Çin dünyanın illik kömür istehlakının yarıdan çoxuna sahib olsa da, ölkə eyni zamanda günəş enerjisi layihələrinə böyük sərmayə yatırır. Bunlardan ən böyüyü Tibet yaylasında təxminən 420 kvadrat kilometr ərazini əhatə edən "Gonghe" fotovoltaik parkıdır.
Qaynarinfo BGR-yə istinadən xəbər verir ki, günəş elektrik stansiyaları ətrafdakı səhralıq mühiti tədricən dəyişdirir: günəş panelləri torpaq üçün daha əlverişli şərait yaradır və bitki örtüyünün artmasına səbəb olur. Eyni bölgədə yerləşən Talatan günəş parkı isə yerli fermerlərlə razılaşma imzalayaraq ərazidə qoyunların otarılmasına imkan yaradır. Bu model "yaşıl enerji obyektlərinin” əhali üçün əlavə fayda yarada biləcəyini göstərir.
Qeyd olunur ki, "günəş otarılması” adlanan yanaşma qoyunların ərazidə təbii "sahə təmizləyicisi” kimi istifadə edilməsini nəzərdə tutur. Panellərin altında bitən otlar günəş işığını bloklaya və ya yanğın riski yarada biləcək qədər böyüyə bilir. Qoyunlar isə panellərin yaratdığı kölgədən istifadə edərək həmin ərazilərdə rahat şəkildə otlayır.
Qoyunlar panellərin dayaqları arasındakı dar boşluqlara da daxil olaraq təbii "çəmənbiçən” rolunu oynayır. Bundan əlavə, fermerlər bu yolla əlavə gəlir əldə edirlər.
Məlumata görə, Talatan günəş parkında panellər hətta heyvanların hərəkəti nəzərə alınaraq dəyişdirilib və bir qədər yüksək quraşdırılıb ki, qoyunlar rahat şəkildə alt hissədə otlaya bilsin.
Bildirilib ki, günəş panelləri təkcə təmiz enerji istehsal etmir, həm də əlavə ekoloji və iqtisadi faydalar yaradır. Ayrı-ayrı tədqiqatlar göstərib ki, bu qurğuların altındakı torpaq daha sağlam olur və bu da biomüxtəlifliyin artmasına töhfə verir.
Aydın
Şərhlər