ABŞ Prezidenti Donald Trampın 2025-ci il üzrə gəlirlərinin ümumi həcmi 2,2 milyard dollar təşkil edib. Bu barədə Ağ Ev tərəfindən dərc olunan maliyyə bəyannaməsində bildirilir.
Qaynarinfo xəbər verir ki, 927 səhifədən ibarət bəyannamə ABŞ prezidentlərinin tarixində ən həcmli maliyyə hesabatlarından biri hesab olunur. Sənədə əsasən, Trampın əsas gəlir mənbələrindən biri kriptovalyuta layihələri olub.
Belə ki, o, "Trump (Celebration Coins)” memkoini üzrə royalti ödənişlərindən 635 milyon dollar, "World Liberty Financial LLC” vasitəsilə token satışlarından isə 500 milyon dollardan çox gəlir əldə edib.
Əhəmiyyətli gəlir brend məhsulların satışından da əldə olunub. Üzərində "Trump” həkk olunmuş qızıl saatların satışı 4,7 milyon dollar, "Greenwood Bible”ın (Qrinvud Müqəddəs Kitabı) xüsusi nəşri isə təxminən 208 min dollar gəlir gətirib. Bundan əlavə, Trampın adı ilə satışa çıxarılan ətirlər, idman ayaqqabıları, gitaralar və digər məhsullar da gəlir mənbələri sırasında yer alıb.
Tramp həmçinin "Berkshire Hathaway”, "Nvidia”, "Tesla”, "Apple”, "Microsoft” və "Amazon” kimi iri şirkətlərin səhmlərindən dividend gəlirləri əldə edib.
Bəyannamənin açıqlanması Vaşinqtonda geniş müzakirələrə səbəb olub. Tənqidçilər bildirirlər ki, prezidentin qəbul etdiyi qərarlar onun kriptoaktivlərinin və digər bizneslərinin dəyərinə təsir göstərə biləcəyi üçün maraqlar toqquşması riski yarana bilər.
"Bild” nəşrinin yazdığına görə, ABŞ-da ən böyük müzakirələr Trampın "Trump” memkoinindən əldə etdiyi gəlirlərlə bağlıdır. Bu memkoin 2025-ci ilin yanvarında, Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl onunla əlaqəli şirkətlər tərəfindən dövriyyəyə buraxılıb. Buraxılışdan sonra tokenin qiyməti sürətlə yüksələrək təxminən 75 dollara çatıb, daha sonra isə pik göstəricidən 97 faizdən çox ucuzlaşıb.
Analitiklərin hesablamalarına görə, bu proses nəticəsində təxminən 800 min kiçik investor ümumilikdə bir neçə milyard dollar zərərə düşüb. Bununla yanaşı, Trampla əlaqəli qurumlar royalti ödənişləri, ticarət komissiyaları və token satışları hesabına yüz milyonlarla dollar gəlir əldə ediblər.
Aydın
Şərhlər