisədə 13% çoxdur. Bu il turistlərin sayında artım tendensiyası davam edir.

"Yoxsulluq artır, həyat keyfiyyəti aşağı düşür və siz küçələrdə əvvəlkindən daha çox evsiz insan görürsünüz. Biz sosial və ekoloji çökməyə yaxınlaşırıq. Hər şey deyəsən turizmin xidmətindədir. Əhalinin ehtiyacları nəzərə alınmır", deyə fəal Ruben Peres bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->