Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu milli komandanın və "Qalatrasaray"ın sabiq baş məşqçisi Fatih Terim arasında sözlü mübahisə yaşanır.
Qaynarinfo xəbər verir ki, buna səbəb Fatih Terimin dünya çempionatının ilk oyununda milli komandanın Avstraliyaya 0:2 hesablı məğlubiyyəti olub.
Oyunla bağlı açıqlama verən Fatih Terim komandaya qarşı tənqidi yanaşmanın turnir bitənədək təxirə salınmasının vacibliyini bildirib və futbolçuların sona qədər mübarizə aparmalı olduğunu vurğulayıb:
"Özümüz üçün belə bir şüar qəbul edə bilməzdikmi: Biz kimik, nə istəyirik, hara gedirik, hədəfimiz nədir? Hər kəs bunu müəyyən edib. Bu ən normal şeydir. Hazırda buradan çıxa bilmərik kimi düşünmək düzgün deyil. Çıxa bilərik. Öz işimizi çətinləşdirdik. Turnirlərdə hər xal, hər qol çox önəmlidir. Bir qol fərqi ilə bir qrupdan çıxa bilmədik. Çexiyanı 3:1 udsaydıq, birbaşa keçirdik. 48 komanda formatında üçüncülərə də şans var. Heç kim təslim olmaq düşüncəsinə qapılmamalıdır".
"Bu oyun bitdi. Bitən hər şey yeni bir başlanğıcdır. Qarşıda iki oyunumuz var. AVRO-2008-də Portuqaliyaya 0:2 uduzduq, sonra yarımfinala qədər getdik. Türkiyə milli komandasının qarşısında iki oyun var. Əsas məsələ son oyuna qədər mübarizəni davam etdirməkdir. Bir qələbə belə hər şeyi dəyişə bilər", deyə Fatih Terim əlavə edib.
O, hər kəsi Dünya Kubokunda bir az daha tolerant olmağa çağırıb: "Onları çox tənqid etməyək. Onlar bizim canlarımızdır. Hesab sormağı turnirdən sonraya saxlayaq. Bəzən yanlış bilinən doğruları izah edəcəyəm, insanlar təəccüblənəcək. Bəzən doğru bilinən yanlışları deyəcəyəm, "nə baş verir" deyəcəklər. Bu platformada çox şey aydınlaşacaq. Lazım olsa adla, lazım olsa işarə ilə danışacağam. Ay, günəş və həqiqət gec-tez ortaya çıxır".
TFF İbrahim Hacıosmanoğlu ABŞ-ın Arizona ştatında jurnalistlərə açıqlamasında Fatih Terimin matçdan sonra səsləndirdiyi "hesab soruşmaq" məzmunlu fikirləri tənqid edib. O bildirib ki, "İmperator" ləqəbi xalq tərəfindən verilib və bu statusa uyğun davranış gözləyir:
"Onun "İmperator"a yaraşan şəkildə danışmasını istərdim. Açığı, çox təəssüfləndim. "Hesab soruşacağıq" deyir. Kimdən hesab soracaqsan?".
İbrahim Hacıosmanoğlu milli komandanın hazırkı vəziyyətini müdafiə edərək, komandanın statistik olaraq çətin bir matç keçirdiyini, lakin oyunçulara inamın davam etdiyini vurğulayıb. O, 2026 Dünya Kuboku yolunda hələ iki oyunun qaldığını xatırladıb. TFF örezidenti həmçinin komandanın əvvəlki turnirlərdə göstərdiyi nəticələri xatırladaraq, hazırkı heyətin potensialına güvəndiyini bildirib.
TFF rəhbəri çıxışında mediaya və tənqidçilərə də sərt sözlər ünvanlayıb. O, komandanı tənqid edənləri "kaftar” və "leşyeyən” adlandıraraq, onların vəziyyətdən istifadə etməyə çalışdığını iddia edib. İbrahim Hacıosmanoğlu sonda futbolçulara dəstək çağırışı edərək, bütün cavabın meydanda verilməli olduğunu bildirib. Onun sözlərinə görə, komanda qrupdan çıxmaq şansını hələ də saxlayır və növbəti oyunlar həlledici olacaq.
Aydın
Şərhlər