Sloveniyanın Şaleşka vadisi II Dünya müharibəsindən sonra sürətli sənayeləşmə nəticəsində köklü şəkildə dəyişərək Avropada analoqu az olan landşaftlardan birinə çevrilib. Vaxtilə kəndlərin yerləşdiyi ərazilərdə bu gün süni göllər mövcuddur.
Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, Şaleşka vadisində vaxtilə bütöv yaşayış məntəqələri yerləşsə də, hazırda həmin ərazilər su altında qalıb. Yeni yaranan göllər həm bölgənin keçmişini xatırladır, həm də onun yeni inkişaf mərhələsini simvolizə edir.
Mədənçilik landşaftı dəyişdirib
Bölgədə qonur kömür hasilatına XIX əsrin sonlarında başlanılıb. İkinci Dünya müharibəsindən sonra isə kömür keçmiş Yuqoslaviyanın sənaye və enerji siyasətinin əsas dayaqlarından birinə çevrildiyi üçün hasilat sürətlə genişlənib.
Velenye şəhəri yaxınlığında bəzi yerlərdə qalınlığı 160 metri keçən iri qonur kömür layları yerləşir.
Lakin bu qədər qalın kömür qatının çıxarılması nəticəsində yeraltı boşluqlar yaranıb, süxurlar çatlayaraq tədricən çökməyə başlayıb. Nəticədə əvvəlcə əkin sahələri və yollar deformasiyaya uğrayıb, daha sonra isə yaranan çökəkliklər yağış və axar sularla dolaraq göllərə çevrilib.
Üç əsas göl formalaşıb
İlk kiçik göl çökəklikləri Şkale mədəni ərazisində hələ İkinci Dünya müharibəsindən əvvəl yaranıb.
Sonradan məşhur Velenye gölünə çevrilən su hövzəsi 1925-ci ildə Qreqor Mexə məxsus təsərrüfatın ərazisində formalaşmağa başlayıb və yerli sakinlər tərəfindən uzun illər Plelevo gölü adlandırılıb.
Üç əsas göldən ən gənci olan Družmirye gölü isə 1975-ci ildə mədən işlərinin qərb istiqamətində – Şoştan və Haberke ərazilərinə doğru genişləndirilməsi ilə yaranmağa başlayıb və bu gün də böyüməkdə davam edir.
Sonrakı illərdə bölgədə ekoloji bərpa proqramları həyata keçirilib, yeni təbii yaşayış mühiti formalaşdırılıb, istirahət, mədəniyyət və turizm infrastrukturu inkişaf etdirilib.
Kəndlərin aqibəti necə oldu?
Nəşrin yazdığına görə, kəndlərin sərhədləri, kadastr sahələri və dini icmaların əraziləri üst-üstə düşmədiyi üçün mədənçilik onların hər birinə fərqli təsir göstərib.
Bəzi evlər su altında qalıb, digərləri təhlükə gözlənildiyi üçün əvvəlcədən sökülüb. Bir hissəsi torpağın çökməsi nəticəsində dağılıb, digər yaşayış məntəqələri isə mədən tullantıları və rekultivasiya işləri zamanı istifadə olunan torpaq qatlarının altında qalıb.
Tamamilə yoxa çıxan ən məşhur yaşayış məntəqələri Şkale, Družmirye və Preloge kəndləri hesab olunur.
Keçmiş sakinlərdən biri bildirib ki, torpaq çökməsi nəticəsində ailə evi o qədər əyilmişdi ki, boşqaba şorbanı ağzınadək doldurmaq mümkün olmurdu.
Hazırda göllərin dibində əsasən binaların bünövrələri, zirzəmilər, divar qalıqları, yollar, ağac gövdələri və vaxtilə mövcud olmuş torpaq sahələrinin izləri qalmaqdadır.
Aydın
Şərhlər