Dünya 13:39 04.02.2024

"Tesla"nın bəzi keçmiş və indiki rəhbərləri İlon Maskla birlikdə narkotik qəbul edib - WSJ

"Tesla"nın Direktorlar Şurasının bəzi keçmiş və indiki üzvləri onun şirkətin CEO-su İlon Maskla birlikdə narkotik istifadə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, "Tesla" və "SpaceX" şirkətlərinin bir sıra hazırkı və keçmiş direktorları Maskın narkotik vasitələrdən istifadə etməsindən xəbərdardırlar, lakin onlar bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər. "Tesla"nın Direktorlar Şurası da məsələ ilə bağlı araşdırma aparmayıb və narahatlıqlarını protokolda qeyd etməyib.

WSJ mənbələrinə görə, Mask "Tesla" Direktorlar Şurasının üzvü və "Airbnb"ın həmtəsisçisi Co Gebbia ilə görüşlərdə ketamindən istifadə edib. Qəzet yazır ki, milyarderlə yanaşı, "Tesla" Direktorlar Şurasının keçmiş üzvləri Stiv Carvetson və Antonio Qrasias, habelə iş adamının qardaşı Kimbal Mask da narkotikdən istifadə ediblər.

Jurnalistlərin bildirdiyinə görə, Mask qardaşları və yaxın adamları narkotikdən istifadə etdikləri Meksikadakı butik otellərdən birində ziyafətlərə qatılırlar. WSJ-nin məlumatına görə, Maskın şirkətdəki çevrəsi onu əsəbiləşdirməkdən qorxur, çünki iş adamı onlara sərvət qazanmağa kömək edib və Maska yaxınlığın təmin etdiyi sosial kapitalı itirmək riski ilə üzləşmək istəmir.

Yanvar ayında qəzet artıq yazmışdı ki, "Tesla" və "SpaceX"in Direktorlar Şurası Maskın narkotik vasitələrdən istifadə etdiyinə inanır, həmçinin bunun onun sahib olduğu aktivlərin taleyinə təsir edə biləcəyindən ehtiyat edir.

Biznesmenin qeyri-qanuni maddələrə aludə olması "SpaceX" ilə çoxmilyonluq dövlət müqavilələrinin bağlanmasını təhlükə altına qoya bilər. Eyni zamanda, sahibkarın vəkili Aleks Spiro bildirib ki, iş adamı mütəmadi olaraq narkotik testindən keçir. Onun sözlərinə görə, milyarderin qanında heç vaxt narkotik izi aşkarlanmayıb.

Aydın