Siyasət 12:41 29.03.2023

Tofiq Zülfüqarov: “İsraildə səfirlik açan sonuncu postsovet ölkəsiyik”

"Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Azərbaycanın öz mövqeyi, müstəqil xarici siyasəti var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu gün İsraildə Azərbaycan səfirliyinin açılmasına münasibət bildirərkən deyib.
 
Sabiq nazir qeyd edib ki, Azərbaycan postsovet məkanında İsraildə səfirlik açan sonuncu ölkədir:
 


"Azərbaycan-İsrail münasibətləri çoxşaxəli və çoxvektorludur. İsraildəki dostlarımız münasibətlərimizin "aysberqə” oxşadığını bildirirlər. Yəni, görünən hissə kiçikdir, amma görünməyən hissə daha genişdir. İki xalq arasında tarixi, mənəvi əlaqələr, yaxınlıq mövcuddur. İqtisadi, siyasi əlaqələr hər zaman inkişaf edir. Onun məntiqi nəticəsi olaraq iki ölkə arasında dostluq münasibətlərini əks etdirən addımlar atılır. Nəticədə, İsraildə Azərbaycan səfirliyi açılır. 

İran uzun müddət buna qarşı çıxmağa çalışırdı. Amma onu da qeyd edək ki, postsovet məkanında İsraildə səfirlik açan sonuncu ölkəyik. Ölkəmizə irad tutanlar yaddan çıxarmasın ki, Azərbaycan da İran tərəfindən Ermənistana yönəlik bəyanatları izləyir və bir çox hallarda bu bəyanatları anti-Azərbaycan mesajları kimi qiymətləndirmək məcburiyyətindəyik”. 

Qeyd edək ki, bu gün İsraildə Azərbayan səfirliyi açılır. Bu münasibətlə Azərbaycanın xarici işlər  naziri Ceyhun Bayramov İsraildə səfərdədir. 

Rüfət Sultan