Xəbər lenti

Könül Nuriyeva
Ölkə 14:12 22.06.2026

"İsanın incili"ndəki sonsuz suallar

"İrod yalnız qəzəbi hesabına yaşayırdı. Onu ayaq üstə saxlayan yalnız qəzəb idi…”

"İosiflə Məryəmin oğlu bütün insan oğulları kimi - anasının qanına bələnmiş, hər yanı selikli, öz əzabını dinməz çəkən məxluq kimi doğuldu. Sonra ona görə ağladı ki, onu məcbur etdilər".

"Məryəmin hərəsi bir tərəfə baxan ayaqlarının arasında mamaça dizi üstə çökdü. Çünki qadın həm toxumu qəbul etmək üçün, həm də bətninin meyvəsini vermək üçün ayaqlarını geniş açmalıdır".

Portuqal ədəbiyyatının dahi siması, Nobel mükafatçısı Joze Saramaqonun 1991-cü ildə nəşr olunan "İsanın incili" romanı, dünya ədəbiyyatı tarixinin ən cəsarətli, fəlsəfi və ziddiyyətli əsərlərindən biridir.

Kitab işıq üzü görəndə katolik kilsəsinin və Portuqaliya hökumətinin qəzəbinə tuş gəldi, hətta Avropa ədəbiyyat mükafatının namizədliyindən çıxarıldı. Bu böyük senzura və hücumlardan sonra sarsılan Saramaqo ölkəsini tərk edərək Kanar adalarına köçdü və ömrünün sonuna qədər orada yaşadı.

Görəsən, Saramaqo bu romanda nə yazmışdı ki, yer yerindən oynadı?

Romanın əsas fəlsəfəsi sadə şəkildə verilsə də, çox dərindir. Müəllif ilahiləşdirilmiş İsanı insaniləşdirir.

Saramaqo qatı bir ateist və humanist idi. Onun məqsədi İsanı göylərdən yerə endirmək, onu rəsmi dinlərin təqdim etdiyi "müqəddəs və qüsursuz Tanrı oğlu" qəlibindən çıxarıb, əti, qanı, qorxuları, şəhvəti, şübhələri və vicdan əzabı olan real bir insan kimi göstərmək idi.

Romanda hadisələr İncildəki xronologiyaya bənzər şəkildə irəliləsə də, motivlər və personajların daxili dünyası tamamilə fərqlidir.

Atanın günahı və İsanın mirası diqqəti çəkən əsas süjet xəttidir.

Əsərdə İsanın yer üzündəki atası Cozef, yəni Yusif müqəddəs fiqur deyil. O, Kral Hirodun Betleyemdəki bütün körpələri qətlə yetirəcəyini qabaqcadan eşidir. Öz canını və ailəsini qurtarmaq üçün gizlicə qaça bilsə də, şəhərdəki digər günahsız körpələri xəbərdar etmir, onları ölümə tərk edir. Cozef ömrünün sonuna qədər bu vicdan əzabı ilə yaşayır və sonra romalılar tərəfindən çarmıxa çəkilir. Atasından İsaya miras qalan yeganə şey isə Tanrının lütfü deyil, məhz bu "genetik günah hissi" və qorxulu yuxulardır.

İkinci əsas məqam müəllifin Tanrı və şeytanı eyni sikkənin iki üzü kimi təqdim etməsidir. Bu isə dindarlar üçün cox ciddi məsələdir. Təkcə bu cümlənin yazılması, dilə gətrilməsi dinşünasların kəskin və böyük etirazına səbəb ola bilər və bildi.

Saramaqo yaradıcılığının ən dahiyanə fəlsəfi dialoqu İsa, Tanrı və Şeytanın dənizdə, dumanın içindəki qayıqda keçən söhbətidir. Şeytanı müəllif öz əsərində Pastor, yəni çoban kimi oxucuya təqdim edir.

Saramaqonun bu əsərində Tanrı romanda mütləq sevgi deyil, eqoist, amansız, hakimiyyət həvəskarı bir strateqdir. O, İsaya deyir ki, mənə daha çox insanın inanması və sərhədlərimi genişləndirmək üçün bir "qurban" lazımdır. Sən ölməlisən ki, sənin ölümünün üzərində böyük bir din qura bilim. 

Bu fikirlər əsrlərlə insanların beynində olan ədalətli, tək, günahsız Allah fikrinə ciddi təhlükə sayılırdı. Saramaqoya edilən hücumlar məhz bu səbəblərdən qaynaqlanırdı.

Şeytan isə bu ssenariyə qarşı çıxır. O, Tanrıya təklif edir ki, gəl bu oyundan vaz keçək, mən sənə tabe olum, təki gələcəkdə bu din adına milyonlarla günahsız insan - yəni səlib yürüşləri, inkvizisiya, müharibələr - qətlə yetirilməsin. Lakin Tanrı bunu rədd edir, çünki onun böyümək üçün qana və müharibələrə ehtiyacı var.

Əsərdə digər əsas xətt Maqdalenanın, yəni Məryəmin sevgi məsələsidir.

Kilsənin "günahkar fahişə" kimi təqdim etdiyi Məryəm, yəni Mari Maqdalena Saramaqonun romanında İsanı həqiqətən anlayan, ona mənəvi rahatlıq, ev, sevgi və bədənini bəxş edən yeganə varlıqdır. İsa günahı, paklığı və dünyanı kilsənin ehkamları ilə deyil, bu qadının saf sevgisi ilə öyrənir.

Romanın kulminasiya nöqtəsi İsanın çarmıxa çəkilmə anıdır. İncildə İsanın son sözləri "Tanrım, məni niyə tərk etdin?" olursa, Saramaqonun İsa peyğəmbəri isə göyə baxaraq bu dəhşətli həqiqəti qışqırır: "İnsanlar, onu bağışlayın, çünki o, nə etdiyini bilmir!"

Buradakı "o" Tanrının özüdür. İsa başa düşür ki, o, bəşəriyyəti xilas etmək üçün deyil, sadəcə Tanrının siyasi və teoloji ambisiyalarını təmin etmək üçün qurulmuş amansız bir teatr oyununun qurbanıdır.

"İsanın incili" yazıçının özünəməxsus üslubu ilə qələmə alınıb; uzun, nəfəs almadan yazılan cümlələr, demək olar ki, yox dərəcəsində olan durğu işarələri və dialoqların mətnin içində əridilməsi. Bu texnika oxucuda sanki qədim bir əlyazmanı, həqiqi və gizli saxlanmış bir İncili oxumaq effekti yaradır.

Saramaqo dini təhqir etmir; o, din xadimlərinin və tarixin yaratdığı "Tanrı" obrazının amansızlığını sorğulayır və insanın dəyərini hər şeydən uca tutur.

"İosif və Məryəm günahsız doğulmuş uşağın halına acıyaraq düşünürdülər - uşaqlar həmişə onları əkmiş atalarının və bətnində yetişdirərək həyata gətirən analarının ucbatından ölürlər, zira doğulmasaydılar, ölməzdilər". Bu fikri bu gün ailələrdə və cəmiyyətdə məhz valideynləri tərəfindən psixoloji və mənəvi olaraq, hər gün yavaş-yavaş öldürülən uşaqlara da aid etmək olar. Hirsi-hikkəsi, evdəki böyüklük ədası, qısqanclığı, "qaydaları pozmaq olmaz"ları, ənənələrdə boğulması, kiflənmiş məhəllə, qonşu qınaqları valideynlərin "nə deyər"ləri ilə birləşəndə, eyni problemlər min il əvvəlki kimi bu gün də aktualdır.

Saramaqonun qəhrəmanı ölümü necə ifadə etmək lazım gələndə tərəddüd etmir və deyir ki, ağlasığmaz ifadəmə görə üzr istəyirəm, təxminən, zamanla məhdudlaşdırılmış bir ölüm veriləcək və bu ölməzlik artıq bizimlə olmayan insanları nə qədər xatırlayırıq, nə qədər seviriksə, bir o qədər də davam edəcək.

"İsanın İncili" əsərində Tanrı haqqında düşüncələr oxucunu dəfələrlə və hər dəfəsində daha mənalı şəkildə, buz kimi suya salıb çıxardır. Müəllif oxucuya düşüncələrində yenilik, uşaqlıqdan Allah haqqında beyninə qoyulmuş fikrirləri dəyişmək istəyi, "dərk et və sev" kimi özünüaraşdırma ideyaları aşılayır. Müəllif deyir ki, əgər Tanrı, həqiqətən bütün məxluqların, həm heyvan, həm insanların atasıdırsa, bu qırğına necə sevinə bilər?" 

Qırğın deyərkən, əsərdəki məbəd və paklaşma mərasimində göyərçinlərin, günahsız heyvanların qanının axıdılması nəzərdə tutulur. 

Məni fikir götürür və düşünürəm ki, qan və paklık bir qütbün ən uzaq tərəfləri deyilmi?

Məryəmin təmizlənməsi göyərçinin başının üzülməsi ilə icra edilir. Əsl təmizlənmədən isə söhbət gedə bilməz. İnsanların, xüsusən də qadınların buna ümid bağlamaları tamam mənasız şeydir, söhbət yalnız ondan gedir ki, qadın doğuşdan bəri bəlli müddətini başa vurub, artıq hər şey əvvəlki kimidir, yer üzündə iki göyərçin azaldı, bir oğlan artdı". Elə isə əsrlərdən bəri dindar heyətin adi insanları aldatma səbəbi nədir, insanlar niyə belə səylə aldanmaq istəyirlər?

Ruhun nicatı, şüurun sağalması göyərçinin ölümü ilə olurmu, bununla özünü aldatmaq gülünc deyilmi?

Əsərdə sevgi motivləri azdır, bu azlığı Saramaqo belə ifadə edir: "Sevgi kəlməsini ifadə etməyə söz tapılmır, məsələ ondadır ki, söz nə qədər desən var, amma sevginin özü yoxdur".

İosif Tanrı ilə eyni əzabı çəkir, dülgərin evi, həyəti uşaqla doludur, amma adama elə gəlir ki, bu həyət də, bu ev də bomboşdur. Əgər "Tanrı heç vaxt yatmır" ifadəsi dillərdə gəzirsə, bizi maraq götürür və ona "niyə yatmır" sualını verməyə müəllif özündə güc tapır. Əgər yatmırsa, Vifliyemdə 25 uşaq qılıncdan keçiriləndə, o, oyaq qalıb nə edirdi? - biz oxucu olaraq bu sualı düşünürük. Mənəvi dünyamızı qarışıq hisslər bürüyür.

Romanda qadına münasibətə gəldikdə isə İosifin Məryəmlə davranışını göstərmək olar. Əslində bu davranış zəmanənin qadına vermədiyi hörmət, verdiyi qiymətsizlik idi. Uşağını dərsdən götürən Məryəm onun təhsildəki uğurları ilə maraqlanmaq ixtiyarına sahib deyildi. Məktəbin müdiri demişdi ki, qanunu qadınların ixtiyarına verməkdənsə, oda atmaq yaxşıdır, bizim məqsədimiz qadına yerini göstərmək, dəyərsizliyini yaddan çıxarmasına imkan verməməkdir.

İosif isə Vifliyemdə körpələrin qətlinin qarşısını ala biləcəyi gündən, arvadı Məryəmin yanına belə tez-tez və həvəslə girirdi, sonrakı nəticələr barədə düşünmürdü, ona mənəvi ağrı verən vicdan əzabından canını qurtarmaq üçün arvadını alətə çevirmişdi.

Qadınlara soruşmaq icazəsi verilmirdi, ancaq qulaq asa bilərdilər. Burda qadınlar dinməzcə ağlayırdılar, göz yaşlarını udmağı öyrənmişdilər. Saramaqo yazır ki, "onlar elə güldükləri qədər ağlayırlar, amma bu, heç də düz deyil, çünki gülüş cingiltili, göz yaşları laldır".

Qadınlar özlərinə qarşı biganə idilər, özləri üçün heç idilər, heçlikdə isə - nə yaxın, nə uzaq - gözə dəyəsi heç nə olmur, axı olmayan şeyə necə zilləyəsən gözünü?!

Yazıçı roman boyu Tanrı ilə arasındakı izahat mübadiləsindən əl çəkməyib. Qadının durumunu dəqiq verib. Özünüdərkdə Hesseni xatırladıb. Zalım çarı, həyatını seçmək üçün yola çıxan gənci, gizli vicdan əzabının qovurduğu atanı və roman boyu susaraq danışan və bizə görə ən dərin xarakterə malik ananı oxucuya öz istədiyi kimi çatdırıb.

"Mələklərin əlindən çox işlər gəlsə də, gücləri sonsuz deyil - bu cəhətdən onlar Tanrıya bənzəyirlər - bizi ölümdən əbədilik qoruya bilməzlər".

"Tanrım, elə bir gün gələcəkmi, yanımıza gəlib, öz övladların qarşısında günahlarını etiraf edəsən?" - sualını verən yazıçı Tanrıya inanıb-inanmamaq, dua ilə bəladan uzaqlaşmanın mümkün və ya mümkünsüz olması seçimini bizim ixtiyarımıza buraxıb, həm də özü get-gəllərdə qalmayıb, qəti fikri var, amma oxucuya söyləməyi naməlum sonraya saxlayıb. Həm özünüzü aydınladın, həm mənim gizli saxladığımı tapın! - demək istəyib.

Çoxsaylı suallarımıza cavab üçün bu kitabı oxudum, amma yazıçının sualları daha çox idi və Saramaqo oxucusunu hər sualı ilə daha da şübhələrə salır. Yadımda qalan bu məqam üzərində hələ də düşünürəm: Niyə Pərvərdigar İsaakı xilas etmək istədi və niyə günahsız körpələrdən ölüm təhlükəsini kənarlaşdırmaq üçün heç nə etmədi və o körpələr elə Avraamın oğlu kimi günahsız olsalar da, Tanrı dərgahında özlərinə mərhəmət qazanmadılar?

Bu günümüzlə həmahəng səslənirmi?

Könül Nuriyeva
--> -->